“Helikopterin təlimə cəlbində normativ tələblərin pozulması aşkar edilməyib”

helikopterin-telime-celbinde-normativ-teleblerin-pozulmasi-askar-edilmeyib
Oxunma sayı: 1126

“Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə  Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı başlanılan cinayət işinin ilkin nəticələrinə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.

O bildirib ki, helikopterin “qara qutu”su hadisə yerindən götürülüb:

“Cinayət işi üzrə çoxsaylı şahidlərin dindirilməsi təmin olunub, eyni zamanda intensiv istintaq hərəkətləri həyata keçirilib, müxtəlif ekspertizalar təyin olunub və digər tədqiqatlar aparılıb. Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter təsdiq edilmiş plana əsasən, təlimlərə cəlb edilib ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması aşkar edilməyib.

“Qara qutu” hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib”. 

Amin Nəzərli