Tanınmış radio aparıcısı, prodüsser, şair Azər Şirinin “Qafqazinfo”ya müsahibəsi
- İstərdim ən başdan başlayaq. Məsələn maraqlıdır Dj-lik həyatın necə başladı?
Mən “Burc Fm”in reklam şöbəsində reklam ssenaristi kimi işə başlamışam. 2 il işlədim bu sahədə. Reklam mətnlərini hazırlayırdım. Raklamların səsləndirilməsi üçün radioya aktyorlar dəvət edirdik və elə anlar olurdu ki, ya aktyor səsləndirməyə gələ bilmirdi, ya ümumiyyətlə rəhbərlik tərəfindən seçilən aktyorun səsi bəyənilmirdi. Belə vəziyyətlərdə reklamı çatdırmaq üçün məcbur qalıb mətni mən oxumalı olurdum. Belə hallar bir –iki dəfə baş verdi. Sonra elə oldu ki, rəhbərlikdən səsimi bəyəndilər və mənə təklif etdilər ki, radioda aparıcı kimi fəaliyyət göstərim. Mən rəhbərlikdən bir ay müddət istədim ki, özümü bu sahədə sınayım alınar alınar, alınmaz da səmimi şəkildə mənə bu işi bacarmadığımı deyin. Elə oldu ki, məndə alındı, aparıcılığım bəyənildi. Belə başladı mənim radio həyatım. Təklif ediblər, alınıb və mən öz işimi sevmişəm. 6 ilə yaxın “Burc Fm” də çalışdım 1 il yarım “106.3” də ( Atv), hal-hazırda da “Space” radiosunda fəaliyyətimi davam etdirirəm.
- Bir radio aparıcısı kimi özünü peşəkar və uğurlu aparıcı hesab edirsənmi?
- Radio sahəsində bəli özümü müvəffəqiyyətli hesab edirəm. Ancaq tam səmimi deyirəm ki, televiziya aparıcısı kimi özümü uğurlu aparıcılardan saymıram. Ona görə yox ki, mən yaxşı televiziya aparıcısı deyiləm. Mən realist bir insanam. İnsan gərək televiziya sahəsində doğurdan da ad qoyacağı bir iş görsün ki, bunu deməyə də haqqı olsun. Mənim özümə televiziya aparıcısı deməyim özümə də gülməli gəlir. Çünki mən televiziyada hələ çeviriliş edəcək bir iş görməmişəm yəni mənim bu sahədə o qədər də stajım yoxdur. Amma radio aparıcısı kimi hardasa 8-9 ilə yaxın stajım olduğu üçün deyə bilərəm ki, mən öz sahəmdə uğurluyam. Amma mən özüm haqqında əla, mükəmməl radio aparıcısıyam da demirəm.
Çünki bunu insan özünə dediyi an geri addımlayır. Daima məsuliyyət hiss etməlidir aparıcı öz üzərində. Mən 100 yaşımda da mikrafon qarşısında otursam yenə də diqqətli olmalıyam. İnsan daima çalışmalıdır ki, daha da yaxşı olsun, özünə məndən yoxdu, mən birdənəyəm deməməlidir.
- Bir müddətdən sonra səni efirlərdə gördük. Radio aparıcı ilə dinləyici arasında sirli bir ortam yaradıb hər zaman. Səsin ön planda olduğu yayımçılıqda dinləyicinin xəyal dünyasına siraət edən bu sirri görmək acı ya, da şirin həqiqətə çevirilir. Bəzən tamaşaçı xəyal qırıqlığına uğrayır. Bu fikirlə razısanmı?
- Mən bu fikirlə razılaşıram. Çünki efirə çıxdığım an mənim haqqımda da bu baş verdi. İnsanlar məni nədənsə daha çox hündürboy, hər zaman klassik geyimdə bir sözlə daha yaxşı təsəvvür edirdilər, amma efirə çıxanda gördülər ki, balacaboy qıvrımbaş, saqqalı bir şəxsəm. Onların təsəvvür etdiklərindən tamamilə fərqli bir sima gördülər. Bu əslində radio aparıcısı üçün yaxşı bir hal deyil. Məni efirə çıxmağa məcbur etdilər. Məsələn “Nar star” yarışmasında “Xəzər” Televiziyasının özlərinin təyin etdiyi aparıcı efirə çıxmalı idi. Onlar aparıcının danışacağı hər sözdən, deyəcəyi hər fikirdən tam arxayın olmalı idilər. Buna görə də hər aparıcını efirə buraxa bilməzdilər. Onların bilirsiniz ki, öz iş prinsipləri var. Bu işi də mənə etibar etdikləri üçün verilişi mənim aparmağım üçün təkid etdilər. Məni tanıyanlar da bilirlər ki, mənim heç vaxt televiziya aparıcısı olmaq kimi bir istəyim olmayıb. Radio mənə kifayət edir. Çünki radio elə bir yerdir ki, insan orda daha səmimi ola bilir. Ümumiyyətlə reklamda da belə bir şey var soyuq ünsiyyət vasitələri, isti ünsiyyət vasitələri. Radio daha isti ünsiyyət vasitəsi sayılır dinləyici üçün. Tamaşaçı məni necə təsəvvür edir etsin, amma yetər ki, məni dinləsin və mənim səmimiyyətimi hiss etsin. Amma televiziya belədir ki, sən hər zaman yaxşı görünməlisən. Hərdən istəmədiyin halda gülməlisən, istəmədiyin halda kədərlənməlisən. Mən demirəm ki, televiziya sahəsi pisdir, sadəcə orda işin qaydası budur. Amma radioda belə bir məcburiyyət yoxdur. Ürəyin istədiyi kimi geyinirsən, istədiyin kimi hərəkət edirsən. Amma televiziyada bu mümkün deyil. Kamera elə şeydir ki, sən istər- istəməz onu görəndə özünü yığışdırırsan, bu səndən asılı olan şey deyil, bu məsuliyyətdir. Radio bir qədər bu məsuliyyəti sənin üstündən alır və daha səmimi olmağa imkan yaradır.
- 10 ildən sonra mətbuatda hansı xəbərlə manşetə çıxmaq istəyərdin?
- Ancaq gördüyüm uğurlu, yaxşı keyfiyyətli işlərlə gündəmdə olmaq istəyirəm. İndi reklam sahəsində daha aktivəm. Bəyaq da söylədim ki, mən bu yerlərə reklam sahəsindən gəlmişəm. Bu sahə mənim hər zaman sevdiyim, və özümü görmək istədiyim bir sahə olub. Ümid edirəm ki, mən 10 ildən sonra bu sahədən də istədiyim uğuru əldə edə biləcəm.
- Bir ara şou- biznes aləmində adına rast gəlirdik. Amma xeyli vaxtdır ki, şou məkanından kənarsan
- Belə deyək də, bir balaca bezdim bu işlərdən, şou- biznesdən uzaqlaşdım. Amma bu o demək deyil ki, mən şou-biznesdə olanları pisləyirəm. İstənilən şou-biznes əhli ilə səmimi münasibətlərim var. Sadəcə olaraq hər insanın bir xarakteri var. Şou- biznes də mənim xarakterimə uyğun deyildi. Ona görə də kənara çəkildim ki, qoy öz işimi qurum. Onsuz da məni, mənə lazım olan adamlar tanıyır, sevir, işimi bəyənirlər. Hardasa 3 -5 nəfər də olsa işimi bəyənən insan varsa mənə kifayət edir. Mən bilirəm ki, bunlar az da olsa mənim istədiyim kütlədir. Mənim nə demək istədiyimi başa düşənlərdilər.
- Azər Şirin necə bir həyat fəlsəfəsinə sahibdir?
- Mənim həyat fəlsəfəm budur ki, insanları olduğu kimi, həyatı reallıqları ilə birlikdə qəbul etmək lazımdır. Çox faciəvi bir hal almayıbsa istənilən insanı bağışlamaq lazımdır. Həyada insan üçün ən dəyərli varlıq elə budur, mən bunu dərk etdikcə insanları daha yaxşı başa düşürəm. Həyatda bəzi məhfumlar var də; sevgi sədaqət, vəfa, etibar kimi. Bunlar düşünürəm ki, nisbi varlıqlardır. İnsan yaşdıqca başa düşür ki, ən dəyərli varlıq elə özüdür. Bir insan mənə qarşı pislik edirsə mən bunu onun mənfəətinə sadiqliyi kimi qəbul edirəm. Normaldır yəni. Mənim fikrimcə insan 100 faizdən ibarətdirsə və onun 51 faizi yaxşıdırsa 49 faizi pisdirsə onu bağışlamaq olar. Bir insan ümumilikdə götürdükdə yaxşı insandırsa ona xırda -para səhfləri keçməliyik, çünki hamımızın səhvləri var. Bir də mənim həyatımın bir dəyişilməz şüarı var. Mən anadan olduğum gündən ölən günümə qədər sadə vətəndaş Azər Şirinəm. Mən heç vaxt heç bir statusu qəbul etmirəm. Yəni ən yaxşı aparıcı, ən yaxşı söz yazarı və sair. Bunu boğazdan yuxarı demirəm dediyimi həyatımda da təsdiq edən insanam. Mən çalışıram ki, radioda, efirdə necəyəmsə, real həyatda da o cürə olum. Yəni məni real həyatda görən insanlar aradakı fərqi hiss etməsinlər. Əgər hiss edirlərsə deməli mən iki üzlü insanam. Mənim əslində missiyam insanlara daha yaxın olmaqdı. Hər zaman çalışıram ki, mənə qeyri- adi varlıq kimi baxmasınlar. Çünki mən də onlardan, sizlərdən biriyəm. Tam səmimi deyirəm ki, mənim yeni tikili binalarda yaşayan, bahalı maşınlar sürən dostlarım çox azdır. Mənim dostlarımın əksəriyyəti birmərtəbəli evlərdə yaşayırlar. Sözümü ona gətirirəm ki, mənim dostlarım varlı, pullu bahalı maşınlı insanlar deyil. Demirəm ki, o insanlar pis insanlardır. Yox sadəcə mənim üçün sadə insanların yanında olmaq daha rahatdır, nəinki statusca məndən yuxarı olanların yanında olmaq. Var- dövlət, şan -şöhrət mənim üçün maraqlı deyil hamımızın gedəcəyi ünvan, verəcəyi hesab bəllidir.
Əgər mənimlə sadə insanlar arasında fərqi yaradan radio, televiziyadırsa, mən başa düşməliyəm ki, mənə olan rəğbətin 10 faizi mənimdirsə 90 faizi xalqındır. Mənim tamaşaçılardan heç bir fərqim yoxdur əslində. Bircə fərqim odur ki, Allah mənə şans verib ki, mən efirə çıxım. İnsanlar hərdən elə fikirləşirlər ki, məhşur insanlar qızıldan, gümüşdən qablarda yemək yeyirlər, qu tükündən olan yorğan döşəkdə yatırlar. Bunun da səbəbkarı bu sferanın nümayəndələridir. Məhşur olmaq lazımdır, amma başa düşmək lazımdır ki, bu məhşurluq sənə ona görə verilməyib ki, sən bundan öz mənfəətlərin üçün, yaxud da kimisə qısqandırmaq üçün istifadə etməlisən. Bu sənə missiya kimi verilib. Hərənin bir missiyası var. Kimisi gözəl musiqini tərənüm edə bilər, kimisi gözəl sözü tərənnüm edə bilər. Əsas odur ki yaxşı şeyə vəsilə olsun.
- Səni həm də şair adlandırmaq olar. 100-ə yaxın musiqiyə söz yazmısan. Hər biri də çox populiyar olub, sevilib. Şeir yazarkən nələrdən ilham alırsan, necə bir ruh halında olursan?
- Əslində mən özümə şair deməyə utanıram. Şairlik yox, amma cızma qara -edirik. Yazan insanların digərlərinə nisbətən xoşbəxtliyi ondan ibarətdir ki, biz fikirləşdiklərimizi yaxşı formada ifadə edə bilirik. Mənim yazıdığım sözlərin hər biri lüğətdə var sadəcə ondan düzgün istifadə etmək lazımdır. Şeir yazanda da səmimi olmaq lazımdır. Hər kəsin bildiyi, yaşadığı, hiss etdiyi şeylərdən yazmaq lazımdır. Məsələn hər birimiz sevmişik, ayrılmışıq, xəyanət görmüşük, sevdiyimiz üçün darıxmışıq, hamı bağışlayıb, kövrəlib. Bunlar insani hisslərdir. Mənim müsbətim də budur ki, insanların hiss etdiklərini səmimi şəkildə onlara çatdıra bilirəm. Şeirlərimin ən böyük özəlliyi mənə elə gəlir ki, budur. Hiss etmədiyim nəyisə yaza bilmərəm.
Yazmaram da. Əgər yalandan loru dildə desək basıb-bağlayıramsa, oxuyan adam onu o saat hiss edir. Sevən adam özünü öldürə də bilər, asa da bilər. Amma bu milyonda bir olan şeydir və bununla sevginin böyüklüyün göstərmir insan. Amma hər kəs sevəndə darıxır, yatıb yuxusunda sevdiyini görür, yanında görmək istəyir. Bax mən hamıda olan bu hissləri yazmağa çalışıram. Mənim şeirlərimin sözləri sadədir, və mən çalışıram ki o sadə sözlərlə dərin məntiq aşılayım insanlara. Söz xatirinə söz, qafiyə xatirinə şeir yazmıram. İnsanlar səndə, işində mənfi bir şey görməməlidir. “O bilmədi” şeirimə bəstələnən mahnı Elçinin kariyerasında dönüş nöqtəsi idi. Eləcə də Yaşar Cəlilovun repertuarındakı “Bilməzdim” mahnısı. Bu işlər bir- birindən fərqlənir, amma mayası eynidir; səmimiyyət . Mən “O bilmədi”ni yazandan sonra bu uğurla kifayətlənmədim, onu ardınca “Yadına sal”, “Səndən əl çəkirəm” və sairə uğurlu mahnılar gəldi. Mən insanlarla ünsiyyətdə olanda təxmini bilirəm ki, mənim hansı işim onların xoşuna gəlir. Bəzi işlər də var ki, açıq deyim ki, özüm yazsam da bəyənmirəm onları. Ona görə yox ki, mən onu yaxşı yazmamışam, ona görə ki, o mənim istədiyim məqsədlə istifadə olunmayıb. Məsələn şeir olub ki, yazıb vermişəm heç bəyənmədiyim bir ifaçıya verilib. Reallıq budur ki, həmin ifaçı mənim demək istədiyimi çatdıra bilməyib.
Belə çıxır ki, şeirlərinə bəstələnən mahnıların ifaçılarını özün seçirsən?
Elçin Şirin və Tərlan Məmmədhüseynovla gördüyüm bütün işlərimin 90 faizində ifaçını biz təyin edirik. Müraciətlər olur fərqli ifaçılardan. Biz ifaçının səs diapazonuna, vokal imkanlarına baxıb ona uyğun mahı yazıb veririk. Elə ifaçılar var ki, onları 4- 5 saat studioda oxudandan sonra ondan istədiyimiz keyfiyyəti ala bilirik. Mənim tək gördüyüm işlər də var. Digər bəstəkarlarla işləyirəm.
Müəğənnilər özləri müraciət edirlər. Pul mövzusunda isə mən həmişə kompramisə gedən insanam. Hətta elə ifaçılar olub ki, mən onlara bağışlamışam mahnını.
- Yaradıcılıq istiqamətin çoxşaxəlidir. Aparıcılıq, söz yazarı, prodüser, reklam işləri. Maraqlıdır bütün bu işləri bir arada görmək, hamısına yetmək səni yormur?
- Mən mədəniyyətin hər sahəsindı uğur qazanacağıma inanıram. Ona görə də hər sahədə özümü sınayıram və xoşbəxtlikdən də məndə alınır. Məsələn mən inanıram ki, məndən çox gözəl aktyor da ola bilər. Əgər bu istedadı özümdə hiss edirəmsə onu göstərməkdən heç vaxt çəkinmirəm. Fiziki olaraq bəlkə zamanla yoruluram, amma mənəvi olaraq əsla yorulmuram, əksinə zövq alıram gördüyüm işlərin hər birindən.
- Gördüyün işlərin içində sənə ən doğma olan hansıdır?
- Əlbətdə ki, radio mənim üçün daha əzizdir.
- Nə vaxtsa bir gün Azər Şirini efirlərdə müğənni kimi görə bilərikmi?
- Əsla yox. Baxmayaraq ki, mənim məktəb illərində Heydər Əliyev adına Sarayda çıxışlarım olub, amma bu sahənin dalınca qaçmamışam. İfaçı olmaq pis sənət deyil. O vaxt bu işi davam etdirsəydim bəlkə də indi hardasa bu sahədə ola bilərdim. Amma o vaxt təhsilimə görə musiqini seçmədim peşiman da deyiləm. Özüm üçün oxuyuram, amma nə vaxtsa mən müğənni kimi ekrana çıxmağı düşünmürəm. Əgər məndən yaxşı bu işi görən insanlar varsa mənim çıxıb özümü biabır etməyimin yeri yoxdu. Ən yaxşısı odur ki, hər kəs bildiyi işi görsün. Mən demirəm əla, amma orta səviyyədə də olsa yazmağı, danışmağı bacarıramsa bu mənə kifayətdir. Mükəmməl görə biləcəyim işi görərəm, amma bu işi məndən də yaxşı görəcək insanlar olacaqsa mən getmərəm o işin dalınca. Girdiyim işdə ya ən yaxşı olmalıyam, ya da ümumiyyətlə o işə getməmliyəm. Radio sahəsində təvazökarlıqdan kənar da olsa əminliklə deyə bilərəm ki, Azərbaycanda barmaqla sayılacaq 3- 4 keyfiyyətli radio aparıcısı varsa onların arasında sonuncu da olsa mənim adım çəkilir. Bu işləri yaxşı görə bilirəmsə mənə yarım-yamalaq görəcəyim işlər lazım deyil.
- Ötən il şeirlərindən ibarət “Sözsüz” adlı kitab çıxardacağını demişdin. Kitabın aqibəti necə oldu?
- Bəli kitab çıxartmağı planlaşdırırdım. Bilirsiniz ki, mən indi Boris Bayramovla işləyirəm. Onun prodüserliyini, piyar işlərini görürəm. Başım bu işlərə qarışdığı üçün kitab ləngiyir . Həm də bu işə maddi dəstək də lazımdı, çünki mən adi, sıradan kitab təqdimatı etmək istəmirəm. Geniş və daha səviyyəli bir təqdimat planlaşdırdığım üçün hələki səbr edirəm.
- Bir az da prodüserlik fəaliyyətindən danışaq. Ötən il Natavan Həbibi ilə, ondan əvvəl Yaşar Cəlilovla işlədin. Amma nədənsə bu işbirliklərinin ömrü elə də uzun olmadı.
- Natəvan Həbibi ilə çox qısa müddət işlədik, amma dostluq münasibətlərimiz yenə də qalır. Mənim ondan yüz faiz incikliyim yoxdur, ümid edirəm ki, onun da məndən incikliyi yoxdur. Bəzi şeylər var ki, insanların iş prinsipləri ilə üst-üstə düşmür. Bu o demək deyil ki, işbirliyi alınmırsa o insanlar bir -birinə düşmən olmalıdırlar. Əgər hiss edirsən ki, bir işin sonunda hansısa prinsiplər üzündən münasibətlərə zərər gələcək, o işi sonlandırmaq lazımdır. Yaşarla da bəzi məslələr vardı ki, alınmadı. Yaşarla mən işləyəndə onun yaşı az idi və o mənim qoyduğum qayda- qanunların çərçivəsinə sığmadı. Amma onunla da dostluq münasibətlərimi itirməmişəm. İş alınmırsa o insanla düşmən olmaq lazım deyil. Hazırda isə Boris Bayramovla çalışıram. Bilirsiniz bir insanı ulduz etmək, xüsusilə də Azərbaycanda ulduz etmək çox çətin məsələdi. İstedadlı bir insanı qısa müddətdə, düzgün strategiya ilə halal şəkildə yüksəltmək, onu ulduz edib əlini çörəyə çatdırmaq asand iş deyil. Buna vaxt, səbr, düzgün praktika, piyar kompaniyası lazımdır. Mən belə hesab edirəm ki, istənilən qabiliyyəti olan insan, həm vizual olaraq, həm səs olaraq, həm görünüş olaraq efirə yaramalıdır. Bir sözlə unikal olmalıdır. Əgər ulduz deyiriksə, onu digər insanlardan fərqləndirən nə isə olmalıdır. Borisin mənim uğurlu işlərimdən olacağına inanıram.
- Prodüserlikdən söz düşmüşkən. Azərbaycanda prodüserlik anlayışı hansı səviyyədədir. Səncə sən prodüserliyin meyarlarına uyğunsanmı?
- Prodüserlik anlayışı Azərbaycanda çox kasaddır. Prodüserlik çox çətin bir sahədir. Sən hansısa bir insanı sıfırdan, düzgün, insanların görmək istədiyi şəkildə modelləşdirirsən. Bunu bacara bilirsənsə deməli uğur əldə edəcəksən. Yox əgər onu sadəcə bazara uyğun formalaşdırırsansa burda prodüserlikdən söhbət gedə bilməz. Bu işlər bir az da zövq məsələsidir. Tam olaraq deyə bilərəm ki, mən istənilən qabiliyyəti olan insanı necə ulduz etməyin yollarını bilirəm. Sadəcə olaraq Azərbaycanda o platforma yoxdur ki, istədiyin işi istədiyin şəkildə edəsən. Biz əgər bu gün müğənnini toy bazarı üçün fikirləşiriksə, yaxşı toy tutsun, məclislərə gedib pul qazansın bu zaman keyfiyyətli sənətdən danışmaq absurddu. Toy bazarı pis deyil. Təbii ki, müğənni əgər xalqın sayəsində məhşur olursa, onun borcudur ki, xalqa xidmət etsin. Amma həyatını bu bazarın üzərində qurmaq düzgün deyil. Manısla ulduz fərqli şeylərdir. Ulduzun səsi mükəmməl olmaya bilər, amma o demək deyil ki, o ulduz deyil. O, geyimi ilə, görünüşü ilə, mədəniyyəti ilə, intellektual səviyyəsi ilə ulduz olmalıdır. Biz yaxşıya yaxşı, pisə pis qiymət verməyi bacarmırıq Media insanları necə göstərirsə, biz də insanlara o cürə qiymət veririk. Halbuki bir az da dərinə getsək o lazımsız insanlar özləri özlərini ələ verəcəklər. Biz onu edə bilmədiyimiz üçün, ictimai qınaq olmadığı üçün bu mümkün olmur. Hər zövqdə insanlar var və insanlara demək olmaz ki, sən buna qulaq asma, buna qulaq as. Amma media nə edə bilər? İnsanları bilgiləndirə bilər, zövqünü yaxşılaşdıra bilər və yaxşı olan nə isə təqdim edə bilər. Bu gün müğənninin statusu həftədə neçə dəfə efirə çıxıb, ayda neçə toya getməsi ilə ölçülür. Burda hansı sənət keyfiyyətindən danışmaq olar. Bir müğənni daha çox toya gedirsə, daha bahalı maşın sürürsə bu o demək deyil ki, o yaxşı ifaçıdır, sənətkardır. Bunu başa düşdüyümüz zaman Azərbaycanda o istədiyimiz platforma yaranacaq. Mən bu günə qədər gördüyüm işlərdən maddi olaraq heç bir şey qazanmamışam, əksinə itirmişəm. Amma nə vaxtsa qazanacağımı bilirəm.
- Tənqidlə aran necədir. Səndə ən çox nəyi tənqid edirlər?
- Tənqidlə aram çox yaxşıdır. Ən çox məndə kobudluğumu tənqid edirlər. Bununla da razıyam. Aparıcı kimi isə deyirlər ki, çox tez-tez danışıram.
- Ötən il bu il üçün evlənməyi də planlaşdırdığını demişdin.Varmı belə bir şey?
- Mən demişdim ki, ola bilər. Daha yaşım da keçir, amma belə şeylər qismətə bağlıdır. Həyatımda elə insanlar olub ki, münasibət qurmuşam, istəmişəm ciddi nəsə olsun, amma alınmayıb. Deyə bilmərəm ki, onlar pis olub mən yaxşı olmuşam. Sadəcə alınmayıb. Nə qədər mülayim olsam da bir o qədər də çətin adamam.
- Evlliyini sevgi, yoxsa məntiq üzərində qurmağa üstünlük verirsən?
- Bu sualı bir neçə il əvvəl versəydin deyərdim ki, mütləq sevməliyəm. Amma indi fərqli düşünürəm. İnsanı bəyənsən kifayət edir. İnsanda 51 faiz mənə uyğunluq varsa 49 faizi araşdırmaq fikrində deyiləm o da qalsın evlənəndən sonraya onda daha maraqlı olar.
- Kitablarla aran necədir. Ən son oxuduğun kitab nə olub?
- Kitablarla aram yaxşıdır. Amma son dövrlərdə oxumağa vaxtım olmur. Əlimə imkan düşdükcə internetdən məlumatlar oxuyuram, amma bədii ədəbiyyat başqa şeydir. Buna görə də özümü şiddətlə qınayıram. Bu mənim üçün ayıb olan bir şeydir. Amma mən açıq deyim ki, gördüyüm işdən istədiyim keyfiyyəti almayana qədər rahat ola bilmirəm. Rahat ola bilmirəmsə mən başqa bir fəaliyyətlə də məşğul ola bilmirəm. Son dəfə “Sirr” adlı kitab oxumuşam. Düzdü gözlədiyim qədər də möcüzəvi bir şey deyildi, amma müəyyən qədər maraqlı kitabdır, orda cazbiə qüvvəsindən bəhs olunur.
- Bu il üçün planların nədir?
- İlin sonuna qədər Boris Bayaramovu Azərbaycan estradasında istədiyim səviyyəyə gətirib çıxartmalıyam. Reklam sferasında bəzi proyektlər var, istər dövlət proyektləri olsun, istər şəxsi görmək istədiyim proyektlər var ki, onları həyata keçirtmək istəyirəm. Bir də çatdıra bilsəm, bu il kitabı da yekunlaşıdırmağı planlaşdırıram.
Günel