Azad rəssam Mahir Hüseynbəylinin “Qafqazinfo”ya müsahibəsi
- Siz incəsənətin bir necə sahəsiylə məşğulsunuz. Bəs özünüzü necə təqdim edərdiniz, kim olaraq?
- Mənim kimi insanlara azad rəssam deyirlər. Mənim işim ancaq fotoqraflıq, ssenaristlik, rejissorluq, kətan üzərinə bir şey çəkmək deyil. Mənim üçün nə maraqlıdırsa, harada dincələ bilirəmsə, harada ürəyimi boşalda bilirəmsə oradayam. Mən fotonu ona görə çəkirəm ki, ürəyim partlamasın.
- Ürəyiniz niyə partlayır, Sizi nə narahat edir ki?
- Hər sahədə narahatçılıq var. Bəzən mən bir adama baxıram və onun halına yanıram, pis oluram. İnsanların bir-birinə olan münasibəti də mənə əziyyət verir.
- Sizi niyə hamının problemlər narahat edir axı?
- Mən incəsənət adamıyam. İncəsənət aləmində gedən bütün iyrəncliklər məni narahat edir. Mən həyatımın 25 ilini Azərbaycanın böyük sənətkarlarının pərdəarxasını çəkməyə sərf etmişəm.
- Məsələn, kimlərin?
- 1989-cu ildən başlayaraq, uzun illər Rəmişi çəkmişəm, Alim Qasımovu, rəhmətlik Yaqubu, Nisə Qasımovanı, Brilliant Dadaşovanı çəkmişəm. Dünyanın bir nömrəli balaban çalanı olan Haşımı çəkmişəm, amma onu heç tanımırlar. Sonra mən anladım ki, onlara çəkdiyim əziyyətə dəyməzdi.
- Bu adamların dalına düşüb, çəkməkdə məqsədiniz nə idi?
- Böyük sənətkarlar televiziyaya çıxıb yalandan oxuyurlar. Çünki onların təbə gəlməsi üçün azı dörd saat lazımdı. Axı Rəmiş televiziyaya çıxıb on dəqiqə içində neynəyə bilər? Onlar əslində məclislərdə ürəklərini boşaldırlar, istedadlarını göstərirlər. Məsələn, mən öyrənirdim ki, Rəmiş bir gün Lənkəranda məclisdədi, gedib onu kameraya çəkdim. Çəkdiklərimi də bir-iki tanışa göstərib atmışam arxivə. Çünki bu yazılar heç kimə lazım deyil.
- Arxiviniz də var?
- Arxivimdə altı min saat gözəl Azərbaycan musiqisi var. Mən bu 25 ildə istedadlı insanları axtarmışam, üzə çıxarmışam. Gördüyümü, hiss etdiyimi, bəyəndiyimi çəkmişəm. Baxın, Vaqif Mustafazadənin yaxşı kadrları yoxdu. Mən düşündüm ki, bunların da gözəl kadrları olmayacaq. Mən çəkdim ki, onların parlayan vaxtlarını lentə almaq, saxlamaq lazımdı. Qoy onların sənəti itib-batmasın. Mən tək bu sahədə iş görməmişəm. Elə rəssamlar var ki, mən kömək etmişəm, sənətlərində yeni yol açıblar.
- Kimə deyibsiniz əlinizdə belə arxiv materiallarının olduğunu?
- Yox, bu kimsəyə lazım deyil. Axı kimdi oturub yarım saat Alimə qulaq asan?
- Alim Qasımova dinləmək üçün konsertinə yetərincə insan gedir.
- Alimin Qasımovun konsertinə çoxu yalandan gedir.
- Hansı mənada?
- Alimi kim başa düşür? Mənim Alimlə gözəl münasibətim var, o, əsl sənətkardı.
- Çəkdiklərinizi Alim Qasımov istəyib?
- Bəli istəyib. Amma mən verməmişəm.
- Niyə?
- Qorxuram ki, əlimdən alsınlar və öz adlarına çıxsınlar.
- Belə bir şey olub?
- Olub və çox böyük iş alınıb.
- Kimlər edib bunu?
- Mən bu haqda danışmaqdan çəkinirəm. Bilirsiniz, mən artıq belə laqeydliyə öyrəşmişəm. Bir rəssam var idi, Ədalət Bayramoğlu miniatür rəssamı idi. Nə vaxt baxsan sərxoş idi. Mən ona yola göstərdim, sərgisinin açılması üçün kömək etdim və bu sərgidən sonra ona mükafat verdilər. İndi Türkiyədədir, baş nazir Ərdoğanla görüşüb, onun rəsmini çəkib. Mənim beş ilim də o insana itib.
- İtib deyəndə qarşılığında nəsə gözləyirdiniz ki?
- Heç nə gözləmirdim. Mən bu qədər sənətkarı eyni vaxta sevə bilirəm, sənətini duyuram. Amma onlar mənə qarşı laqeyddirlər. Sanki, mən insan deyiləm. Rəmiş bu gün məni görəndə maşınından əl eləyir. Yəni maşını saxlayıb salam vermək bu qədər çətindir? Axı mən onlara qarşı belə olmamışam. Rəmiş məndən pul istəyib vermişəm, kömək istəyib etmişəm.
- Şöhrət gələn kimi sizi unudublar?
- Şöhrət onları dəyişib.
- Siz eyni zamanda fotoqrafsız. Deyirsiniz kimlərinsə sərgisinin keçirilməsinə kömək etmişəm, bəs niyə öz sərginizi təşkil etməmisiniz?
- Bu da mənim bədbəxtçiliyimdi. Fotolarıma sərgi keçirməsəm də ssenarimə film çəkilir.
- Filmin adı nədi?
- Yeqor Konçalovskinin “Bakı, mən səni sevirəm” kino-layihəsindəki rəssamın həyatı ilə bağlı hissə mənim ssenarim əsasında çəkilib. Bu filmlə 10 ən güclü ssenaristin fikirlərini birləşdirib dünyaya çıxarmaq istəyirlər. Mən öz ssenarimi dostum Samir Kərimoğluna göstərdim. İki ay sonra Samir mənə zəng edib dedi ki, ssenarimə film çəkilir. Amma məni hətta filmin çəkiliş meydanına belə buraxmadılar.
- Sizə pul vermədilər?
- Samir gətirib beş yüz manat verdi. Amma mənim üçün vacib olan bu deyil. Bu layihənin bədii rəhbəri Leyla Əliyevadı, prodüseri Konçalovski, rejissorlarından biri isə Samir Kərimoğludu. Mənim ssenarimi Samir öz adına çıxıb.
- Niyə haqqınızı tələb etmirsiniz? İdeyalarımı oğurlayıblar deyəndə bunu nəzərdə tuturdunuz?
- Bəli. Ola bilsin ki, filmi maliyyələşdirənlərin bundan xəbərləri yoxdur. Ancaq mənə qarşı belə bir haqsızlıq baş verib.
- İndi kimləri çəkirsiniz? Marağınıza səbəb olan insan varmı?
- Mənim üçün maraqlı obyekt yoxdu. Ancaq siyasətdə belə bir adam var və onun adını çəkmək istəmirəm.
- Heydər Əliyevi çəkibsiniz?
- Mənim həyatımda Heydər Əliyevi çəkmək çox önəmli hadisə olub. Bir gün çox yüksək vəzifəli bir adam mən dedi ki, məndən nə istəyirsən, xahiş et. Nə istəsəm edərdi, ev, maşın alardı. Mən isə ondan Heydər Əliyevi çəkmək üçün mənə şərait yaratmasını istədim. Şərait yaratdı, getdim çəkdim. Amma həyəcandan kameranı işə salmaq yadımdan çıxmışdı. Yəni heç nə çəkməmişdim. Kor-peşman qayıtdım evə. Bir ay sonra öyrəndim ki, 8-ci kilometrdə Heydər Əliyevin parkının açılışı olacaq. Kameramı hazırladım, təzə kaset aldım. Getdim bir şüşə də araq içdim və dedim ki, bu dəfə o kişini çəkəcəm. Elə də oldu, getdim və onu çəkdim.
- O kadrlar sizdə qalıb?
- Çəkdiklərimi sonra həmin vəzifəli şəxsə verdim. Keçən dəfə çəkə bilməmişdim və bu dəfə çəkib göstərdim ki, mən bunu bacarıram. Bu gün Heydər Əliyev haqqında çox filmlər, kadrlar var. Amma mənim gördüyüm kimi onu çəkən olmayıb. Onun itkisinin ağrısını verməyi bacarmayıblar.
- Maraqlıdı
- Sizə bir maraqlı hadisə də danışım. Bir dəfə dostumu it parçalayanda çəkmişəm. İt ayı boyda idi. İti zəncirləmişdilər. Dostum itə yaxınlaşıb başladı onu qıcıqlandırmağa, mən də kənardan onlara baxırdım. Bir də gördüm ki, it dostumun biləyindən tutdu. Bilirdim ki, dostumu onu əlindən ala bilməyəcəm. Kamerada əlimdə idi, başladım çəkməyə. Sonra ailəsi məndən incimişdi. Belə qorxaq insanam, amma əlimdə kamera olanda heç nədən qorxmuram.
- Neçə yaşınız var?
- 55
- Sizdən yazan olub indiyə kimi?
- Xeyr, birinci dəfədir danışıram...
Sədan Bünyadova