Hakim “iclasa vaxtında başlayın” deyən vəkili 500 manat cərimələdi

hakim-iclasa-vaxtinda-baslayin-deyen-vekili-500-manat-cerimeledi
Oxunma sayı: 5996

Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədov vəkil Qanqa İbrahimovu 500 manat cərimələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil məlumat yayıb.

O iddia edib ki, hakimdən iclası təyin olunmuş vaxtda başlamasını tələb etdiyi üçün cərimələnib:

“Hakimdən vəzifəsini yerinə yetirməsini istəyirəm, onun katibi vasitəsilə mənə "zalda gözləsin, yarım saata zala düşəcəm" ismarıcına, gözləyə bilməyəcəyim cavabını verirəm, hakim isə iki dəqiqə keçməmiş zala gələrək mənə qəzəblənir ki, sən niyə deyirsən ki, iclası vaxtında başlayın?!

Elman Məmmədov onun rahatlığını pozmağıma o qədər qəzəblənmişdi ki, bunu gizlədə bilmirdi. Məhkəmə iclasında həmin iş üzrə verdiyim ilk vəsatətimdə məni 500 manat cərimə etdiyini elan etdi! Düşünməyin ki, hakim bununla sakitləşə bildi. Xeyr.

Dərhal vəkilə - mənə əmr etdi ki, telefonu söndürüm. Ardınca da katibə dedi ki, protokola yaz ki, vəkil məhkəmə iclasında qaydanı pozduğuna görə xəbərdarlıq olunur. Hakimə deyirəm ki, telefonum səssiz rejimdədir, iclasın normal gedişinə heç bir mane yaratmır, həm də siz iclas başlayanda telefonun sönülü olması barədə bir qayda müəyyən etməmişdiniz, müəyyən olunmamış qaydanı necə poza bilərəm?! Hakim deyir ki, qaydanı indi müəyyən edirəm, sizi də xəbərdar edirəm!”