“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, hadisə aprelin 10-da qeydə alınıb, bir neçə nəfərin iştirakı ilə baş vermiş davada bıçaqlanan olub. Davanın iştirakçılarından biri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev olub.
O, hadisə yerindən qaçaraq gizlənib. Dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanılıb.
Xəbərə görə, hadisədən xəbər tutan general çox qəzəblənib və oğlunu taparaq əvvəlcə özü tənbeh edib, daha sonra onu polisə təhvil verib və barəsində həbs-qətimkan tədbiri seçilməsində israr edib.
Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb. Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Baş Prokurorluqdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.
İnsidentlə bağlı virtualaz.org saytı DİN-in mətbuat xidmətindən və Yasamal RPİ 26-cı polis bölməsindən şərh ala bilməyib.
Bununla belə hüquq-mühafizə orqanlarındakı mənbələrdən belə hadisənin baş verdiyini sayta təsdiqləyiblər. Mənbənin bildirdiyinə görə generalın oğlunu adı xuliqanlıq əməlində keçir və faktla bağlı araşdırma başladılıb, dava iştirakçıları saxlanılıb və onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır. Onun xanımı bir neçə il əvvəl ağır xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər.
Lakin generalın oğlu onlara tabe olmayıb, polisləri söyüb və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmışdılar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparmışdılar.
***
Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Tamerlan Əsədullayev həmin adamı bıçaqlamaqda ittiham olunur.
Məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə Tamerlan barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Son xəbərlər
Son Xəbərlər