Hakimliyə qəbul imtahanında - Yenilik

hakimliye-qebul-imtahaninda
Oxunma sayı: 3303

“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Hakimlərin Seçki Komitəsinin məlumatına görə, test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlərlə yazılı imtahan dekabr ayının 22-də saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanı) keçiriləcək.

İnşa mövzularının ifadə edilməsinə dair xüsusatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilib.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabr ayının 11-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.

İmtahan yerinə saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.