Göyçayda 14 yaşlı qız ərə verilib? - Açıqlama

goycayda-14-yasli-qiz-ere-verilib
Oxunma sayı: 4389

Göyçayda 14 yaşlı qız ərə verilməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, rayonun Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyu keçirilməsi nəzərdə tutulub. Artıq toy üçün hazırlıqlar getdiyini bildirib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb: “Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

***

Mahir Məsimov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb: "Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir".