İstanbulda azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar

istanbulda-azerbaycanlini-aldadib-15-milyonluq-qizilini-elinden-aldilar
Oxunma sayı: 710

İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları aldadıblar.

Eyüpsultan rayonunda şirniyyat mağazasında menecer işləyən Azərbaycan vətəndaşı və Türkiyə vətəndaşı H.H. iyulun 1-də polisə müraciət edərək 1,5 milyon lirə dəyərində (təxminən 54 min manat) qızılını dələduzlara verdiyini bildirib.

Həmin gün Fatih rayonunda yaşayan 65 yaşlı təqaüdçü D.K. də eyni üsulla aldadıldığını və bank seyfində saxladığı 1,5 kiloqram qızılı şübhəlilərə təhvil verdiyini deyib.

Hadisə ilə bağlı araşdırmaya başlayan polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini təhlil edərək, şübhəlilərin istifadə etdiyi avtomobili müəyyənləşdiriblər.

Küçükçekmecedə keçirilən əməliyyat zamanı avtomobildə olan üç nəfər saxlanılıb. Axtarış zamanı 142 ədəd saxta 100 avroluq əskinas və oğurlanmış qızılların bir hissəsi aşkar edilərək götürülüb.

İstintaqın davamı olaraq Şanlıurfada daha iki nəfər tutulub və saxlanılanların sayı beşə çatıb.

Məhkəməyə çıxarılan şübhəlilərdən əvvəllər müxtəlif cinayətlərə görə 11 qeydiyyatı olan Y.O., H.T., M.M. və O.Ç. barəsində həbs qərarı verilib. E.O. isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.