“Hər kəsin “evim” deyə biləcəyi şəhərlər quraq”

her-kesin-evim-deye-bileceyi-seherler-quraq
Oxunma sayı: 208

“Forumu geridə qoyaraq vətəndaş cəmiyyəti olaraq hökumətlərə və beynəlxalq ictimaiyyətə beş əsas çağırış ünvanlayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində “Asia Coalition for Housing Rights” təşkilatının nümayəndəsi Lajana Manandhar deyib.

“Birincisi, məcburi köçürmələr dayandırılmalıdır. İcmalar, xüsusilə qadınlar, həll yollarının tapılması üçün mənalı dialoqa hazırdır.
İkincisi, iştirakçılıq sistemli şəkildə təmin edilməlidir. Elə mexanizmlər yaradılmalıdır ki, icmalar, vətəndaş cəmiyyəti institutları və yerli təşəbbüslər inklüziv inkişaf prosesinin tamhüquqlu tərəfdaşına çevrilsin.

Üçüncüsü, iqlimə davamlı mənzil siyasəti prioritet olmalıdır. Problemlər lokallaşdırılmalı və iqlim böhranının təsirlərindən həssas icmaları qoruyan təbiət əsaslı həllər təşviq edilməlidir.

Dördüncüsü, maliyyə əlçatan və münasib olmalıdır. Elə maliyyə sistemi qurulmalıdır ki, təhlükəsiz və layiqli mənzil hər kəs üçün əlçatan olsun.

Beşincisi, icma əsaslı və qadınların rəhbərlik etdiyi mənzil təşəbbüsləri dəstəklənməli və gücləndirilməlidir. Bu, qlobal mənzil gündəliyinin həyata keçirilməsi və icmaların daha təhlükəsiz, dayanıqlı olması üçün vacibdir”.

O vurğulayıb ki, onlar yalnız tələblər irəli sürmür:

“Həmçinin hökumətlərlə və digər təşkilatlarla tərəfdaşlıq edərək bu təşəbbüslərin praktikada həyata keçirilməsində iştirak etməyə hazırıq. Gəlin bu inklüziv dialoqun ruhunu öz ölkələrimizə və icmalarımıza daşıyaq. Heç kimin kənarda qalmadığı, hər kəsin “evim” deyə biləcəyi şəhərlər quraq”.

Lamiyə Məmmədova