Ucarda bu işlərin növbəti monitorinqi aparıldı - Fotolar

ucarda-bu-islerin-novbeti-monitorinqi-aparildi
Oxunma sayı: 170

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi vəzifələr Ucar rayonunda da ardıcıl şəkildə icra olunur.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 19-da Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış rayon qərargahının üzvləri ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən iri təsərrüfatlara baxış keçirilib və aparılan işlərlə tanış olublar. 

Rayonun Qarabörk kəndində çəltik emalı və quşçuluq müəssisələrində, Qazıqumlaq kəndində toxumçuluq təsərrüfatında, Qazyan kəndində heyvanadarlıq və quşçuluq təsərrüfatlarında, həmçinin Bağban kəndində “Kəspər” arxının yenidən qurulması layihəsinin icrası çərçivəsində görülən işlərin monitorinqi zamanı müəssisələrin mövcud fəaliyyəti, istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təminatında rolu və fəaliyyətinin gələcəkdə genişləndirilməsi, rayonun özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib və müzakirələr aparılıb. 

Keçirilən görüşlərdə fermer və sahibkarların təklif və müraciətləri dinlənilib, onların qarşılaşdığı problemlərin aradan qaldırılması yolları müzakirə edilmiş və təşəbbüslərin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacağı bildirilib.