İlham Əliyev qadınlara müraciət etdi

ilham-eliyev-qadinlara-muraciet-etdi
Oxunma sayı: 2926


Prezident İlham Əliyev Azərbaycan Qadınlarının IV Qurultayının nümayəndələrinə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə dövlət başçısı qurultay iştirakçılarını Azərbaycan Qadınlarının IV Qurultayının açılışı münasibətilə təbrik edib: 

“Sizi Azərbaycan Qadınlarının IV Qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar, qurultayınızın işinə müvəffəqiyyətlər arzulayıram.

Tarix boyu Azərbaycan qadını istedadlı şair, müdrik hökmdar, mehriban ana kimi şöhrət tapıb. Onun toxuduğu xalçalar və tikmələr, yaratdığı laylalar və bayatılar, nəsildən-nəslə ərməğan kimi çatdırdığı nağıllar və rəvayətlər xalqımızın tükənməz mədəni xəzinəsinə layiqli töhfə olub. Bütün bunlar bizim milli adət-ənənələrimizin, ana dilimizin və mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynayıb. 

Qadınlarımıza ithaf olunan əsərlərdə Azərbaycan qadını dahilər və qəhrəmanlar anası kimi vəsf edilib. Seçib-seçilmək hüququnu bir çox inkişaf etmiş ölkə qadınlarından daha erkən qazanmış xanımlarımız bu gün həyatın bütün sahələrində geniş təmsil olunub. Ölkəmizdə savadsızlığın ləğvi qadınların kütləvi şəkildə müəllimlik, həkimlik, mühəndislik peşələrinə yiyələnməsinə zəmin yaradıb, onlara elm-mədəniyyətdə fitri istedadlarını reallaşdırmaq üçün imkanlar açmış və cəmiyyətdə qadının mövqeyini əsaslı surətdə dəyişib.

SSRİ-nin süqutu nəticəsində yaranan siyasi, iqtisadi və sosial böhran hər bir Azərbaycan qadınının taleyində dərin iz buraxıb. Zorla cəlb olunduğumuz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan qadınları çoxsaylı şəhidlər verib, el-obalarından uzaq düşüb, qaçqın və köçkün həyatına düçar olublar.

Müstəqillik dövründə gedən quruculuq proseslərində qadınlar vətənimizin inkişafı və çiçəklənməsi naminə var qüvvələrini sərf etmiş, bilik və bacarıqlarını əsirgəməyiblər. Tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illərdə ölkəmizdə milli dövlətçilik prinsiplərinin təsbit olunmasında, beynəlxalq əlaqələrimizin formalaşmasında, siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycan qadınlarının xidmətləri danılmazdır.

Son on ildə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərin əldə olunmasında, respublikamızda çoxşaxəli iqtisadiyyatın yaradılmasında, regionların inkişafı proqramının gerçəkləşdirilməsində, demokratik mühitin bərqərar olunmasında, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində Azərbaycan qadınlarının böyük əməyi vardır.

Ölkəmizdə aparılan sosial yönümlü siyasət, ilk növbədə, hər bir Azərbaycan ailəsinə, hər bir Azərbaycan qadınına, hər bir Azərbaycan övladına ünvanlanıb. Əminəm ki, qadınlarımız gələcəyə ünvanlanan bütün niyyətlərimizin, o cümlədən “Azərbaycan–2020: Gələcəyə Baxış” konsepsiyasının gerçəkləşdirilməsində fəal iştirak edəcək və vətənimizin çiçəklənməsi naminə var qüvvələrini sərf edəcəklər.

Ümidvaram ki, qurultayınız son beş ildə gender siyasətinin gerçəkləşdirilməsi ilə bağlı həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətini təmsil edən qadın təşkilatlarının işini təhlil edəcək, onların qarşısında yeni vəzifələr qoyacaqdır. İnanıram ki, sizin səmərəli işiniz nəticəsində formalaşan yeni strategiyalar və fəaliyyət proqramları uğurla yerinə yetiriləcək və ölkəmizin gələcək inkişafına xidmət edəcək”.