İtaliyada yenə prezident seçə bilmədilər - Üçüncü tur olacaq

italiyada-yene-prezident-sece-bilmediler
Oxunma sayı: 1123

İtaliyada keçirilən prezident seçkilərinin ikinci turunda da heç bir namizəd birinci turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermənin ikinci turunda yetərsay 673 olub.

Səsvermədə 976 seçici iştirak edib. Hazırkı Prezident Sercio Mattarella və Paolo Maddalena 39 səslə ən çox səs toplayıblar. Çatışmayan səslərin sayı 126, boş bülletenlərin sayı isə 527 olub. 38 səs etibarsız sayılıb.

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün səsvermənin üçüncü turu yanvarın 26-da keçiriləcək.

Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Səsvermənin ilk üç turunda səslərin üçdəikisini toplayan, dördüncü səsvermədən sonra isə səslərin yarıdan çoxunu alan şəxs prezident seçilir.

Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.