Kosmik fəaliyyətlə bağlı mühafizə zonaları yaradılacaq - Yenilənib

kosmik-fealiyyetle-bagli-muhafize-zonalari-yaradilacaq
Oxunma sayı: 830

Kosmik obyektlərin dövlət qeydiyyatına alınması müəyyənləşib. 

“Qafqazinfo”xəbər verir ki, bu barədə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində qeyd olunub. 

Qanun layihəsinə görə, kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınmalıdır. Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 

Eyni zamanda kosmik fəzada olan kosmik obyektin bu Qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız hala düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir. 

- Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş kosmik obyekt üzərində mülkiyyət hüququ Müqaviləyə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun müəyyən edilir.

- Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən

Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

***

“Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində eyni zamanda Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonalarının yaradılması da öz əksini tapıb: 

Qanun layihəsinə əsasən, yerüstü kosmik infrastruktura həmçinin aşağıdakılar aid edilir:

- kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri;

- kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları;

- kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, 

- kosmik uçuşların yerüstü idarəetmə məntəqələri;

- kosmik uçuşlara hazırlıq mərkəzləri;

- kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri;

- kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr.

Zaur Mirzə