İsa Qəmbər namizədliyini geri götürdü

isa-qember-namizedliyini-geri-goturdu
Oxunma sayı: 2954


Partiyadan "Qafqazinfo"ya daxil olan məlumata görə, Müsavat Gənclər Təşkilatının dünən keçirilən ümumi yığıncağı barədə məlumat dinlənilib. Divan Müsavat Gənclər Təşkilatının ölkənin aparıcı gənclər təşkilatından biri kimi fəaliyyətində xidmətlərinə və mübarizədə şəxsi fədakarlığına görə təşkilatın keçmiş sədri Tural Abbaslıya, onun silahdaşlarına, ümumiyyətlə, yaş həddinə görə Gənclər Təşkilatının üzvlüyünü tərk etmiş bütün müsavatçılara təşəkkür edib.

Sonra ictimai-siyasi vəziyyət müzakirə olunub. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbs müddətinin daha bir ay uzadılması qətiyyətlə pislənilib. Toplantı iştirakçıları Yadigar Sadıqovun, eləcə də öz ictimai-siyasi fəaliyyətinə görə həbs edilmiş şəxslərin - Tofiq Yaqublunun, İlqar Məmmədovun, Əvəz Zeynallının, Hilal Məmmədovun, Hacı Mövsüm Səmədovun, Hacı Taleh Bağırovun, İlkin Rüstəmzadənin, NİDA vətəndaş hərəkatı üzvlərinin, ümumiyyətlə, bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.

Toplantıda Milli Şuranın son toplantısında Müsavat Partiyasının da təşəbbüsü və iştirakı ilə professor Cəmil Həsənlinin yeni vahid namizəd kimi irəli sürülməsi ilə bağlı yaranmış siyasi situasiya müzakirə edilib. Divan partiyanın son Məclisinin ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Milli Şuranın prezident seçkilərində vahid namizədlə iştirak etməsinin məqsədəuyğunluğunu və İsa Qəmbərin təklifini nəzərə alaraq növbəti Prezident seçkilərində Cəmil Həsənlinin namizədliyini müdafiə etmək, bütün partiya strukturlarının, o cümlədən partiyanın Mərkəzi Seçki Qərargahının fəaliyyətini bu istiqamətə yönəltmək barədə qərar qəbul edib. Divan həmçinin bugünə qədər İsa Qəmbərin namizədliyini müdafiə edən partiyalara, içtimai təşkilatlara və ictimai-siyasi xadimlərə təşəkkür etməklə yanaşı, onları Milli Şuranın vahid namizədi Cəmil Həsənlini müdafiə etməyə çağırıb.

Toplantıda daha sonra dünən Xəzər–Lənkəran–Neftçi görüşündən sonra baş vermiş hadisələrdən narahatlığını ifadə edib. Qeyd edilib ki, idman sağlam rəqabət şəraitində gözəldir və bütün komandaların rəhbərlikləri, azarkeşləri bu amili heç vaxt unutmamalıdır.