Hamısı sərxoşluğun zibilləridir...

hamisi-serxoslugun-zibilleridir
Oxunma sayı: 1789


Damcı

Bir damcı su pilləkənlərlə yuxarı qalxır. Səsi eşidirsən? Qaranlıqda yatağıma uzanıb onun sirli səsinə qulaq asıram. Neyləyirsə bütün gecə bir də varlığını hiss etdirmir. Yenə də qalxır. Ümumdünya cazibə qanununa uyğun şaquli istiqamətdə və hamının eşitdiyi bir “dam” səsi yuxarı dırmanır. Bu damcı başqa damcılar kimi deyil, nəhəng tikilinin “E” hərifli pilləkənindən yavaş-yavaş yuxarı qalxır.

Onun varlığını bizlər – seçilmiş bəndələr, müqəddəslər və həssas insanlar hiss etmədik. Birinci mərtəbədəki adi, cahil xidmətçi isə hiss elədi. Gecə səhərə yaxın hamı yatanda xidmətçi səsə qulaq kəsildi. Sonra özünü saxlaya bilməyib yataqdan qalxdı və ev sahibəsini şirin yuxudan elədi: “Oyanın” deyə pıçıldadı. 

Ev sahibəsi oyanıb: 

– Nə var? Nə olub? – dedi

–Bir damcı  su  pilləkənlərlə yuxarı qalxır.

 Qadın kəkələyərək dilləndi:

–Nə deyirsən?

 Xidmətçi bir də dedi: 

–Bir damcı su pilləkənlərlə yuxarı qalxır. 

–Get işinin dalınca, sən Allah, – qadın onun üstünə çəmkirdi. – Dəli olmusan? Get yat. Hamısı sərxoşluğun zibilləridir. Utan öl e, utan öl. Necə vaxtdır göz qoyuram ki, gündüzlər şüşədəki şərab azalır. Utanmazın biri utanmaz, əgər... – artıq xidmətçi çoxdan qaçıb yorğanının altına girmişdi...

Yuxusu qaçan ev sahibəsi düşündü: “Allah  bilir bu axmağın ağlına nə gəlib?”. Dünyanı bürüyən zülmət gecənin sükutunu qeyri-ixtiyari dinləyəndə, həmin səsi o da eşitdi. Hə, bir damcı su pilləkənlərlə yuxarı dırmanırdı. Özünü həyatın axarına buraxan bu qadın, hətta gedib baxmağı da düşünüb. Amma pilləkənlərin döngələrində tavandan asılmış lampaların zəif işığında nə görəcəkdi ki?! Gecənin bu vaxtında, alaqaranlıqda pilləkənlərdə bir damcı suyu necə seçə bilərdi ki?

Sonrakı günlərdə bu söz-söhbət yavaş-yavaş evdən-evə yayıldı, indi binada yaşayan hamı bunu bilirdi, amma sanki, utanılası bir iş tutublarmış kimi, ağızlarına su almışdılar. Gecələr zülmət bəşər əhlini öz qoynuna alanda, bir neçə qulaq  ətrafı dinşəyir. Hərə bir cür düşünür.

Elə gecələr olur ki, damcı susur. Bəzi gecələrsə tamam əksinə, saatlarla irəliləyir, yuxarı, lap yuxarı dırmanır, sanki, heç vaxt dayanmayacaq. Damcının zəif “addımları” hansı mənzilin kandarına çatırsa, içəridə qulaq kəsilənlərin ürəyi döyünür. Çox şükür, dayanmır. “Dam-dam” – uzaqlaşıb yuxarıdakı mərtəbəyə qalxır.

Tam dəqiq bilirəm ki, aşağı mərtəbədəki kirayənişinlər daha təhlükəsiz yerdə yaşadıqlarını düşünürlər. Damcının qapıların ağzından keçdiyini, bir də onları narahat etməyəcəyini zənn edirlər, altıncı mərtəbədə yaşayan mən də daxil olmaqla hamı narahat olmalıdır, amma heç kimin vecinə deyil. Fəqət ötən gecə damcının axırıncı dəfə çatdığı yerdən, yoxsa həmişə atılan zibillərin nəmi hopmuş, o iyrənc pillələrdən, lap birinci mərtəbədən başlayaraq, yenidən dırmanacağını kim bilə bilərdi ki? 

Yox, demək olmaz ki, onlar da tam mənada təhlükədən uzaqdılar. Səhər evdən çıxarkən damcının hər hansı bir izi qalıbmı deyə pilləkənlərə baxırlar. Heç bir şey gözlənildiyi kimi olmur, kiçik bir iz də yoxdur. Onsuz da, səhər açılandan sonra bu hadisəyə ciddi fikir verən kimdir?!  Heç elə bil bir neçə saat bundan əvvəl özlərinə inamı olmayan adamlar bunlar deyildi, səhər günəşi ilə insanlar ruhən gücləndirir, şirə dönürlər.

Yoxsa yuxarı mərtəbədə yaşayanlar haqlıdırlar? Əvvəllər heç bir səs eşitməyən, özünü təhlükəsiz yerdə zənn edən bizlər də bir neçə gecədir ki, səs eşitmirik. Düzdür, damcı hələlik uzaqdadır. Bizə divarlarından o üzündən, lap uzaqdan süzülüb, çox zəif, kədərli bir “dam” səsi gəlib çatır. Amma yenə də yuxarı çıxdığını, getdikcə yaxınlaşdığını məlum edən işarələr var. Pilləkən boşluğundan uzaqda yatmaq da kara gəlmir. Bütün gecəni “səs gəlir, yoxsa kəsilib?” qorxusuyla keçirməkdənsə onu eşitmək daha yaxşıdır. Bu uzaq otaqlarda yatanlar, bəzən özünü saxlaya bilməyib buz kimi dəhlizdə, qapının arxasında nəfəs almadan ehmalca qulaq asırlar. Damcının səsini eşidən kimi, hələ onlara naməlum qorxunun əsirinə çevrilir, cəld oradan uzaqlaşırlar. Amma sakitlik çökəndə vəziyyət lap pisləşir: Onlar gedib yerlərinə uzana kimi ağıllarına yerləşir ki, səs gələcək, bu fikri özlərindən uzaqlaşdıra bilmirlər. 

Burada həyat çox qəribədir. Müqavimət göstərə, çarə axtara, olanları izah etsə bilməmək insanların ruhi vəziyyətlərini daha da gərginləşdirirdi. 

Başqa evlərdə yaşayanlarla, vəziyyəti bilməyənlərlə dərdlərini bölüşürlər, ümidsiz-ümidsiz soruşurlar: “Bu damcı nədir axı?” Sadəlövhcəsinə xəbər alırlar: görəsən, siçan deyil ki bu? Zirzəmidən çıxan qurbağadır bəlkə? Dirəşirlər, de görək, nəyəsə eyham, işaərdir, bəlkə? Məsələn, ölümə işarə ola bilərmi? Ya hansısa təhlükəyə, ya da ötüb keçən illərə? Cənablar, heç biri deyil, sadəcə, adi bir su damcısıdır, amma pilləkənlərlə yuxarı qalxır.

Bu illüziyaları xırdalığına qədər saf-çürük etmək istəyirlər. Kəsəsi, bəlkə bu poetik bir nəsnəyə işarədir? Yox, qətiyyən elə deyil. Bəlkə də dünyanın ucqar nöqtəsindəki, əsla gedib çıxa bilməyəcəyimiz ən uzaq yerləri işarə verir? Xeyir, bu, zarafat deyil. Təəssüf ki, başqa ehtimallar yoxdur, gecələr pilləkənlərdən qalxan damcı adi su damlasından, “dam-dam” səsi çıxardaraq pillələrdə “gəzinən” damcıdan özgə bir şey deyil. Qorxuya səbəb olan da elə budur.