Günah mələyi...
sən məni incitdin, mən özgəsini,
sənin qisasını özgədən aldım.
sanki donub qaldı həyatım orda
harda çıxıb getdin, o yerdə qaldım.
gör neçə insanın ahı üstümdə,
sevəni min dəfə peşman elədim.
sənə deyiləsi zəhər sözləri
özgəyə söylədim,
düşmən elədim.
marağlı gəlmədi mənə sevənlər,
birində ətrin var, birində səsin.
istədim hər məni sevən adamın,
baxışı, gülüşü sənə bənzəsin.
sənin bənzərinə sevirəm dedim
səntək yalan dedim kiməsə mən də.
yoxluğun da günah varlığın qədər
boğulub qalmışam günah icində.
gözümdə hər sevən günah mələyi,
elə nifrət etdim məni sevənə!
bəlkə bağışlaram qayıtsan,
yoxsa hər sevən bir düşmən olacaq mənə!
Neçə qadın keçdi səndən?!...
mən xöşbəxt olmaq istədim,
sən məni “şair” elədin.
gül kimi hisslərim vardı,
başlarına kül ələdin.
noldu ayrılığdan sonra,
xoşbəxtsənmi indi, adam?
mənim kimi arzuların,
göydən yerə endi, adam!
peşman olub qayıtmısan,
hansı üzü taxıb gəldin?
neçə qadın keçdi səndən,
neçə evi yıxıb gəldin?...
mən də dəyişmişəm,
daha
rəng örtür saçımın dənin.
çıx get, valla gücü çatmaz
ürəyim daşımaz səni.
daha hər gün ağlamıram,
nəyə ümid edib gəldin?
niyə qayıtmısan ki?
mən
ağlayanda harda idin?
gözlərində soyuq şəhvət,
saçında yad qoxusu var.
daha səni nə qısqanmaq,
nə itirmək qorxusu var...
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.
Son xəbərlər
Son Xəbərlər
.jpg)