İntihar edən qadının əri danışdı- - "3 uşağım yenidən çöldə qalacaq"

intihar-eden-qadinin-eri-danisdi-
Oxunma sayı: 3130


3 uşaq anasının həyatına qəsd etməsinə səbəb olan faktlar araşdırılıb. İntihar olayından sonra hər kəsi uşaqların taleyi maraqlandırırdı. Görəsən, üç uşaq kimin himayəsində qalıb?  

Qaradağ Rayon Polis İdarəsindən bizə bildirdilər ki, uşaqlar haqda məlumatları yoxdur, ümumiyyətlə, belə məsələlər onların səlahiyyətlərinə aid deyil. Tövsiyə etdilər ki, bu barədə yalnız Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat alaq. İcra hakimiyyətinin də cavabı demək olar ki, eyni oldu: “Bizə aid olmayan məsələdir".

Uşaqların axtarışı ilə Lökbatan qəsəbəsinə yollandıq. Mərhum Zeynəb Muradovanın işlədiyi gözəllik salonunun qapısı məlum səbəbdən bağlı idi. Yaxınlıqdakı ofisdən dedilər ki, olaydan sonra salona bir neçə dəfə mərhumun həyat yoldaşı gəlib. 

“Mərhumun əri var” sualı bir qədər təəccüblə qarşılandı: “Əlbəttə ki, var. Özü də yaxınlıqdakı İcra Hakimiyyətində işləyir”. Qeyd edək ki, mətbuatda mərhumun ərindən ayrıldığı bildirilirdi.

Mərhumun həyat yoldaşı ilə görüşdük. Qadının əri Murad Hüseynov bildirdi ki, uşaqlar mərhumun bibisinin evindədir:

- Uşaqlar hələ analarının ölümü barədə heç nə bilmirlər. Kiçiyi isə dörd aylığına yenicə girib. Zeynəbin bu addımı bizim hamımızı çox sarsıtdı. Belə olacağını gözləmirdik, hələ də şokdayıq. 

- Siz rəsmi nikahda idiniz?

- Əlbəttə, biz 10 ildir ki, evliyik. Bir yerdə universitetdə oxumuşuq, sevib ailə qurmuşuq. Zeynəb riyaziyyat fakültəsini bitirib. 

- Niyə onun bu ağır vəziyyətdən çıxması üçün çalışmırdız?

- Maaşla yaşayan adamam. Bu qədər borcu axı necə ödəyə bilərdim? Özünə qapalı adam idi. Hər zaman problemlərdən sonda xəbər tuturdum. Mənə heç nə demirdi. Bilirdim ki, borca girib, sələm götürür. Bir dəfə başa düşdüm ki, böyük borca düşüb. Borclular hər gün evimizə gəlib bizi təhdid edirdilər. Onda dedi ki, qızıl alveri edir və xeyli borcu yaranıb. Məcbur olub evimizi satdım. Bir-bir borcları öz əlimlə ödədim, 51 min yalnız onun borclarına verdim. Kreditlə özünə maşın da almışdı, geri qaytardım. Bunun üstündə məndən xeyli müddət incimişdi də, ancaq bilirdi ki, ən doğrusunu etmişəm. Sonra isə bu sələm məsələsi çıxdı ortaya. 

- Zeynəbin psixoloji problemləri vardımı?

- Xeyr. O, sadəcə, evimizi geri qaytarmaq istəyirdi. Həmişə bildirirdi ki, itirdiklərini yenidən qazanmaq istəyir. Bir gün dedi ki, salon açmaq istəyir. Mən də etiraz etmədim. Ancaq bu qədər borc götürdüyündən xəbərim yox idi. Ümumiyyətlə, o sələmi götürüb hara xərcləyib, ondan da xəbərim yoxdur. Salon və onun içində olan bütün ləvazimatları, gəlinlikləri kirayə götürüb. Gəlinliklərin sahibləri hər gün məndən xahiş edirlər ki, heç olmasa onlar geri qaytarılsın. 

- Mərhuma sələm verən Arzu Cabbarovanın onu təhdid etməsini bilirdiniz?

- Təhdidlərdən xəbərim var idi. Mənə bu haqda bir iş yoldaşım demişdi. Bu barədə polisə məlumat verdik. Hələ də anlaya bilmirəm, bu qədər pul onun nəyinə lazım idi, hara xərcləyib?

- Xanımınız  üç uşaqla birlikdə salonda yaşayırmış...

- Bəli, bu doğrudur. Qalmağa yerimiz yox idi. Dedi ki, gəl hələ ki, birlikdə salonda yaşayaq. Həmin salonda 5 gün yaşamışıq. Uşaqlara orda baxmaq çətin idi, ona görə onları bibisinin evinə aparırdıq, elə yaşlı bibisi onların qayğısına qalırdı. Sonra ev kirayələdik. Bir neçə gün sonra isə Zeynəb intihar etdi.

- Əvvəllər heç də pis yaşamamısınız. Hər ikiniz universitet məzunusunuz. Birlikdə ailəni saxlamaq üçün başqa yollar yox idi?

- Bəli, evimiz, maşınımız olub. Ancaq onun özbaşına etdiyi hərəkətlər bizim ailəmizin məhvinə səbəb oldu. Yaxınlarım mənə deyirdilər ki, onu cəzalandırım və yaxud boşayım. Ailəni dağıtmaq çox çətindir, hələ uşaq varsa məsuliyyət daha ciddi olur. Buna görə göz yumurdum. Bu da nəticəsi...

- İstintaq nə yerdədir?

- Hələ bu günəcən məni çağırmayıblar. Məni axtaranlar yalnız borclu olduğu şəxslərdir. Bir insanın nə qədər borcu olarmış? Çaş-baş qalmışam ki, borcları necə ödəyim. Heç olmasa bu qədər borc verəndə bir maraqlanardılar ki, əri haradadır, mənim xəbərim varmı? Borclar üst-üstə yığılandan sonra üstümə gəliblər. İndi də mənim boğazımdan yapışıblar. Bunlar bir kənara, bibisinin evini banka girov qoyub. Ordan isə bildirirlər ki, dekabrın 20-nədək yerdə qalan borc ödənməsə, ev hərraca çıxarılacaq. Beləliklə, uşaqlar yenidən çöldə qalacaqlar. Sizin vasitənizlə “Azəriqaz Bank”ın əməkdaşlarına səslənirəm, mənə güzəştə getsinlər. Borcun xeyli hissəsi ödənilib, qalanını ödəməyə imkanım yoxdur...

musavat.com