Kuba ilə ilk siyasi məsləhətləşmələr keçirildi - Foto

kuba-ile-ilk-siyasi-meslehetlesmeler-kecirildi
Oxunma sayı: 1010

4-5 dekabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Kubaya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 4-ü Azərbaycan və Kuba xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müddətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iqtisadi-ticarət, səhiyyə, turizm, təhsil və digər sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

E.Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan yenidənqurma işləri barədə geniş məlumat verib.

Məsləhətləşmələr ardınca iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.