Məcnun Məmmədov qanalı nazirlə görüşdü - Fotolar - Yenilənib

mecnun-memmedov-qanali-nazirle-gorusdu
Oxunma sayı: 620

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsraildə keçirilən “Sea the Future”: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti çərçivəsində Qananın balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Artur ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Qana arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, aqrar məhsulların ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar.

Qeyd olunub ki, ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və uzunmüddətli, dayanıqlı iqtisadi əməkdaşlığa zəmin yaradır.

E.Artur Qananın Azərbaycanla ilk növbədə akvakultura sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırıb.

M.Məmmədov isə qeyd edib ki, Azərbaycan Afrika dövlətləri ilə müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Son dövrlərdə bir sıra Afrika ölkələri ilə aqrar sahə üzrə əməkdaşlıq memorandumlarının imzalandığını xatırladan nazir, Qana ilə də analoji sənədin imzalanmasını, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə birgə işçi qrupunun yaradılmasını təklif edib.

Məcnun Məmmədov əlavə olaraq Azərbaycanın aqrar sahədə tətbiq etdiyi qabaqcıl texnologiyaları və formalaşmış təcrübəni Qana tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin aqrar təhsil sahəsində əməkdaşlıq, qanalı gənclərin Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Məcnun Məmmədov İsrailin Eilat regionunda keçirilən “Sea the Future”: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti çərçivəsində təşkil olunan Nazirlər Panelində aparılan müzakirələrdə iştirak edib.

Sammit bu gün öz işini yekunlaşdırır. Tədbir çərçivəsində “Mavi qida təhlükəsizliyi prosesində qlobal liderlik” mövzusunda keçirilən panel müzakirələrində çıxış edən nazir bildirib ki, Azərbaycanın balıqçılıq və akvakulturanın inkişafına dair uzunmüddətli strategiyası Xəzər dənizinin və daxili su hövzələrinin akvakultura ehtiyatlarını qorumaqla yanaşı, onların davamlı şəkildə inkişaf etdirilməsi hesabına ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməyə yönəlib.

Nazir qeyd edib ki, Azərbaycan əvvəlki dövrlərdə akvakulturanın inkişafına əsasən ətraf mühitin mühafizəsi prizmasından yanaşıb. Hazırda isə bu yanaşma qorunmaqla yanaşı, akvakulturanın iqtisadi potensialının artırılması istiqaməti də strategiyanın mühüm tərkib hissəsinə çevrilib. Balıqçılıq siyasətinin şəffaf və elmi əsaslara söykənən mexanizmlər üzərində qurulması ölkəyə həm ekosistemlərin qorunmasını təmin etməyə, həm də mövcud resurslardan səmərəli istifadə etməyə imkan yaradır.

Məcnun Məmmədov həmçinin Azərbaycanın balıqçılıq və akvakulturanın inkişafında elmi innovasiyaların tətbiqinə, qabaqcıl texnologiyalardan istifadəyə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Panel müzakirələrində çıxış edən digər ölkələrin nümayəndələri də akvakultura sahəsində mühüm nailiyyətlər əldə etmiş dövlətlərlə birgə elmi tədqiqatların aparılması, ixtisasartırma və təlim proqramlarının təşkili, ticarət münasibətlərinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu bildiriblər.