Məhkəmə Trampın tarif qərarlarını qanunsuz hesab etdi

mehkeme-trampin-tarif-qerarlarini-qanunsuz-hesab-etdi
Oxunma sayı: 389

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi qlobal tariflərin qanunsuz olduğuna qərar verib.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkda yerləşən məhkəmə bir neçə ştat və şirkətin qaldırdığı iddia üzrə qərarını açıqlayıb.

Qərarda bildirilib ki, Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsaslanaraq imzaladığı və “Əsas Beynəlxalq Ödəniş Problemlərinin Həlli üçün Müvəqqəti İdxal Əlavə Vergilərinin Tətbiqi” adlanan prezident sərəncamı hüquqi baxımdan etibarsızdır.

Məhkəmə xüsusilə Vaşinqton ştatı ilə yanaşı, “Burlap & Barrel” və “Basic Fun” şirkətlərinin xeyrinə qərar çıxarıb. Qərara əsasən, həmin tərəflərdən alınan əlavə tariflər qanuni faizlə birlikdə geri qaytarılmalıdır.

Qeyd edək ki, məsələ ABŞ Ali Məhkəməsinin fevral ayında verdiyi qərardan sonra gündəmə gəlmişdi. Ali Məhkəmə Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun prezidentə birbaşa tarif tətbiq etmək səlahiyyəti vermədiyini açıqlamışdı.

Buna baxmayaraq, Donald Tramp həmin gün əlavə 10 faizlik qlobal tarif tətbiq edən sərəncam imzalamışdı. Daha sonra isə bu tarif dərəcəsinin 15 faizə qaldırılacağını bildirmişdi.