“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib

karabakh-is-azerbaijan-adli-youtube-kanalinin-teqdimati-kecirilib
Oxunma sayı: 1011

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı YouTube kanalının video təqdimatı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə təşkil edilən virtual tədbirdə Bakıda və müxtəlif regionlarda yaşayan 50 nəfərədək diaspor könüllüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov iştirak edib.

Dövlət Komitəsinin “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri A.Əsədov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, onların təşəbbüsü ilə yaradılan “Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının əhəmiyyətini qeyd edib və görüləcək işlərdən danışıb.

Daha sonra “Azərbaycan Diaspor Könüllüləri”nin koordinatoru B.Rəhimov gəncləri salamlayaraq, ali məktəblərdə imtahan sesiyası müddətində vaxt ayırıb onlayn konfransa qoşulduqlarına görə təşəkkür edib. Pandemiya dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edib və gəncləri karantin dövrünün qaydalarına ciddi əməl etməyə çağırıb.

Təqdim edilən YouTube kanalı haqqında danışan B.Rəhimov təşəbbüsün alqışlandığını bildirib və Komitə rəhbərliyi tərəfindən də dəstəkləndiyini minnətdarlıqla qeyd edib.

Konüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz bir əsgərik, hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Belə bir təşəbbüsə dəstək olduğu üçün Dövlət Komitəsinə, onun rəhbərliyinə təşəkkürlərini ifadə edən gənclər “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildiriblər.