“...Hamının gedəni gəldi, bəs mənim balam hanı?”

haminin-gedeni-geldi-bes-menim-balam-hani
Oxunma sayı: 4146

Əzizim balabanı,

Asta çal balabanı.

Hamının gedəni gəldi,

Bəs mənim balam hanı?

Bu məşhur bayatının sözlərini Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın insanın valideynləri tez-tez təkrarlayır. Qarabağ tam azad olundu. Bütövləşdik, tamlaşdıq...Bəlkə də ilk dəfədir, Azərbaycan vətəndaşı tariximizin belə qürurlu, belə sevincli anlarını yaşayır. Bu möhtəşəm qələbə böyük istirablardan, böyük itkilərdən sonra qazanıldı. Ali Baş Komandandan tutmuş  sıravi əsgərə, adi vətəndaşa kimi hamı birləşib dəmir yumruğa çevrildi. Düşmənə gözləmədiyi, amma layiq olduğu ağır zərbələr vuruldu. Təkrar edirəm, tariximizin ən şərəfli günlərini yaşayırıq. Evimizə-eşiyimizə yığışırıq, amma gözləri hələ də yollarda olanlar var. Yollar apardığının hamısını geri qaytarmadı. Kimisi şəhid kimi, kimisi də əlil kimi, qazi kimi geri döndü.

Geri qayıtmayan-itkin düşənlər çox oldu. İtkin düşənlərin gözləri yolda, qulaqları səsdə olan doğmaları hələ də gözləyir. Heç olmasa onların öldüsü-qaldısı xəbərini gözləyir. Bu otuz ildən çox vaxtda gözləyə-gözləyə dünyasını dəyişənlər də çox olub. Bu faciə, bu ağrı mənə tanış yox, doğmadır. Əminliklə deyirəm, indiyə kimi telejurnalist fəaliyyətimdə janrından asılı olmayaraq hazırladığım bütün layihələrdə Qarabağ mövzusu qırmızı xətt kimi keçib. Son illər bütün yaradıcı potensialımı Qarabağ müharibəsinin ağrısını, şərəfini videoyaddaşlara köçürməyə - sənədli filmlər hazırlamağa sərf etmişəm. Onlardan bəziləri Qarabağ müharibəsində itkin düşmüş insanlara, indiyə kimi kədər və iztirabla onların yolunu gözləyən ailələrə həsr olunub...

 “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii- sənədli film itkin düşmüş atasının yolunu gözləyən uşağın ağrılı yaşantıları haqqındadır: “Deyirlər atam itkin düşüb. Mən onun itkin düşdüyünə inana bilmirəm. O bütün ölkələri, şəhərləri tanıyır. Axı o coğrafiya müəllimidir. O necə itkin düşə bilər?!”

İtkinlər mövzusunda müəllifi olduğum növbəti layihə - “13” adlı bədii-sənədli film...  Xo­ca­lı şə­hə­ri er­mə­ni­lə­r tə­rə­fin­dən iş­ğal olu­nanda əha­li ətrafdakı qar­lı me­şə­lə­rdə gizləniblər. İki gün or­da qal­dıq­dan son­ra 150 nə­fər­lik dəs­tə ilə Əs­gə­ra­nın Dəh­raz kən­di­ni Ağ­da­mın Gü­lab­lı kən­di bi­lib, hə­min tə­rə­fə üz tu­tublar və er­mə­ni­lə­rin əv­vəl­cə­dən ha­zır­la­dıq­la­rı mü­ha­si­rə­yə dü­şüb­lər. Er­mə­ni­lər on­la­rı Dəh­raz kən­din­də­ki mal­dar­lıq fer­ma­sın­da 2 gün sax­la­dıq­dan son­ra əsir­lə­rin ara­sın­dan 13 nə­fər gən­ci zorla doğmalarından ayırıb, na­mə­lum is­ti­qa­mə­tə apa­rıb­lar.

Dəhşətli Xocalı faciəsindən bircə ailə belə salamat çıxmadı, kimisi yaralandı, kimisi itkin düşdü, kimisi də öldürüldü. “13” adlı filmin qəhrəmanları- itkin düşən gənclər də həmin ailələrdəndir. Onların ailələri erməni quldurlarının əlindən birtəhər qurtuldular, amma indiyə kimi bu faciənin ağrısından-acısından, dəhşətindən qurtula bilməyiblər...Onlar itkin düşənlərin yolunu da gözləyirlər...

Bu gü­nə ki­mi hə­min gənc­lə­rin ta­le­yi haq­qın­da heç bir mə­lu­mat əl­də olun­ma­mışdı. Hər dəfə kütləvi məzarlıq aşkar olunanda yol gözləyən ailələrdə ümid yaranırdı.Təki tapılsın- üstündə ağlamağa məzarı olsun. İtkin düşənlər məzarsız şəhidlərdir. Sağ olsaydılar otuz ildən çox vaxtda yəqin ki, onlardan bir xəbər çıxardı...Nəhayət bəziləri haqqında xəbər çıxdı. Yeni aşkarlanmış kütləvi məzarlıqda itkin düşmüş bəzi vətəndaşlarla yanaşı, 13 gəncin dördünün qalıqları da aşkar olundu. Onlar Xocalıda şəhid məzarlığında dəfn olunacaqlar.

Bu filmləri hazırlamaqda məqsəd acı və şərəfli tariximizi real faktlarla və hadisələrlə yaddaşlara köçürməkdir. Zaman keçsə də bu dəhşətli həqiqətləri unutmamalıyıq. Unutqan olduğumuzu zaman dəfələrlə təsdiqləyib.

Cənab Prezident İlham Əliyev beynəlxalq görüşlərdə Qarabağ müharibəsi zamanı  Azərbaycandan olan 4000 yaxın  əsir və girovun taleyinin indiyə kimi məlum olmadığını dəfələrlə  xarici qonaqların nəzərinə çatdırıb. Bu problemi incəsənətin bütün sahələrində gündəmdə saxlamaq, işıqlandırımaq, beynəlxalq auditoriyaya çatdırmaq da vacib məsələdir.

Hazırladığım filmlər başqa dillərə tərcümə olunub, səlahiyyətli qurumlar tərəfindən xarici ölkələrdə nümayişləri təşkil olunur. Bu yaxınlarda Xocalı faciəsinin şahidi olan, hələ də onun ağrısını çəkən Səriyyə Müslümqızı mənə xarici ölkələrin birində  “13” adlı bədii-sənədli filmə baxdığını və ona çox təsir etdiyini dedi. Onun bu sözləri, yaxşı mənada, mənə də təsir etdi. Deməli, çəkdiyimiz əziyyət yerdə qalmadı. Əgər bu film faciənin şahidinə təsir edibsə, xarici tamaşaçıya daha çox təsir edər.

İtkin düşmüş insanlarımzın faciəsindən bəhs edən “Coğrafiya müəllimi”  və  “13” adlı bədii-sənədli filmlər  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  hazırlanıb. Dərin təşəkkür edirəm.

 Arxiv materialları təqdim etdiyinə və təşkilati dəstək göstərdiyinə görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına  və filmin çəkilişlərinə göstərdiyi texniki və informasiya dəstəyinə görə Azərbaycan Televiziya və Radio QSC minnətdarlığımı bildirirəm.

İtkin düşən hər kəsin taleyi axıra kimi oxunmamış faciə kitabına bənzəyir. Hər sözündə, hər cümləsində dəhşətli ağrıların yaşandığı faciə kitabına...Filmləri hazırlayan vaxt 4000 yaxın itkin düşmüş vətəndaşlarımızın şəkillərini yığıb qrafika ilə bədii-dramatik bir kompazisiya da düzəltdik.

Azərbaycanın tarixinə şərəf gətirən o möhtəşəm zəfər qələbəsinin qazanılmasından artıq illər keçir. Amma biz o tarixdən uzaqlaşmamalıyıq. Biz həmişə o tarixdə, o tarixiin qürurlu ovqatında yaşamalıyıq...

Ruhunuz şad olsun, can verib Azərbaycana can verən şəhidlər! Otuz il idi, gözlərimiz yol çəkirdi, itkin düşən insanlarımız üçün, şəhər və kəndlərimiz üçün. İndi bütöv Azərbaycanımızı göz-bəbəyimiz kimi qorumalıyıq! Bir daha gözümüz yol çəkməsin deyə !

Mübariz Əsgərov

Əməkdar jurnalist