“Mən 2 bıçaq vurdum, dedi bacarmırsan…” - İş adamının qatili

men-2-bicaq-vurdum-dedi-bacarmirsan-
Oxunma sayı: 10009

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər hər üçü özlərini təqsirli bildiklərini deyiblər.

E.Həsənov istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib: “Hər şeyi mən etmişəm, mən planlamışam”.

M.Əliyev də istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib: “Amma soyğunçuluqda iştirak etməmişəm”.

M.Hüseynova isə hadisə barədə ifadə verib. O qətl işində iştirakının olmadığını deyib: “Ehtiram mənim ikinci həyat yoldaşımdı. Əslində sonradan bildim onun düzəldirdiyi nikah da saxta imiş, özü kimi. Ehtiramla təzə tanış olanda özünü mənə “polkovnik Həsənov” kimi təqdim etmişdi. Tez-tez zəng edib hal-əhval tuturdu. Qalib müəllimin öldürülməsindən isə mənim xəbərim olmayıb. Ehtiram mənə rəhmətliyin evindən oğurluq etməyi təklif etdi, razılaşmadım. Sonra lotu dostları vasitəsilə qızımı oğurlatdıracağı ilə hədələdi. Razılaşdıq, plana görə mən Qalib müəllimi çölə çıxaracaqdım, onlar da içəri girib onu qorxudub pulları alacaqdılar. Hadisə günü mən maşında gözlədim, Ehtiramla Mübariz evə girdi. Bir də səhərə yaxın gəldilər. Ehtiramın qorxusundan maşından çıxmamışdım. Gələndən sonra aralarında söhbət oldu. Mübariz Ehtiramdan soruşdu ki, niyə öldürdün onu? Ehtiram dedi ki, o məni tanıdı, ona görə də öldürdüm”.

Mübariz Əliyev

Mübariz Əliyev də quldurluq təklifinin Ehtiram Həsənovdan gəldiyinin deyib: “Ehtiram dedi ki, qızım xəstədi, müalicəsi üçün pul lazımdı. Buna görə də evə girməyimizi təşkil etdi, mən də razılaşdım”.

Bundan sonra zərərçəkmiş tərəf ifadə verib.

Mərhum Qalib Bağırovun qardaşı Elşən Bağırov ifadə verib. Deyib ki, Q.Bağırovun oğlu ona zəng edib bağ evinə gəlməsini istəyib: “Evə çatanda bildim ki, qardaşımı öldürüblər, meyiti də özüm gördüm. Qanunvericilikdə güllələnmə ləğv edildiyi üçün ən ağır cəzanın verilməsini istəyirəm. Bunlar cəmiyyət üçün təhlükəli insanlardır”.

Zərərçəkmiş Ruhiyyə Əkbərova ifadə verərək E.Həsənovun M.Hüseynova vasitəsilə ondan 10 min manat alıb qaytarmadığını deyib.

Digər zərərçəkmişlər Səadət Şəbiyeva və Nuriyyə İsaqova səhər saatlarında işə gedərkən soyğunçuluğa məruz qaldıqlarını və çantalarının əllərindən alındığını deyiblər.

Ehtiram Həsənov

Qətl törədilən gün istifadə edilən avtomobilin icarəyə götürüldüyü şirkətin rəhbəri Röya Quliyeva və əməkdaşı Hüseyn Salmanov ifadə verərək faktı təsdiqləyiblər.

Mərhum Q.Bağırovun iş yoldaşı Sahib Hüseynov ifadə verərək hadisə günü baş verənləri danışıb: “Qalib müəllim hər gün səhər tezdən işə gəlirdi. Həmin gün gəlmədiyi üçün icraçı direkor Aydın Rüstəmov və növbə rəisi Nadirxan Əliyev Qalib müəllimin evinə getdik. Otaqda yerdə uzanılı vəziyyətdə idi, ev da dağınıq idi. Polisə və təcili tibbi yardıma xəbər verdik”.

Ehtiram Həsənov deyib ki, evə girərkən Qalib Bağırov onları tanıyıb: “Mənim maskam üzümdən çıxdı, rəhmətlik dedi ki, mən sizi tanıyıram, kimin göndərdiyini də bilirəm. Amma kimin göndərdiyini demədi”.

M.Əliyev deyib ki, evdə olarkən E.Həsənov ona Qalibi öldürməyi əmr edib: “Mən iki bıçaq vurandan sonra dedi sən bacarmırsan, bıçağı alıb özü də 4 dəfə vurdu”.

Q.Bağırovun oğlanları Pənah, Bayram və həyat yoldaşı Bahar ifadə verərək hadisə günü bağ evinə getdikdən sonra qətldən xəbər tutduqlarını deyiblər.
Məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutublar.
Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Murad Əhməd