Heydər Əliyevin 103 illiyi Şirvanda da qeyd edildi - Fotolar

heyder-eliyevin-103-illiyi-sirvanda-da-qeyd-edildi
Oxunma sayı: 217

Mayın 7-də Şirvan Şəhər İcra Hakimiyyəti, YAP Şirvan şəhər təşkilatı və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin zəfər təntənəsi” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Heydər Əsədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzi ziyarət olunub, Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara, eyni zamanda Şirvan şəhər Təhsil sektorunun təşkilatçılığı ilə hazırlanmış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş məktəblilərin əl işlərinə və rəsm sərgisinə baxış keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub.

“Heydər Əliyev irsinin zəfər təntənəsi” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi, beynəlxalq aləmdə tanınması üçün həyata keçirdiyi siyasi, iqtisadi, mədəni islahatlardan danışıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi bənzərsiz şəxsiyyətdir. Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış Ulu Öndərin adı Azərbaycanın, türk dünyasının, bütövlükdə dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılıb. Qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edərək, uzunmüddətli tərəqqi yoluna çıxarıb.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlərə imza atığını, möhtəşəm tarixi Zəfər qazandığını diqqətə çatdırıb.

Həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar və inkişaf strategiyaları Azərbaycanın güclənməsinə və beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Bu siyasi kursun ayrılmaz hissəsi kimi, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva da sosial, humanitar və mədəni sahələrdə genişmiqyaslı fəaliyyət göstərərək dövlət başçısının müəyyən etdiyi inkişaf xəttinə mühüm töhfələr verir. Onların birgə fəaliyyəti ölkəmizdə həm siyasi sabitliyi, həm də cəmiyyətin rifahını təmin edən güclü vəhdət nümunəsidir.

Daha sonra çıxış edən millət vəkili Heydər Əsədov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Ağsaqqalar Şurasının sədri, “Şirvan” qəzetnin baş redaktoru Fəxrəddin Rəhimov, Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Təhminə Zeynallı öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xidmətlərindən və onun Azərbaycan xalqına verdiyi töhfələrdən danışaraq, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın, Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu diqqətə çatdırıblar.

Tədbirdə şəhər məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib.

Eyni zamanda Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə şəhərin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında Zəfər abidəsi və Yay kinoteatrı ətrafında ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı 250-dən çox müxtəlif növ ağaclar əkilərək, aqrotexiki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Həmçinin Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birlikdə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konsert təşkil edilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar Kollektivi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti və solistlərinin ifası ilə keçirilən konsert proqramı atəşfəşanlıqla sona çatıb.