İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir

icbari-tibbi-sigorta-ile-kataraktanin-hedefleri-yox-edilir
Oxunma sayı: 3257

Dünyaya çirkli şüşə arxasından baxmaq... İnsanı bu aqibətə gətirib çıxaran səbəb barədə hamımız eşitmişik, çünki başımıza gəlməsə də, ən azı başına gələn birini tanıyırıq. Məşhurluğu, sadəcə çox rast gəlinən olması ilə deyil, həm də qədimliyindəndir. Keçmişi o qədər dərindir ki, adını qədim yunanlar qoyublar. Onlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. “Katarakta” da yunan dilində şəlalə deməkdir. Bəs, “mirvari suyu” haradan gəlib? Bu adı da ona xəstəliyin son həddində veriblər, gözün rəngi mirvariyə oxşadığı üçün xalq arasında kataraktaya "mirvari suyu" deyiblər.

İnanmaq olmur ki, bər-bəzəkli adlar, təbiətin gözəllik rəmzləri ilə müqayisəli bənzətmələr axırda insanı dünyaya çirkli bir şüşənin arxasından baxmağa məhkum, gün işığına məhrum qoyan bir xəstəliyin ünvanınadır.

Şəmsiyyət Xutrayevanı Balakəndən Bakıya gətirən səbəb də məhz budur. O, əməliyyat olunmaq üçün rayondakı dövlət tibb müəssisəsindən göndərişlə Mərkəzi Neftçilər Xəstəxanasına gəlib. İcbari tibbi sığorta ilə katarakta əməliyyatı olunan Ş.Xutrayeva artıq yaxşıdır: “Gözümdə narahatlıq hiss etdim, heç nə görmürdüm. Rayonda Şahidə həkimə müraciət etdim. Onun göndərişi ilə Mərkəzi Neftçilər Xəstəxanasında heç bir ödəniş etmədən əməliyyat olundum. Gözüm normal görür. Həkim demişdi ki, bir ay sonra müayinəyə gəlim. Ona görə buradayam. Hər şey yaxşıdır”.

Artıq anladığınız kimi, bu dəfə ölkəmizdə katarakta ilə mübarizənin təşkilindən, əldə edilən uğurlardan danışacağıq. Kataraktanın nəinki ölkəmizdə, bütün dünyada ən çox rastgəlinən göz xəstəliklərindən biri olması məsələnin nə qədər ciddi olduğunun göstəricisidir. Ona görə də, ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlayar-başlamaz mübarizə aparılacaq xəstəliklər siyahısında başda gələnlərdən biri də katarakta olub. Ümumiyyətlə, göz xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 200-ə yaxın tibbi xidmət qarşılanır. Bu xidmətin nəticəsi olaraq təkcə ötən il icbari tibbi sığorta çərçivəsində göz ilə bağlı dövlət tibb müəssisələrində 39 160 əməliyyat və prosedur həyata keçirilib.

Tibb elmləri doktoru, Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının dosenti Tural Qəlbinurun sözlərinə görə, Xidmətlər Zərfi hazırlanarkən beynəlxalq təcrübəyə əsaslanaraq, ən çox rastgəlinən, əlillik riski yüksək olan xəstəliklərin siyahısı tərtib edilərək icbari tibbi sığortaya daxil edilib.

Katarakta həkimlərin gözündə

Katarakta göz büllurunun bulanması, təbii şəffaflığın itməsi ilə başlayır. Sonra görmə tədricən zəifləyir, dumanlanır. Rəngli görmənin pisləşməsi, parlaq işığa həssaslıq, ikili görmə, oxuma-yazma və xırda detallarla işləmə çətinliyi, gecə görməsinin zəifləməsi ilə özünü büruzə verir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının uzman cərrah oftalmoloqu Vüsalə Əsədova deyir ki, bu xəstəliyin öz “hədəf”i var. Əsasən, yaşlı gözlərdə yaranır. Ancaq anadangəlmə, yəni uşaqlarda da görülə bilər.

Bu fikirlə Tural Qəlbinur da razılaşır. Onun fikrincə, katarakta istər dünyada, istərsə də ölkəmizdə yaşlanmaqda olan nəsildə ən çox rastgəlinən göz xəstəlikləri siyahısına, demək olar ki, başçılıq edir.

Uşaqlarda görmə problemlərinin artdığına diqqət çəkən tibb elmləri doktoru bunu daha çox mühitlə əlaqələndirir. Onun fikrincə, xüsusən pandemiya dövründə texnologiyadan istifadənin artması və qapalı mühit uşaqların ilk növbədə gözündə problemlərə səbəb olub.

Bunlardan başqa, göz almasının travması, istifadə olunan bəzi göz damcıları və dərmanlar, bəzi xəstəliklər kataraktanın yaranmasına səbəb olur. Məsələn, ölkəmizdə şəkərli diabet də çox rastgəlinən xəstəliklərdəndir və acı nəticələrindən biri də elə kataraktadır.

Katarakta ilə mübarizədə son çarə - əməliyyat

Yüksək ixtisaslı həkim müayinəsindən sonra diaqnoz kataraktanı göstərirsə, bu o deməkdir ki, dərman və ya damcılar bir nəticə verməyəcək. Belə ki, katarakta ilə mübarizədə son çarə yalnız əməliyyatdır.

Əməliyyat həm qapalı, həm də açıq üsulla həyata keçirilir. Bu zaman bulanıq göz bülluru xaric edilərək onun yerinə süni göz bülluru (intraokulyar linza – İOL) yerləşdirilir. Əvvəllər əməliyyat üçün kataraktanın yetişməsini gözləyirdilər. Müasir dövrdə isə buna ehtiyac yoxdur. Kataraktanın müalicəsi üçün el arasında “lazer üsulu” kimi tanınan əməliyyatda göz damcı ilə keyləşdirilir və cəmi 10-15 dəqiqə çəkən əməliyyatla bu problem tamamilə aradan qaldırılır.

Uzman cərrah oftalmoloq Vüsalə Əsədova deyir ki, insanlarımız, adətən, həkimə gec müraciət edirlər. Bu da gözdə qara suyun yaranmasına, əməliyyatın ağır keçməsinə səbəb olur. Yüksək ixtisaslı həkim müayinəsi, müasir texnologiya və keyfiyyətli linzaların tətbiqi cərrahi əməliyyatların uğurlu nəticələnməsinə bilavasitə təsir göstərir.

İcbari tibbi sığortanın tətbiqi ilə görmə qabiliyyətini itirənlər azalacaq

T.Qəlbinur bildirir ki, icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlər əlçatan olub. Bu da öz növbəsində bir çox xəstəliklərin ağırlaşmadan qarşısını almağa imkan verir: “Elə xəstəliklər var ki, vaxtında əməliyyat olunmazsa, korluqla nəticələnir. Bir çox əməliyyatları uğurla icra edirik. İnsanlar vaxtında aldığı müalicənin müsbət təsirini görürlər”.

ATU-nun dosenti hesab edir ki, icbari tibbi sığortanın tətbiqi ilə təkcə xəstəliklərin üzərinə vaxtında düşərək fəsadlarının azalmasına deyil, həm də müayinələrdə kütləviliyə nail olunacaq. Belə ki, icbari tibbi sığortanın tətbiqinə başlanılandan bəri xəstəxanalarda müayinə olunanların sayı artıb. Bu da öz növbəsində həkimlərin daha çox müayinə aparması deməkdir ki, son nəticədə onların inkişafına, daha təcrübəli olmasına xidmət edəcək.

Uzun sözün qısası, icbari tibbi sığortanın tətbiqi ilə kataraktanın müayinə və müalicəsi xəstəxanalarda tamamilə ödənişsiz edilir. Odur ki, “artıq gecdir”, sözünü eşitməmək üçün icbari tibbi sığortanın tətbiq edildiyi ən yaxın dövlət tibb müəssisəsinə müraciət edərək hər birimiz üçün yaradılan bərabər imkanlardan yararlanaq. Yararlanaq ki, gözümüzün nuru solmasın.