Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsert-sərgi keçirildi - Fotolar

heyder-eliyev-merkezinde-opera-ve-moda-sultan-couture-20-konsert-sergi-kecirildi
Oxunma sayı: 1789

Martın 8-də Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” adlı konsert və sərgi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyindən xanım qonaqlara Mərkəz adından xüsusi hədiyyələr təqdim olunub. Bayram əhval-ruhiyyəli konsert və sərgi isə tamaşaçılarda dərin təəssürat yaradıb.

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano,) beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano) və Yekaterina Sannikova (soprano) iştirak ediblər.

İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa ediblər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Bununla da Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus kolleksiya nümayiş etdirilmiş oldu. Gecə ərzində səhnəyə çıxan müğənnilər həm də BVLGARI brendinin zinət əşyalarını təqdim ediblər.

Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyaları, zəngin repertuar, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olublar.

Konsert ifaçıların Müslüm Maqomayevin bəstələdiyi həmişəyaşar “Azərbaycan” mahnısını birgə ifası ilə başa çatıb.

Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Sərgidəki bölmələrdən biri "Azərbaycanın opera tarixində ilk qadın ifaçı və bəstəkarlar"a həsr olunub. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şövkət Məmmədova, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat verilib.

"İlk Azərbaycan opera müğənniləri səhnə geyimlərində" bölməsində operamızın qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları sərgilənib. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin ”Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alıb.

Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə ediblər.

Ekspozosiyada həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri də yer alıb.