“Titan” sualtı qayığının ekipajının bütün üzvləri ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı məlumatı ABŞ Sahil Mühafizə İdarəsi yayıb.
Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a məxsusdur. Sualtı qayıqda partlayışın baş verdiyi qeyd olunub.
Qeyd edək ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib.
Qayıqda 5 nəfər olub. Onlar barədə qısa məlumatı təqdim edirik:
- Əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbündə olmuş 58 yaşlı səyyah Hamiş Hardinq;
- “OceanGate Expeditions” şirkətinin baş direktoru, 61 yaşlı Stokton Ruş;
- 48 yaşlı britaniyalı iş adamı Şahzadə Davud. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Onun 19 yaşlı tələbə oğlu Süleyman Davud;
- Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı, 77 yaşlı Pol-Anri Narqole. O, “Titanik” qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.
Xatırladaq ki, təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub.