İbrahimbəyovun qəbirüstü abidəsi açıldı - Məşhurlar Fəxri xiyabanda - Fotolar

ibrahimbeyovun-qebirustu-abidesi-acildi
Oxunma sayı: 8864

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Birinci Fəxri xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

Tədbirdə R. İbrahimbəyovun yaxınları, mədəniyyət xadimləri, ictimai xadimlər və s. şəxslər iştirak ediblər.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Xatırladaq ki, R. İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

***

Xalq artisti Rasim Balayev bildirib ki, Rüstəm İbrahimbəyov əvəzedilməz sənətkar idi:

“Elə adam var ki, evdən gedir, elə adam da var ki, eldən gedir. O, respublikamız üçün çox böyük itki oldu. Rüstəm öz sənəti, qabiliyyəti, intellekti ilə dünyada məşhur idi. Azərbaycanı çox bacarıqla vəsf edirdi. O, qəlblərdə hələ uzun müddət yaşayacaq”.

***

Xalq yazıçısı Anar Rzayev da Rüstəm İbrahimbəyovla bağlı fikirlərini bölüşüb:

“Bayatıda deyildiyi kimi, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır. Görkəmli dövlət xadimlərimiz Qara Qarayev, Müslüm Maqomayev, Rüstəm İbrahimbəyov uzun illər Moskvada yaşayıblar. Onlar xarici ölkələri gəzməyiblər, onlar xaricdə Azərbaycanı təmsil ediblər. Amma əbədi olaraq Azərbaycana qayıdıblar”.

***

Xalq yazıçısı Çingiz Abdullayevin sözlərinə görə, onunla İbrahimbəyov 40 il dostluq ediblər:

“40 il keçdi… Azərbaycanın Xalq yazıçısı dünyasını dəyişdi. Bütün dünyada onu tanıyırlar. Amma mən bir şeyi deyim ki, bu günə qədər səmaya uçan kosmonavtların hamısı Azərbaycan yazıçısının ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filminə baxırlar, daha sonra uçuş həyata keçirirlər. Bu onların ənənəsidir. İbrahimbəyov dünyada yeganə insan olub ki, 6 dəfə dövlət mükafatı alıb. Biz fəxr edə bilərik ki, bizim belə dostumuz, belə vətəndaşımız olub. Bunu deməsəm də olmaz. Bilmirəm kim fikirləşib, amma çox gözəl abidədir”.

Hüseyn Məmmədsalahov

Fotolar: Müzəffər İsmayılov