“Xəbəri ilk dəfə eşidəndə çox sevindim, həqiqətən də xeyli əziyyət çəkmişəm”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında prezidentin dünən imzaladığı sərəncamla Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən Nicat Məsimov deyib.
Nicat qeyd edib ki, ondan başqa ailəsində musiqiçi kimi fəaliyyət göstərən yoxdur, özü isə çox həvəslidir:
“Dünən xəbəri ilk dəfə Bülbül adına orta ixtisas məktəbinin direktor müavini Aytən xanımdan eşitdim. Öz zəhmətimin bəhrəsini gördüm. Çox sevindim, həqiqətən də xeyli əziyyət çəkmişəm. İstəyirəm ki, milli alətimizi dünyada tanıdım. Sübut edim ki, balaban Azərbaycana məxsusdur. Bizim ailədə musiqiçi yoxdur. Bu sahəyə ilk mən maraq göstərmişəm. Milli alətimizdir, xüsusi həvəsim yarandı, bu sahəni davam etdirmək istədim”.

19 yaşlı gənc istedadın sözlərinə görə, o, bir neçə beynəlxalq müsabiqələrin qalibi olub:
“Üç beynəlxalq müsabiqənin laureatı olmuşam. İlk dəfə ABŞ-da müsabiqəyə qatılmışam və birinci olmuşam. Baxmayaraq ki, oranın art direktorunun milliyətcə erməni idi. Bizim balaban alətinə birincilik verdi. Bundan başqa Rusiya və İtaliyada müsabiqələr qatıldım”.
“Qafqazinfo” həmçinin N. Məsimovun müəllimi İlham Nəcəfovdan da tələbəsinin uğur ilə bağlı açıqlama alıb.
İ. Nəcəfov bildirib ki, tələbəsi Azərbaycan musiqi tarixində ilkə imza atıb:
“Nicat Azərbaycan musiqi tarixində bir ilkə imza atdı. Çünki, xarici ölkədə bu alət üzrə birinci yer tutub. ABŞ-da qalib olub, sənədinə imza qoyan bədxah qonşularımızın nümayəndəsidir. Çox böyük bir məsələdir. O, balabanı tanıyıb ki, birincilik verib. Bəlkə də, digər münsiflərin yüksək rəyini görüb, məcburiyyətdən o da birinci olmağını istəyib. İndi isə mükafatlandırılıb. Prezident və mədəniyyət nazirimizə təşəkkürümüzü edirik. Nicat birinci tələbədir ki, balaban üzrə preizdent təqaüdünə sahib olub. O, birinci kursa qəbul olan kimi hiss etdim ki, içi yanır. Müəllim o məşəli yandırmalı, şərait yaratmalı idi. Birinci kursda da laureat oldu.

Ötən il isə İtaliyanın nüfuzlu müsabiqəsində qalib oldu. Orada “Ən gözəl nəfəs aləti ifaçısı” adına layiq görüldü. Avropada uğur əldə etmək asan deyil. Daha sonra Rusiyada MDB ölkələri arasında müsabiqə keçirildi, ikinci yer tutaraq gümüş medal qazandı. Ancaq həmin müsabiqədə çətinliklərlə üzləşdik. Nazirliyə də bu barədə məlumat verdik. Sıxışdırmalar çox oldu. Nicat birinci yerə layiq idi. Düşünürəm ki, o, ən yaxşı tələbələrimdən birincisidir, Nicatdan çox razıyam. Deyir ki, bunu edəcəm, dediyini də edir. Bu xarakterini çox sevirəm. Nicat liderdir”.
Qeyd edək ki, ən yüksək mükafata layiq görülən Nicatın anası həkim, atası isə mühəndisdir.
Fotolar: Nuran Məmmədov


Son xəbərlər
Son Xəbərlər