“Kənardan belə “tupoy” görünürəm?..” - Xəyalə

“Kənardan belə “tupoy” görünürəm?..”
Oxunma sayı: 17186

Teleaparıcı Xəyalə Quliyevanın “Qafqazinfo”ya müsahibəsi

-Xəyalə, sizi hamı “Çəkirəm ha...” verilişi ilə tanıdı, bəyəndi. Hələ də sizə “Çəkirəm ha Xəyalə” kimi müraciət edirlər.

-Düzdü, hələ də məni elə tanıyırlar. Harasa zəng vuranda deyirəm ki, Xəyalədir. Deyirlər ki, hansı Xəyalə? Mən də cavab verirəm ki, “Çəkirəm ha Xəyalə”. Ondan sonra tanıyırlar.

- Deyəsən, “Çəkirəm ha”dan başqa uğurlu bir layihəniz olmadı. Bu səbəbdən sizin adınızı hələ də, o verilişlə bağlayırlar.

- Dəqiq deyə bilmərəm. İndi Space TV-də “Sizinləyəm” verilişini aparıram. Bu günə kimi apardığım sayca 8-ci proqramdır. 14 ildir ki, fasiləsiz efirdəyəm. Yəqin ki, o dərəcədə uğurlu layihəm olmayıb. Ola bilsin ki, o vaxtlar elə də, güclü verilişlər yox idi. İndi isə seçim yoxdur. “Çəkirəm ha” maraqlı layihə idi, loru, daha doğrusu, xalqın dilində danışırdım. Ancaq “Qız atası” serialına çəkildikdən sonra insanlar başqa cür tanımağa başladılar. Məni görəndə “Ay ata...” deyə müraciət edirlər. Çünki, serialda qara geyinib ağlayıram. İndiki nəslin nümayəndələri isə seriallarda rollarımla, Təhminə və Arzu xala kimi müraciət edirlər.

- Verilişin sonunda sponsorlara həsr etdiyiniz şeirlər olurdu. Səhv etmirəmsə, həmin şeirləri özünüz yazırdız.

- Veriliş açılanda rejissoru, ssenaristi, redaktoru və aparıcısı özüm idim. Birinci başlayanda çəkilişə də özüm gedirdim. Bəlkə də, hər şeyin başında özüm durduğum üçün o layihə uğurlu alındı. Sonrakı layihələrin təkcə aparıcısı oldum. Aparıcı kimi gəlib işimi görüb gedirəm.

- Bu nədən irəli gəlir? Artıq 14 ilin yorğunluğudur?

-Yorulmaq deyil. O, mənim müəllif verilişim idi. Ancaq sonrakıları özləri açırlar, məni də aparıcı kimi dəvət edirlər.

- Bir dəfə verilişin sonunda Cəfər Cabbarlının “Ana” şeirini sponsora öz sözlərinizlə həsr etdiz. Daha sonra həmin şeir qalmaqala səbəb olmuşdu, sizi məhkəməyə vermişdilər. Sonra nə baş verdi? Məhkəmə prosesi necə sona çatdı?

- Məhkəməni ATV kanalı özü həll etdi. Səhv etmirəmsə, Cəfər Cabbarlının nəvəsi idi. O, demişdi ki, şeiri pis günə qoymusuz. Bizim məqsədimiz şeiri pis hala salmaq deyildi. Onu da deyim ki, broyler şirkətlərdən biri sponsorumuz idi. O vaxtlar “Quş qripi” geniş yayılmışdı. Hamı toyuq almağa çəkinirdi. Mənim isə reklam elədiyim broyleri şeirlərə görə hamı alırdı.

- O vaxtlar gizli çəkilişlər həyata keçirirdiz. Yəqin ki, özünüz də şahid olurduz. Zarafatları qəbul etməyənlərlə də qarşılaşırdız. Hətta, sizi yenə məhkəməyə verənlər də olmuşdu.

- Hə, belə şeylər çox olurdu. Bir dəfə qızı qorxutmuşduq, sən demə həmin xanım xəstə idi, yeni müalicə alıb sağalmışdı. O da bizim məhkəməyə verdi ki, yeni sağalmışdım, siz qorxutduz, yenidən xəstəliyə tutuldum.

-Bəs niyə layihə bağlandı?

- 6 ildir ki, veriliş yayımlandı, tükəndik. Artıq tamaşaçını aldatmaq olmurdu, tanıyırdılar. Yeni yayıma çıxanda hamı inanırdı. Sonlarda hər varianta əl atdıq, zarafat da qalmadı. Ömürlük gedəsi deyil ki? Axırıncı il istisna olmaqla, qalan vaxtlar reytinqdə birinci idik.

- Amma indi reytinq xatirinə aparıcılar hər yola əl atırlar, hətta şəxsi həyatlarını belə verilişlərində müzakirə edirlər.

- Mənim hazırda yayımlanan verilişimin reytinqi o qədər də coşub-daşmır. Normal reytinqə sahibdir, baxılır. İstəsəm qalmaqal yaradaram, söz ataram, hamı məndən danışmağa başlayar,amma ehtiyac yoxdur. 3 nəfər bəyənib reytinqi qaldıra bilər, ancaq bir çoxu belə şeyi bəyənməyəcək, 15 nəfərin gözündən düşəcəksən. Mən heç kəsin gözündə düşməmişəm. Saytlarda xəbər çıxır, şərhləri oxuyuram, mənfi rəylərlə rastlaşmıram. İnanıram ki, bu müsahibəmdən də sonra olmaz (gülür).

- Siz də jurnalistika üzrə təhsil almamısız, amma aparıcı olduz, daha sonra isə aktrisa... Başqa peşənin sahibləri belə addım atanda birmənalı qarşılanmır, tənqid olunurlar.

- Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Aparıcılıq etmişəm, amma əsas işim rejissor-aktrisadır. Bu sənətə göydən düşməmişəm. Niyə də olmasın? O qədər aktyor və aktrisalar gəlib aparıcılıq edir ki? Çox aparıcı var ki, teatrda yox, aparıcı olandan sonra sevilib. Hansı rolu ilə teatrda sevilib, yadda qalıb? Mənim üçün də aparıcılıq birincidir.

- “Bacanaqlar” serialında çəkildiz, daha sonra isə sizi “Qız atası” serialında gördük. Elə ancaq komediya janrında olan filmlərə çəkilirsiz.

- Komediya,daha doğrusu, güldürmək çətindi. İndi “Sizinləyəm” verilişində ciddi mövzuları müzakirə edirik. Məni illərdir ki, tanıyan müğənnilər etiraf etməyə başlayıblar. Deyirlər ki, səni belə tanımırdıq. Söyləyirlər ki, sən bu qədər məlumatlısan? Mən də cavab verirəm ki, kənardan belə “tupoy” görünürəm? Amma şükürlər olsun ki, hər mövzuda söhbət xırdalaya bilirəm.

- Aparıcılıqdan əlavə özünüzə bir biznes qurmusuz?

- “Qız atası” serialında çəkilirəm, “Sizinləyəm” verilişinin aparıcısıyam. Həm də xınayaxdı mərasimləri təşkil edirəm, məclis idarə edirəm. Təzələrdən deyiləm, 5 ildir ki, fəaliyyət göstərirəm. Mən başladığım vaxtlarda təkcə “Toppuş” bu işlə məşğul idi. Mənim isə belə reklamım olmayıb. Reklamın yoxdu deyə, çox adam bilmir. Ona görə də, xına üstündə dava edənlərlə işim yoxdu.

- Siz sərbəst xanımsız. Həyat yoldaşınız sizə dostlarınız, tanışlarınızla münasibətə sərhəd çəkmir?

- Yox, o bilir ki, mən hər şeyin yerini bilənəm. O barədə məndən arxayındır.

- Neçə övladınız var?

- İki övladım var, Məhəmməd və Arzu. Oğlumun 9, qızım 4 yaşı olacaq. Uşaqlar balaca olanda çətin idi, indi isə bağçaya qoyuram. Uşaqlara heç dayə tutmamışam. Bunun səbəbi isə paxıllıqdır (gülür). Düşünürdüm ki, uşaq məni yox, dayəni çox istəyəcək. Təsəvvür edin ki, övladınız səndə yox, dayənin qucağında sakitləşir. Çəkilişim olanda qayınanam baxırdı.

- Başqa nələrə paxıllıq edirsiz?

-Buna paxıllıq hissi deməyək. Elə olur ki, efirdə aparıcı görürəm. Diksiyasında problem var, söz ehtiyatı yoxdur. Sırf görünüş üçün efirdə oturdublar. Hətta, mükafatlar filan veriblər. Onda adam baxıb deyir ki, zülm çəkirsən, illərdir bu işin içindəsən. Amma ona qoyulan hörmət sənə verilmir. Düzdü, bu paxıllıq da deyil.

- İndi hörmət və dəyər xarici görünüşə görə verilir?

- İndi heç nəyə görə... Ancaq tapşırıqlar işə yarayır. Kiminsə qohumu, tanışın oldunsa, sənə hörmət qoyulacaq. Ya həqqindən artıq istedadın və bacarıqın varsa, sənə belə addım atılacaq. Yoxsa bunun əksi olacaq.

- Sizin yerinizə tapşırıqla başqa bir aparıcı gətirilib, sizinlə isə əməkdaşlığa son verilib? Belə bir şey olub?

- Belə bir şey olub. 8 veriliş aparmışam. 6 verilişi özüm bağlayıb getmişəm, 8-cini isə hələ də aparıram. 7-ci verilişimdə isə belə bir şey olub. 1 sezon aparmışam, ikinci sezonda isə deyiblər ki, yerinə aparıcı gəlib. Niyə gəldi? Dedilər ki, həmin aparıcı verilişdəki əşyaları daha gözəl göstərir, incə hərəkət edir. Mən isə özüm kimi səmimi edirdim. Tapşırıq belə olur da...

- Artıq neçə ildir ki, evlisiz. Evli qalmaq bu sahədə bir qədər çətindir...

- Birincisi əvvəlcədən planlı şəkildə qurulan evliliklər var. Ad olsun ki, ailə həyatı qurdum. İkincisi isə karyeraya qurban verənlər də var. Bu da düzgün deyil. Nə vaxta kimi? Əvvəl-axır tək qalacaq. Şou-biznesdə planlı evlilik olduğu üçün tez boşanırlar.

- Sizin də deyəsən ən qorxduğunuz şey xəyanətdir.

- Mən xəyanəti bağışlamaram. 12 ildir ki, evliyik, özümüz sevib ailə həyatı qurmuşuq, hər şey qaydasındadır. İnanıram ki, mənə xəyanət etmir. Bütün qadınları danışdırsan, deyəcək ki, ərim mənə xəyanət etmir. Sadəcə olaraq maraqlıdır ki, xəyanət edənlər kimdi? Kimlərin ərləridir? 10 fazilik demirəm, amma 99 faiz əminəm. Belə bir söz var ki, arzu edirəm ərim mənə xəyanət etməsin, edirsə mən bilməyim, bilən də isə vecimə almayım (gülür).

- Vecinizə almayacaqsız?

- Yox, çətin ki, mən vecimə almayam. İnşallah, olmaz.

Elvin Elxan

Fotolar : Nuran Məmmədov