“İndi bütün kənd həsrətlə itkin düşən Orucun yolunu gözləyir”

indi-butun-kend-hesretle-itkin-dusen-orucun-yolunu-gozleyir
Oxunma sayı: 4897

Vətən müharibəsində itkin düşənlərdən biri də 21 yaşlı Cabbarov Oruc Akif oğludur.

O. Cabbarov Yevlax rayonu Nərimanabad kəndində anadan olub. Orta təhsilli olan Oruc məktəbi bitirdikdən sonra Ağstafada N saylı hərbi hissədə xidmət keçib. Son 3 ayda isə orduda MAXE kimi qulluq edib. Sentyabrın 27-dən döyüşlərə qatılıb. Oktyabrın 4-də isə ailəsiylə son dəfə danışıb.

O.Cabbarovun atası Akif Cabbarov "Qafqazinfo"ya bildirib ki, oğlu oktyabrın 4-nə kimi ailəsiylə hər gün əlaqə saxlayıb: "Ayın 4-də zəng edib dedi ki, onları döyüşə aparırlar. "Tələsirəm" deyib sağollaşdı. Suqovuşan və Talış istiqamətində döyüşüb.
Müdafiə Nazirliyinə və Qızıl Xaç Komitəsinə də dəfələrlə müraciət etmişik. Bildirilir ki, bəlkə də əsir düşüb. Məndən və yoldaşımdan dəfələrlə analizlər götürülüb. Ortada hələ heç bir nəticə yoxdur. 

Təbiətcə sakit, mülayim uşaq idi. Subay idi. Ailədə bir qardaş iki bacı idilər. Hamının sevimlisi idi. İndi bütün kənd həsrətlə onun yolunu gözləyir". 

Qeyd edək ki, Müdafiə Nazirliyinin son açıqladığı məlumata əsasən, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. 

Günel Türksoy