“Kimin üzünə baxırdımsa, fikirləşirdim ki, bu adam öləcək”

kimin-uzune-baxirdimsa-fikirlesirdim-ki-bu-adam-olecek
Oxunma sayı: 1803

Şair Zahid Sarıtorpağın həyat yoldaşı Solmaz xanımın “Qafqazinfo”ya müsahibəsi:

– Şairlə nə vaxt tanış olmusunuz və münasibətləriniz necə evliliyə çevrildi?

- Hər ikimiz Şamaxılıyıq. 80-cı illərin əvvəlində Şamaxıda “Yeni Şirvan” qəzetində bir yerdə işləyirdik, orda tanış olmuşuq. Onda Zahid Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alırdı. O, əvvəl müxbir idi, sonra redaksiyanın məktublar şöbəsinə müdir təyin olundu, mən isə teletayp aparatı vasitəsi ilə “Azərinform”dan informasiyaları alıb qəzetə verirdim. Otaqlarımız yanaşı idi, bir il bir-birimizi əvvəl iş yoldaşı kimi tanıdıq, sonra bir başqa cür maraq yarandı. 1984-cü ildə isə ailə qurduq. 

– Rusiyaya oxumağa, işləməyə gedən kişilərin qadınları, oğlanların nişanlıları belə bir qorxuya qəlblərində meydan verirlər ki, birdən gedər qayıtmaz, ilişər bir “urus qızına”, ağlını oğurladar ta heç vədə dönməz. Sizin qəlbinizdə belə bir qorxu vardımı?

- Tanış olduğumuz gündən aramızda inam, etibar sözləri işlənməyib. Sonralar uzun illər gedib Rusiyada işləyib, yenə də onun hansısa qadına ilişəcəyi, gedib qayıtmayacağı ilə bağlı heç bir narahatlığım olmayıb. Çünki Zahid ailəsinə, uşaqlarına çox bağlıdı. Moskvada olanda gündə iki dəfə zəng edirdi. Ürəyi partlayırdı bizdən sarı. Hətta neçədə zəng edəcəyini də bilirdim. Hər iki-üç aydan bir də gəlirdi. Biz onun qayğısını həmişə hiss etmişik.

- Zahid müəllimin şeirlərini oxuyanda, şəxsiyyəti ilə müqayisə etmisizmi? Fərqliliklər, üst-üstə düşən məqamlar nələrdən ibarətdir?

- Onun şeirləri heç vaxt məni yanıltmayıb, həmişə şəxsiyyətinə tən gəlib. Nişanlı vaxtlarımızda mənə çoxlu şeirlər yazıb. Bir dəfə də dəftər alıb mənə verdi ki, şeirlərimi köçürərsən. Oxuyanda gördüm ki, burda mən ünvanlı xeyli misra var (gülür).

- Niyə elə düşünmüsünüz ki, o şeirlər daha çox sizə aiddir, bəlkə başqa ünvanı varmış? (gülürük)

- Heç vaxt onun hansısa şeiri başqa bir qadına yazması haqqında düşünməmişəm, belə bir axtarışım olmayıb. Şeirdi də, o, ruhən gəlir, şairin yalqızlığından doğulur. Yazdıqlarını adətən, az-az oxuyur bizə, daha çox gizlətməyə meyllidir. Heç vaxt yazarkən yaxınına getməmişəm, sevmir belə şeyləri. İndi də kompyuterdə yazır, heç kəs evdə  onun əşyalarına toxunmur.  

- Uzun illər Moskvada oxuyan, işləyən bir şairi rus mühiti dəyişə bildimi?

- Açığı əvvəllər daha çox ziyalı idi (gülür), hərdən özünə də deyirəm ki, Moskvaya gedəndən sonra elə bil daha çox biznes adamına çevrildin. Ancaq Bakıya qayıdandan, ədəbi mühitə təzədən qoşulandan sonra yenə əvvəlki vəziyyətinə, ziyalılığına qayıtdın.

- Ədəbiyyatdan ayrı düşəndə, tamam fərqli işlərlə məşğul olanda onun xanımı kimi şairin narahatlıqlarını, mənəvi boğulmalarını necə hiss edirdiniz?

- Şamaxıdakı işində ixtisara düşdü, uşaqlar məktəbə gedəndə ikimiz də işsiz qaldıq deyə Moskvaya üz tutdu. Yoxsa  nə işi vardı oralarda? Ailəni də dolandırmaq lazım idi axı. Ədəbi mühitdən ayrı düşdüyünə görə həmişə narahatlıq keçirirdi. Bu sıxıntıları duymuşam və onun ədəbi mühitdə olmasını onun özü qədər istəmişəm həmişə. 

- Sizcə, ədəbiyyatdan, sözdən tamam uzaqlaşsaydı necə olardı?

- Bacarmazdı, Sözsüz yaşaya bilməz Zahid. Çox bağlıdır ədəbiyyata. Bu gün düşünürəm ki, gərək heç getməzdi. Bakıya gələrdi, burda öz sahəsinə uyğun bir iş tapardı, daha çox tanınardı, daha çox qabağa gedərdi. Bu barədə özüylə çox danışmışıq. Körpə uşaqlarla məni qoyub 10 il qürbətdə yaşadı. Hər halda, getməsəydi ədəbiyyatda daha üstün mövqe qazana bilərdi. 

- Ailədən ayrı qaldığı vaxtlar, sizcə, onun şeirlərinə nə dərəcədə sirayət eləyib, həmin həsrətin, uzaqlığın izlərini duyursunuzmu mətnlərində? 

- Əlbəttə, o izlər var. Başım həmişə məişət işlərinə qarışıb deyə, Zahidin şeirlərini o qədər də ardıcıl oxumaq imkanım olmayıb. Həm də nəsr əsərləri oxumağa daha çox meylliyəm. Həyat keşməkeşlərlə doludur, mən cavan bacımı itirdim, böyük stress yaşadım, bir il xəstə yatdım. Onda başa düşdüm ki, dünyada ölüm var və bərk qorxdum, uzun müddət depressiyadan çıxa bilmədim. Kimlə danışırdımsa, kimin üzünə baxırdımsa qeyri-ixtiyarı fikirləşirdim ki, bu adam öləcək. Bir gün Zahid “Dərdin sarı çəpkəni” romanından fraqmentlər oxudu mənə. Bəzən deyirdim işim var, deyirdi iş həmişə var, otur romandan oxuyum sənə. O əsərdə romanın sonunda ölümlə bağlı bir hissə var, orda ölüm elə nikbin təsvir edilir ki... Onu oxuyandan sonra ölümə qarşı düşüncəm dəyişdi. İndi ölümü xoş bir hal kim dərk edirəm. Elə bilirəm ölüm lap o romandakı kimi bir göyərçinin qanadında gözəl bir yerə getməkdi. Mənə belə təsir edən, yəni unuda bilmədiyim əsər bircə Dostoyevsknin “Cinayət və cəza”sı olub, bir də son vaxtlar oxuduğum Orxan Pamukun “Qar”ı. Zahid əsərindən həmin parçanı oxuyana qədər həkimə də gedirdim, xeyri olmurdu. Bu baxımdan onun mətnləri məni həyata bağlayır deyərdim. 

- Zahid Sarıtorpaq sizi ölümün xoş bir şey olduğuna inandırıb, bəs siz onu həyatda nəyə inandıra bilmisiniz?

- Həyatımızın gözəl olacağına. Həmişə ona ümid vermişəm, qoymamışam dərd çəkə. Zahid yaxşı həyat yoldaşıdı. O, məni çox şeylərə inandırıb. 

- İki oğul payınız var. Övladlarınızdan hansı Zahid müəllimə daha çox oxşayır?

- Oğlum Toğrul dərin düşünəndi, tez qərar verən deyil, buna görə daha çox atasına o oxşayır. O biri oğlum Azər isə tələsik qərar verməyə meyllidi. Ona de ki, ürəyini çıxar mənə ver, çıxardıb verəcək, düşünməyəcək ki, özünə də lazımdı. 

- Oğlanlarınızdan hansınınsa yaradıcılığa, yazıb-yaratmağa, atalarının yolu ilə getməyə meyli varmı, yaxud haçansa olubmu?

- Hər ikisi vaxtilə şeir yazıb. Şeir dəftərləri hələ də qalır. Toğrul 3 yaşında olanda şəkillər çəkirdi, çox qəribə şəkillər idi, onları indi də saxlayırıq. Daha çox əl-ələ tutmuş insan cizgiləri çəkirdi, sonra bildim ki, o şəkillərdəki obrazlar bizik, o ailəmizi bu cür təsvir edirmiş.

- Zahid müəllimin şair kimi çəkdiyi zilləti, bir tikə çörək dalınca didərginliyini, evsizliyinizi və s. başqa problemləri görəndən sonra istəyirdinizmi ki, oğlanlarınız da ataları kimi ədəbiyyat adamı olsun?

- Yox, heç zaman istəməmişəm, Zahidin çəkdiyi əziyyətlərdən sonra başqa bir iş arzulamışam hər ikisinə, ancaq heç birinə “şair olma” deyə qadağa qoymamışıq. Başqa sahələrə üz tutmaları isə bizi sevindirdi. İstəmərəm ki, biz görən çətinlikləri onlar da yaşasınlar.

- Yazarlardan kimlərin evinizə get-gəli olub?

- Şamaxıda yaşayan şair Fəxrəddin Orxan, Bakı mühitindən Əlisəmid Kür, Murad Köhnəqala, Şaiq Vəli. Tələbə vaxtı mən Zahidlə birgə Moskvaya getmişdim, orada Umud Rəhimoğlunun bizə böyük yaxşılığı dəydi. Zahidlə qalmalı idim, ancaq yataqxananın komendatı ona dedi ki, sizə yer var, xanıma yox. Bu dəm Umud Rəhimoğlu gəlib çıxdı, dedi mənim qalmağa yerim var, buyurun bu açar, gedin mənim otağımda qalın. Sonradan öyrəndik ki, gedib başqa uşaqların otağında onlarla baş-ayaq yatırmış. Düzdür, biz həmin otaqda 3 gün qaldıq, sonra Zahidə dedilər ərizə yaz sizə otaq versinlər. İndiki kimi yadımdadır, o vaxt  mənim qalmağım üçün 42 manat pul aldılar, 1 manat 80 qəpik də Zahidə görə... 

- Sovet dövründə yazıçılara ev, maşın, bağ verirdilər. Təbii ki, siz də bunları görürdünüz. Zahid müəllimin də bu cür imkanlardan qıraqda qaldığının şahidi olanda hansı hisləri keçirirdiniz?

- Pis olurdum, bəzən özünə deyirdim ki, Sovet dövrü dağılmasaydı, indi sən də özünə bir gün ağlayardın. Bizim Bakıda bu gün də evimiz yoxdur, həmişə kirayələrdə qalmışıq. İndi də oğlumuzla yaşayırıq. O, heç vaxt ictimai-siyasi hadisələrə münasibət bildirməyib. Zahid də, atası da heç bir partiyanın üzvü olmayıb. Belə işlərdə fəal olmasan qabağa çəkilmək müşküldür. Digər tərəfdən bu cür dinclik xoşuma gəlirdi, o baxımdan ki, sakit, rahat dolanırdıq. Zahid həmişə kənara çəkilib ədəbiyyatını yaradıb, bunun “cəfa”sını mən çəkmişəm, ancaq həmişə onu müdafiə etmişəm və bundan da məmnunam. 

- Moskvadan qayıdandan sonra müxtəlif yerlərdə işləməsi, gecə-gündüz tərcümələr etməsi, bundan dolayı yaranan vaxt azlığı, onu ailəyə qarşı soyutmadı ki?

- Yox, heç zaman ailədən soyumayıb Zahid. Bir il Moskvada yaşadıq, sonra dözə bilmədim, dedim məni apar, vətəndən ayrı qala bilmirəm. Həqiqətən, Azərbaycandan başqa heç yanda yaşaya bilmərəm. Biz gəldik, o qaldı. Zahid orda olanda da, burada da, bizli də, bizsiz də həmişə ailəsinə sədaqətli və diqqətli olub.

- Sevdiyiniz şeirlərindən yaddaşınıza hopmuş olanı varmı, varsa deyin...

- Zahidin bircə bu şeirini əzbər bilirəm.

Keçir qarlı gecədən
Ayaqyalın bir külək.
Bir isti yer də yoxdu
Dünyadan əl götürək

Qorxmuruq bilsək də lap,
Bu dünyanın sonudur.
Dünyaya gəlmək özü 
Bir əcəl oyunudur.

– Şairlərlə ailə qurmayanların da güzəranını, zindəganlığını müşahidə etmisiniz, çox güman ətrafınızda belələri çoxdur. Onlarla özünüzü müqayisə edəndə şair xanımı olmaq, şair ailəsində yaşamağın hansı üstünlükləri, yaxud kəm-kəsiri sizə daha qabarıq, gözəbatan görünüb?

- Bilirəm ki, Zahid fərqli bir insandır, başqaları kimi deyil və mənə belə çox xoşdur, şairlə yaşamaq gözəldir, maraqlıdır. Bayılda kirayə qalanda Vaqif Bayatlı Odər və həyat yoldaşı Tamam xanımla tez-tez Bakı bulvarında görüşüb birgə gəzirdik, onların bir-birlərinə münasibəti də mənə xoş gəlirdi. Şairlər başqa aləmin adamlarıdı. Şamaxılı qızıyam, bizdə onsuz da həmişə Sözə, sənətə meyl olub, ona görə şair obrazı mənim üçün hər zaman maraqlı və müqəddəsdir. 

- Şamaxılılar diksözlüdü. Bu da çox adamın xoşuna gəlmir bəzən. Sizcə, bir yaradıcı adam kimi bu xüsusiyyət hansısa məqamlarda Zahid Sarıtorpağı geri atıbmı, büdrədibmi?

- Özünün də bir sözü var ki, “mənim tormozum tutmur”, yəni məqam yetişdisə fikrini söyləyir. Zahid sözü üzə deyən adamdır. Altını çəkib, bəzənsə hətta ayağını mən bastalamışam. Düzünü deyim, bir yandan da xoşuma gəlir bu xüsusiyyəti. Həmişə Allah bizə kömək olub, əks təqdirdə öz gücümüzə heç nə edə bilməzdik. Allah bir yandan bağlayanda, bir yandan açır. Ona görə geri çəkilməyə dəyməz. 

- Zahid Sarıtorpağın 60 yaşı tamam oldu bu il, dönüb geriyə baxanda hansı illəri itirilmiş hesab edirsiniz, nələrə görə peşmanlıq keçirirsiniz?

- Düşünürəm ki, əgər 10 il Rusiyaya işləməyə getməsəydi, burda mövqeyi möhkəmlənərdi, ola bilsin Yazıçılar Birliyindən ev də alardı. Ona AYB-dən badalaq vurdular. Kimlər, niyə elədi bunu – bizə hələ də sirdir. Zahid dünya ədəbiyyatından saysız-hesabsız və ən çətin müəlliflərin əsərlərini tərcümə edib, bənzəri olmayan iki şeir və bir nəsr kitabı yazıb. Ancaq yubiley yaşında Yazıçılar Birliyi Allahın bir təbrik məktubunu da göndərmədi. Şükür Allaha ki, özü belə məsələlərə əhəmiyyət verən adam deyil, fəqət elələri var ki, belə şeylərdən ötrü ölkəni biri-birinə vurar. 

- Zahid müəllim həmişə şair ovqatında olan adamdır, bəs nəsrə keçəndən sonra xarakterində hansı fərqli cizgiləri müşahidə etdiniz?

- Zahidin nəsrə keçməsi bizə çox qəribə gəldi, biz onu həmişə şair kimi sevmişik. Ancaq yaxşı əsərlər ortaya qoya bildi, elə-belə romanlar qələmə almadı. Gəncliyində yeyən, içən idi, dostlarıyla keçərdi günü. Yəni şair olanda daha çılğın idi, nasir kimi isə təmkinlidi. Amma o, bu gün də şeir yazır, şeir həmişə olacaq.

- Zahid müəllimin spirtli içki içməsindən danışdınız. Çoxdandır ki, daşını atıb. İçən Zahid Sarıtorpaq yaxşıdır, yoxsa içməyən?

- Əlbəttə ki, içməyən. Səhhətinə ziyan vururdu. İçən vaxtlarda bir az dəlisov idi, ancaq adam gərək düzün deyə, heç vaxt içib qəlbimizə dəyməyib, evdə dava-dalaş salmayıb. Sadəcə evə gec gəlirdi, o gələnəcən də mən çox narahat olurdum, girib-çıxırdım, gözüm qapıda qalırdı, uşaqlar da atalarını gözləyirdi. Ailə başçısı vaxtında evdə olsa yaxşıdır. Sonra içkidən də, papirosdan da uzaqlaşdı. 1999-cu ildə siqareti, 2000-ci ildə içkini atıb. Hər ikisini mənim ad günümdə – 3 iyunda atıb və birdəfəlik. 

- Bu yaşacan sizə heç bunlardan böyük hədiyyə bağışlayan olubmu?

- Xeyr. Mənimçün bundan böyük hədiyyə olmayıb. Xüsusən, siqareti atması. Zahid siqareti çəkmirdi e... “yeyirdi”, səhər oyanırdım ki, gecə səhərəcən yazıb, dayanmadan çəkib, külqabı dolu olurdu. Zahid çox iradəli adamdı. Bir şeyi edəcəm dedisə mütləq reallaşdırır. Həm də içkini atandan sonra nə qədər dırnaqarası dostlarını tanıdı, başından yığıncaqlar əskildi. İçəndə başına toplaşan, gündə Zahidi ora-bura dartan dostlar sonra itirib-axtarmadılar. Yeyib-içmək dostları Zahiddən beləcə öz-özünə qopdular, onların əsl üzlərini tanımış olduq. Bu adamlar hələ də bilmirlər ki, şairin içməsi hər şeyi həll etmir. Bəs onda gecə-gündüz əlləri göydə olan, ibadət edən orta əsr şairləri necə yazırdılar? Bəyəm onların dostu yox idi? Şairin daim içməsi, avara yaşaması, zənnimcə, Sovet dövrünün beyinlərə yeritdiyi bir klişe idi. Yəni, qoy yaradıcı adamlar içsinlər, orda-burda yatsınlar, siyasi işlərə qarışmasınlar, ictimai mövqeləri olmasın. 

- Bəzi qadınlar evin olmamağını kişinin üzünə hər gün vurur, yaxud bir çətinlik çatısı boğazlarına keçən kimi ərini az qala canından usandırır. Siz bu çətinliyi necə yaşamısınız?

- Moskvada işləyə-işləyə Şamaxıda ev tikdi, orada iş olmadığı üçün Bakıya gəldik.  Burada isə 11 ildi kirayədə yaşayırıq, bu gün də evimiz yoxdur, oğlumuzla qalırıq. Ancaq həmişə düşünmüşəm ki, evimiz olacaq. Həmişə Zahid mənə güc verib. Bu gün o, “Xəzər” dünya ədəbiyyatı dərgisində redaktor olaraq çalışır. Sağ olsun Afaq Məsud. Zahid 5 il işsiz qaldı, çətinlik yaşadıq, minnətdarıq ki, Afaq xanım Zahidi yaxından tanımasa da, imzasına önəm verib onu işə götürdü, ağır günündə ona dayaq oldu, çörək verdi... 

- Zahid müəllimin ilk şeiri 11, ilk kitabı isə 52 yaşında çap olunub. Şairin xanımı olaraq, kitabının işıq üzü görməsinin intizarı ilə yaşayırdınızmı? 

- Həmişə gözləmişəm... Özünə də deyirdim ki, bircə kitabın çıxaydı. Buna baxmayaraq, Zahid həmişə ədəbi gündəmdə olub, Moskvada yaşayanda da şeirləri özündən xəbərsiz burda, müxtəlif mətbuat orqanlarda çap edilirdi. Moskvaya getməyinin bircə yaxşı cəhəti o oldu ki, Zahid ədəbi mühitə yeni nəfəslə, təzə hissiyyatla, təfəkkürlə qayıtdı. Bu baxımdan Moskva mühitinin ona təsiri danılmazdı. Zahidin Şamaxıda böyük əlyazma arxivi var, o şeirləri yığsa 7-8 kitab çıxara bilər. Hər dəfə rayona gedəndə açıb baxır, deyir qoruyun bunları. Qadınlar sandığın içində başqa şeylər saxlayar, mən Zahidin əlyazmalarını saxlamışam həmişə, tez-tez açıb havaya vermişəm ki, tələf olmasın. Heç kimi də həmin sandığa yaxın qoymamışam. Külqabısından, qələmdanından tutmuş, çiyin çantasına kimi hər şeyini qorumuşam. Necə deyərlər, ürək adlı saxlanc yerimdə lap özünü qoruduğum kimi...

Fərid Hüseyn