Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi - Fotolar

kral-carlz-ilk-xarice-seferi-ucun-almaniyaya-getdi
Oxunma sayı: 1127

Böyük Britaniya kralı III Çarlz taxta çıxdıqdan sonra ilk xaricə səfəri çərçivəsində Almaniyaya gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət səfəri çərçivəsində həyat yoldaşı Kamilla ilə birlikdə Almaniyaya gedən kral Çarlz üçün Berlin-Brandenburq Hava Limanında (BER) 21 silahla atəş açılıb.

Kral Çarlz və həyat yoldaşı daha sonra maşınla Berlinin mərkəzindəki tarixi Brandenburq qapısına gediblər və burada onları Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender qarşılayıb.

Kral üçün Brandenburq qapısının qarşısındakı Pariser meydanında hərbi mərasim keçirilib. Bu, Federal Almaniya yarandıqdan sonra ilk dəfə olaraq xarici dövlətin nümayəndəsi üçün keçirilən hərbi mərasimdir.

Kral Çarlz Almaniyaya 3 günlük səfəri çərçivəsində sabah Federal Məclisdə çıxış edəcək və Brandenburq əyalətindəki “Brodowin” ekoloji kəndini ziyarət edəcək.

O, 31 mart Hamburqa gedəcək və oradakı ibtidai məktəbə baş çəkəcək.