İrəvanda aksiya iştirakçıları metronun işinə mane oldular - Video

irevanda-aksiya-istirakcilari-metronun-isine-mane-oldular
Oxunma sayı: 1016

Ermənistanın paytaxtı İrəvanda yenidən ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu dəfə “5165” hərəkatının tərəfdarları etiraz aksiyası keçirir və onlar aksiyaya İrəvan metrosundan başlayıblar.

Hərəkat nümayəndələri “Eritasardakan” stansiyasında hər iki istiqamətdə qatarların hərəkətini 9 dəqiqə ərzində dayandırıblar.

İştirakçılar aksiyanın davam edəcəyini bildirib və hər kəsi axşam Respublika Meydanında toplaşmağa çağırıb.

Qeyd edək ki, “5165” parlamentdənkənar partiyası və onun tərəfdarları noyabrın 22-dən İrəvanda Paşinyana qarşı etiraz aksiyası keçirirlər.

***

İrəvan metropolitenin mətbuat katibi Tetev Xaçatryanın sözlərinə görə, metronun fəaliyyəti tam olaraq bərpa olunub. 

***

İrəvan metrosunda keçirilən etiraz aksiyasının iki iştirakçısı polis tərəfindən saxlanılıb. Paytaxt polisinin verdiyi məlumata görə, həmin şəxslər polis əməkdaşlarının tələblərini yerinə yetirmədiklərindən polis bölməsinə aparılıblar. Onlar 3 saat ərzində sərbəst buraxılacaqlar.