Xəbər verdiyimiz kimi, ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində həyata keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşini zərərsizləşdiriblər.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, əl-Qureyşiyə qarşı əməliyyatın detalları məlum olub. Belə ki, Suriya Vətəndaş Müdafiəsi Təşkilatı tərəfindən verilən açıqlamaya görə, dünən təşkil edilən əməliyyatda 6-sı uşaq, 4-ü qadın olmaqla, ümumilikdə 13 nəfər öldürülüb.
Eyni zamanda ABŞ administrasiyası əməliyyatda iştirak edən bütün amerikalıların sağ-salamat geri qayıtdığını bildirib.
KİV-in məlumatına görə, ABŞ xüsusi təyinatlıları helikopterlərlə yerə enərək İŞİD liderinin olduğu evə hücum ediblər.
İlkin məlumatlara görə, əl-Qureyşi üzərindəki partlayıcı qurğunu işə salıb.
Qeyd edək ki, İŞİD lideri yanvarın sonunda Suriyanın şimal-şərqindəki Əl-Həsəkə şəhərində 300-dən çox insanın ölümünə səbəb olan həbsxanaya hücumu təşkil etməkdə şübhəli bilinir.
Əmir Məhəmməd Səid Abdul Rəhman əl-Maul kimi tanınan Əl-Haşimi 2019-cu ilin oktyabrında ABŞ-ın hərbi əməliyyatları zamanı öldürülən təşkilatın əvvəlki lideri Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra İŞİD yaraqlılarına rəhbərlik edib. Birləşmiş Ştatlar əl-Haşiminin başına 10 milyon dollar mükafat qoymuşdu.







Son xəbərlər
Son Xəbərlər