“Sülh küçəsində sevgi”
Bizim məktəbdən daha çox, sıxıcı dərslərdən qaçıb küçələrdə şuluqluq salmaq barədə çox xatirələrimiz vardı. Son iki ilimizdəki dərs saatlarımızı “Playstation” salonlarıyla, darıxdırıcı dərslikləri oyun bilgisayarlarının pultlarıyla əvəzləyərək keçirmişdik. Belə şuluğluqlara görə direktorun qəzəbinə tuş gəlib sinifdə saxlananlar da olmuşdu. Amma biz dörd dost bu qəzəbdən yan keçməyi bacarmışdıq. Məktəb illərində məktəbə, müəllimlərə qarşı içimizdə ciddi qiyam duyğuları əsirdi. Bu əsla dərslərimizi oxumamağa görə yox, sovet dönəmindən qalma müəllimlərin bizi anlamamsıyla bağlıydı. Tarix boyu təkrarlanan böyüklərin kiçikləri anlamaması sindiromu bizdən yan keçməmişdi. Bəlkə də daha qəddar və amansızdı. İçimizdəki qəzəb bizə bəzən gecələr məktəbin şüşələrini qırmağa, dərs saatlarında dərsdən bəhanələrlə çıxıb ayağyolu və boş siniflərin qapılarını sındırmağa təhrik edirdi. Biz anlayırdıq ki, düz iş görmürük. Biz anlayırdıq ki, nə isə qırmaqla heç nə düzəlməyəcək. Biz anlayırdıq ki, gələcək şagirdlərin söyüşlərindən yan qaça bilməyəcəyik. Amma uşaq ağlımız özümüzü sivil şəkildə müdafiə etməyə yetmirdi. Bəzən valdeyinlərimiz də bizi anlamırdı. Buna görə 1990-2010 illərində oxuyan məktəbli gəncləri ən qəzəbli nəsil saya bilərik. Bizi demək olar ki, özümüzdən savayı heç kim anlamırdı. Amma biz sonralar anladıq ki, müstəqillik dönəminin ən önəmli iştirakçıları da biz olacayıq. Biz keçmişdən qalan idealogyaları dağıtmağa məhkum idik. Yeni dəyərlər yaratmalıydıq bu qarmaqarışığın içində.
Amma heç zaman bizim, yəni dörd dostun dəcəllikləri üzə çıxmadı. Bizi heç zaman dəcəllik üstə yaxalayan olmadı. Bəlkə də bu bizim bu işlər üzrə “peşəkar” olmağımızdan irəli gəlirdi. Bizə görə hər gün məktəbin avara uşaqlarını günahkar bilirdilər. Dörd nəfərlik, əslində saylarını bilmədikləri naməlum “biz” amili problemə çevrilmişdi. Hətta günlərin birində vəziyyət o həddə çatdı ki, adlarını yadda saxlamadığım uşaqlardan beşi iki gün valdeyinlərinin razılığı ilə polis bölməsində saxlanıldı. Biz elə ilk günün axşamında yenidən məktəbin yeni düzəldilmiş pəncərələrinə hücum çəkdik ki, onların günahkar olmadığını bilib buraxsınlar. Onları daha bir gün sonra buraxdılar. Düşünürdülər ki, onları daha bir gün orada saxlasalar yenidən eyni qiyamı təkrarlayacağdıq. Amma biz uşaq olsaq da, oyuna gəlmədik. Direktorumuzun günahkarları tapmadığını bilib axmaq vəziyyətinə düşdüyünü anlayarkən üz cizgilərini heç zaman unuda bilmərəm. Amma biz bir daha bu cür şıltaqlıq etməyə curət tapa bilmədik. Bəzən gecələr gəlib məktəbin polis və artırılmış mühafizəçilər tərəfindən necə qorunduğuna tamaşa edib gülürdük. Onlarla yaxşıca məzələnib qisas aldığımıza sevinirdik. Bir gün Əlinin valdeyinləri onun gecə evdən gizlicə çıxdığını görmüşdülər. Növbəti gün Əlini atası izləyərək məktəb həndəvərinə gəlib biznən burada görüşdüyünü görmüş və bizi görüşdüyümüz gecə kimi sakitcə başa salmışdı ki, bir daha belə etməyək. Hətta gözümüzü şəhərdə artan, daim uşaqları oğurlamaqla məşğul olan orqan alverçiləri ilə də qorxuzmuşdu. Bəxtimiz gətirmişdi ki, biz həmin gündə şüşələri sındırmağı çoxdan tərgitmişdik. Əlinin atasının bizi bu iş üstə tutmasının axrını təsəvvür etmək istəməzdim. Daha sonra İsmayıl, Anar və mən yalvar-yaxar edib olanları valdeyinlərimizə çatdırmamağı istəyəndə bunu heç zaman heç kimə deməyəcəyinə and içmişdi. Beləcə gecə görüşlərimiz azalanda yatmaqda çətinlik çəkirdim. O zamanlar mobil telefonlar,feysbuk kimi sosial şəbəkələr geniş yayılmamışdı ki, baş qatasan. Elə həmin vaxtlarda da gecələr gizlicə yatdığım otaqda televizordan qorxulu və mistik filimlərə baxıb fantastik hekayələr yazmağa başladım. “Ulduz yolu” filminin bir seryasın ötürmək barədə düşünməyim belə əzablı olurdu. İlk yazdıqlarım əsasən filimlərdən gördüklərimi təsvir etməkdən ibarət idi. Personajlara qoyduğum adlar da xarici flimlərdən eşitdiklərim – Con, Culiya, Eşton – tipli adlar olardı. Başqa planetlərdə mövcud ola biləcək həyatın, astral səyahətlərin, qorxu dolu flimlərin epizodlarının yazılı təsvirini daha çox sevərdim. Daha sonra Ayzek Əzimovun romanlarına dadandım. Pyer Bülün “İntəhasız gecə” əsəri mənə söylədi ki, mən də öz xəyallarımdan belə şeylər yazıb-yarada bilərəm. Anam gecələr televizya izləməyimə mane olsa da, yazmağa başlayanda “Çalış tez yat, səhər məktəbdə olmalısan”dan başqa heç nə demirdi. Bir növ avaraçılığın daşını atıb qələmə, vərəqlərə vurulmağıma içdən sevinirdi. Bunu büruzə verməsə də, hiss edirdim. Altıncı günlər ən ideal günlərim idi. Səhər bazar olduğundan anam məktəbə getmək üçün tez yatmalı olduğumu da xatırlatmırdı və mən bütün gecə oyaq qalıb yazır, bazar günlərini isə yatırdım. Yay tətillərində dəniz kənarında daha çox vaxt keçirsəm də, gündüzlərə nisbətdə sərin keçən gecələrdə yenə də dayanmadan yazırdım.
Bir qədər böyüyəndə Nobel almış yazıçıların kitabların oxuyanda onlarda fantastik xəttin az olduqunu görüb kədərlənirdim. Məndə elə düşüncə yaranmışdı ki, fantastik əsərlər heç vaxt uğur qazana bilməz. Onları yalnız Amerkada xoşlayırlar və amerkalılar da ucdantutma axmaqdı. Məktəbimizin kitabxanaçı qızından fantastik əsərlər istəyəndə onun “Fantastik əsərləri necə oxuyursan? Bunlar hamsı boş şeydir. Gəl sənə “Səfilləri” verim, oxu.” deməsiylə gecə bütün yazdıqlarımı cırıb zibil salafanına dolduraraq zibillikdə yandırmağım bir oldu. Onun mənə verdiyi “Səfillər”i də oxumağa heç başlaya bilmədim. Kitabın birinci cildinin qalınlığından qorxmuşdum bəlkə də. Amma nə biləydim ki, gözəl qızların məsləhətləri həmişə axmaq olur.
Sonralar öz əllərimlə yazdığım əsərləri elə öz əllərimlə necə cırıb yandırmağım yadıma düşəndə o qızı söymədən dayana bilmirdim. Onun məsləhətinin mənə verdiyi təəssüf məhəbbət hekayələrində aldadılmış məşuq obrazından da ötədə idi. Bəzən əsəbimdən evdə otağ boyu var-gəl edir, əvvəl yazdıqlarımı yenidən mürəkkəblə vərəqə döşəmək istəyirdim. Amma məndə bir daha alınmadı. İndi fantastikadan daha çox real olanlardan yazırdım. Amma bunları da heç özüm bəyənmirdim. Hərdən düşünürdüm ki, yazdıqlarımı cırıb yandırmasaydım, bəlkə də nə vaxtsa keçmiş yazılarımdan ruhlanıb Culiana Rolinqin Harry Poteri kimi möhtəşəm obrazlar yarada bilərdim. Amma artıq gec idi. Hər şeyi yenidən başlamağa qərar verdim. Hər nə də olsa, atalar demişkən “Su gələn arxa bir də gələr.” misalına inanmaqdan başqa çarəm qalmamışdı. Bəzən böyüklərin atalardan misal çəkəndə kinayə ilə “Atalar bu sözləri deyəndə içkili olub.” deyib lağ etməyimi də artıq unutmuşdum.