Hacıqabulda TIR-ların təkərlərini deşən restoran işçisi həbs edildi

haciqabulda-tir-larin-tekerlerini-desen-restoran-iscisi-hebs-edildi
Oxunma sayı: 3234

Hacıqabul rayonunda Türkiyə vətəndaşlarının idarə etdiyi ağırtonnajlı yük maşınlarının (TIR) təkərlərini bıçaqla deşərək onların ünvanına nalayiq ifadələr işlədən şəxsə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə vaxtı 2003-cü il təvəllüdlü İbrahim Ağayev işlədiyi “Göbələk” restoranının qarşısında dayanmış yük maşınlarını oradan çıxarmaq istəsə də, sürücüləri tapa bilməyib.

 Bundan qəzəblənən İbrahim həmin vaxt restoranda olan limon bıçağı ilə avtomobillərin təkərlərini cırıb və yüksək səslə sürücülərin ünvanına nalayiq ifadələr işlədib. Daha sonra əraziyə gələn polis əməkdaşları onu intizama dəvət etsə də, 19 yaşlı oğlan polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirib.

İ.Ağayev daha sonra saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edilib. Həmçinin təyin edilmiş ekspertiza avtomobillərə ümumilikdə 1100 manat məbləğində maddi ziyan dəyməsinə rəy verib.

Daha sonra İ.Ağayev tərtib edilmiş protokolla birgə Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 232-1 (əmlakı qəsdən zədələmə), 510 (xırda xuliqanlıq) və 535.1-ci( polisin qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilib və barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Nəzrin Cavadzadə