İran “qara qutu”ları Ukraynaya göndərir

iran-qara-qutulari-ukraynaya-gonderir
Oxunma sayı: 1298

İran Tehran üzərində vurulan Ukrayna təyyarəsinin “qara qutu”larının deşifrə edilməsinin mümkünsüzlüyünü etiraf edərək onları rəsmi Kiyevə verməyə razı olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar uçuş qeydlərinin ölkənin istəyinə uyğun olaraq Ukraynaya göndəriləcəyini açıqlayıb. Kiyev Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislərin köməyi ilə “qara qutu”ları deşifrə etməyə çalışacaq, nəticə əldə etməsə, Parisə göndərəcək.

Qeyd edək ki, Kiyev yanvarın 15-də İrana sorğu göndərərək uçuş qeydlərinin düzgün şifrələnməsini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.