Gəncədə də Heydər Əliyevin 103-cü ildönümü keçirildi - Fotolar

gencede-de-heyder-eliyevin-103-cu-ildonumu-kecirildi
Oxunma sayı: 420

Gəncədə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhərində formalaşmış memarlıq mühiti” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan konfransda ŞİH başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə şəhər hərbi prokuroru Emin Vəliyev, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin birinci və ikinci hakimiyyəti illərində siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxış keçirilib.

Tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Niyazi Bayramov bildirib ki, Ulu Öndərin Gəncəyə olan münasibəti həmişə fərqli və səmimi olub: “Ulu Öndər Heydər Əliyev Gəncəyə gələndə sadəcə rəsmi açılışlar etməzdi. O, insanlarla səmimi ünsiyyət qurar, hər bir gəncəlisinin qayğısı ilə maraqlanardı. Məhz bu səmimiyyət və xalq sevgisi bu gün Gəncənin simasında yaşayır”. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilir. Ulu Öndərin ən böyük vəsiyyəti olan torpaqlarımızın azadlığı artıq reallıqdır və biz bu gün bu tədbiri qalib bir xalqın nümayəndələri kimi keçiririk.

Bayram Aslanov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Onun müəyyən etdiyi siyasi kurs ölkəmizin davamlı inkişafını təmin edib, Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirib. Bu siyasət bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.

Tədbirin davamında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, SN “Gəncə Tibb Kolleci” PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev və “Gəncə Əlvan Metal Emalı” ASC-nin İdarə Heyətinin sədri Nurəddin Hüseynov çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində Gəncə şəhərinin planlı şəkildə böyüdülməsi, yeni yaşayış massivlərinin salınması, təşəbbüsü ilə Gəncənin ölkənin mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi, həmçinin ölkənin ikinci böyük şəhərində səhiyyənin inkişafı istiqamətində görülən işlərdən bəhs olunub.

Yekunda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.