Hazırda Böyük Britaniyada kral ailəsi şahzadə Uilyamın həyat yoldaşı Keyt Middletonun uzun müddətdir ictimaiyyət arasında görünməməsi ilə bağlı yayılan çoxsaylı şayiə və məlumatlarla mübarizə aparır.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şahzadə hələ cari ilin yanvar ayında keçirdiyi planlaşdırılmış abdominoplastika əməliyyatından əvvəl görüntülənməyib.
Belə ki, Middletonun fotoları 2023-cü ilin dekabrından paylaşılmayıb. Şahzadənin birdən-birə “yoxa çıxması” dünya mediasında və Britaniyada müzakirələrə və müxtəlif fərziyyələrə səbəb olub. Bir çoxları Middletonun görünməməsi fonunda onun şahzadə Uilyamdan boşanması, ağır xəstəliyə düçar olması, əməliyyatdan sonra komaya düşməsi kimi iddialar səsləndirib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Keytin dünyasını dəyişməsini, bəziləri isə onun əməliyyat zamanı uşaqlığının çıxarılmasını iddia ediblər.
Bu şayiələr fonunda şahzadə Harrinin bu yaxınlarda Uelsə səfəri zamanı həyat yoldaşının səhhətini müzakirə etməkdən imtina etməsi diqqət çəkib. Reksem şəhərinə səfər zamanı Uilyama xanımının səhhəti barədə sual ünvanlansa da, o buna cavab verməyib.
Şahzadənin səhhəti barədə fərziyyələr davam edərkən “New York Post” qəzeti 42 yaşlı Uels şahzadəsinin “Audi” markalı avtomobildə sərnişin oturacağında, anasının isə sükan arxasında əyləşməsini əks etdirən görüntülər yayımlayıb. Bu, Keytin 2 aylıq fasilədən sonra yayılan ilk fotosu olub. Fotonun Vindzor qəsrinin yaxınlığında lentə alındığı bildirilib.
Kensinqton sarayı şayiələrə son qoymaq üçün martın 10-u Keytin övladları ilə birgə lentə alınan fotosunu paylaşıb. Lakin bu, şayiələri daha da alovlandırıb. Belə ki, fotonun neyroşəbəkə vasitəsilə yaradılması iddia edilib. Middletonun barmağında nişan üzüyünün olmaması, bir əlinin bulanıq olması, uşaqların üzündəki mimikaların qəribəliyi, fotonun lentə alındığı bağdakı havanın mövsümə uyğun olmaması da diqqətdən yayınmayıb. Fotonu yayımlayan dünya KİV-i müzakirələrdən sonra görüntünü saxta adlandıraraq onu silib.
Bunun ardınca, martın 11-i Kensinqton sarayı Uels şahzadəsinin adından sosial şəbəkələrdə paylaşım edib. Paylaşımda Keyt Middleton fotoya şəxsən düzəlişlər etdiyini etiraf edib. O bunu hər bir həvəskar fotoqraf kimi fotoların redaktəsi üzrə tətbiqlərlə eksperiment aparmağı sevməsi ilə əsaslandırıb. Həmçinin, fotonun yaratdığı çaşqınlığa görə üzr istəyib.
Bununla belə, şahzadənin hazırda harada olması, eləcə də səhhəti ilə bağlı müzakirələr və suallar qalmaqdadır.