Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” (İsrail) matçında tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən oyun müvəqqəti dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, “Batumi Dinamo” stadionunda oynanılan görüşün 25-ci dəqiqəsində türkiyəli azarkeşlərin Fələstinə dəstək bannerləri və bayraqları açmasından sonra tribunada qalmaqal yaşanıb.
Gürcüstan polisi “Beşiktaş” tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qazdan təsirlənən azarkeşlərə tibbi yardım göstərilərkən, futbolçular tribunaların önünə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Gərginliyin davam etməsi səbəbindən danimarkalı baş hakim Morten Kroq oyunu dayandıraraq komandaları soyunma otağına aparıb. Təxminən 5 dəqiqəlik isinmə hərəkətlərindən sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hadisədən dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Batumiyə gələn vətəndaşlarının vəziyyətini xüsusi nəzarətə götürüb. Xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Botçorişvili ilə təcili telefon danışığı apararaq baş verənləri müzakirə edib. Nazirliyin tapşırığı ilə Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki Baş Konsulluğunun diplomatları dərhal stadiona göndərilib. Diplomatik nümayəndəliklər vətəndaşların təhlükəsizliyinin və hüquqlarının qorunması, eləcə də, onların ölkəyə sağ-salamat qayıtması üçün bütün zəruri addımları atmağa başlayıblar.
Diplomatik təmaslarla paralel olaraq Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi gürcüstanlı həmkarı Sulxan Tamazaşvili ilə danışaraq qeyri-mütənasib güc tətbiqindən narahatlığını ifadə edib. Tamazaşvili isə Fələstin bayraqlarının Gürcüstan polisi deyil, UEFA rəsmiləri tərəfindən yığışdırıldığını bildirib və hadisə yerinə müavinini göndərdiyini açıqlayıb.
Ədliyyə naziri Akın Gürlek də gürcüstanlı həmkarı Paata Salia ilə əlaqə saxlayaraq saxlanılan türkiyəli azarkeşlərin dərhal azad edilməsini və təqsirkarların cəzalandırılmasını tələb edib.
“Beşiktaş” klubu yaydığı rəsmi bəyanatda təhlükəsizlik qüvvələrinin oyundan əvvəl və matç zamanı tətbiq etdiyi qeyri-mütənasib gücü sərt şəkildə pisləyib. Klub rəhbərliyi hadisə ilə bağlı Batumidəki Baş Konsulluq və UEFA nəzdində hüquqi proses başlatdığını elan edib. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın klub prezidenti Serdal Adalı ilə əlaqə saxlayaraq hadisəni şəxsən nəzarətdə saxladığı bildirilib.


Son xəbərlər
Son Xəbərlər