“Kod saatı” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

kod-saati-musabiqesinin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 1470

Bu gün “Kod saatı” qlobal hərəkatı çərçivəsində “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən V-IX sinif şagirdləri üçün təşkil edilib.

Tədbirdə çıxış edən elm və nazirinin müavini Həsən Həsənli müsabiqənin əhəmiyyətindən danışıb. O bildirib ki, tədbir ölkəmizin gələcək istedadları ilə tanış olmaq, onları ruhlandırmaq üçün fürsətdir:

“Rəqəmsal bacarıqlar pilot layihə kimi başlasa da, bu gün 50-dən çox rayonda 2-11-ci siniflər arasında tətbiq edilir. Bu il “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin infosessiyaları ilk dəfə Füzulidə keçirilib. Bu olduqca əlamətdar hadisədir. Bir neçə ildir həyata keçirilən müsabiqə bu gün 30 minə yaxın şagirdi əhatə edir. Burada qalib və ya məğlub olan yoxdur, bu müsabiqə öyrənmə prosesidir".

“Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma məktəbinin təsisçisi Andrey Lobanov informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənclərin rəqəmsal bacarıqlara yiyələnməsinin vacib olduğunu vurğulayıb:

“Bu gün bu yarışda iştirak edən uşaqların hər biri gələcəkdə müxtəlif sahələrdə ən yaxşı mütəxəssislər olacaqlar. Lakin onları birləşdirən ən vacib nüans məhz bu yarışdır. Mən bu məktəblilərin hər birini təbrik edirəm. Onların müəllim və valideynlərini də təbrik edirəm və öz təşəkkürümü bildirirəm”.

Layihənin təşkilatçısı Nilufər Rəhimovanın sözlərinə görə, ölkədə gedən rəqəmsallaşma tədbirlərinin tərkib hissəsi kimi təhsil sisteminin informasiyalaşdırılması əsas istiqamətlərdən biridir:

“Bir neçə ildir ki, respublika üzrə müxtəlif beynəlxalq əməkdaşlqlar çərçivəsində müsabiqələr təşkil olunur. 2023-2024-cü tədris ili üzrə proqramlaşdırma müsabiqəsi təşkil olunub. Müsabiqə 3 mərhələdən ibarətdir. Respublika üzrə bu müsabiqəyə 28 mindən çox şagird qoşulub. Bu gün isə Heydər Əliyev Mərkəzinin dəstəyi ilə müsabiqənin final mərhələsini keçiririk. Şagirdlər canlı vaxt ərzində yarışdılar və günün ikinci yarısında qaliblər mükafatlandırılacaq”.

Tədbirdə qeyd edilib ki, 2023–2024-cü tədris ilində həyata keçirilən “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinə  5-9-cu siniflər üzrə 28 157 şagird qoşulub. Il mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfəri Bakı şəhərində, 70 nəfəri isə digər rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdidir.

Sonda müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.

Lamiyə Məmmədova

Foto: Xəyal Vəlizadə