Türkiyənin İstanbul şəhərinin Ümraniye rayonunda 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının həyatını itirdiyi silahlı hücumla bağlı istintaq genişlənməkdə davam edir. Hadisə ilə bağlı saxlanılan şübhəlilərin sayı artarkən, iş üzrə yeni detallar da üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, Kundakçı hadisə günü reper Canbay ilə birlikdə görüş üçün Ümraniyeyə gəlib.
Onlar avtomobildə gözlədikləri zaman iki fərqli nəqliyyat vasitəsi yaxınlaşıb və avtomobillərdən birindən düşən şəxs atəş açıb. Ağır yaralanan gənc futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan araşdırmalar nəticəsində hücumu törətdiyi iddia edilən şəxsin iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu olduğu müəyyən edilib. Hadisənin motivi ilə bağlı müxtəlif iddialar səsləndirilib.
Zərərçəkənin ailəsi hücumun arxasında şəxsi münasibətlər zəminində yaranmış münaqişənin dayandığını bildirib. İddialara görə, müğənni Aleyna Kalaycıoğlunun şəxsi münasibətləri bu hadisədə rol oynamış ola bilər. Şahid qismində ifadə verən Canbay da hücumun hədəfinin özü ola biləcəyini deyib.
İstintaq çərçivəsində Aleyna Kalaycıoğlu və anası Zuhal Kalayıcıoğlu saxlanılıb. Polis əməliyyatları zamanı ümumilikdə 8 nəfər nəzarətə alınıb, hadisədə istifadə edildiyi ehtimal olunan silah isə müsadirə edilib.
Mediada yer alan son məlumatlara görə, iş üzrə saxlanılanlar arasında məşhur müğənni İzzət Yıldızhan da var.
Hadisə ilə bağlı istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər