“Qarabağ” ötən gün Konfrans Liqasında çıxışını dayandırdı. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun özündən daha aşağısəviyyəli komandaya uduzması təbii ki, narazılıqla qarşılandı.
Amma Azərbaycan təmsilçisinin belçikalılara uduzmasının bir neçə əsas səbəbi var. Təbii ki, öncə heyətdən başlamaq lazımdır. Avropa Liqasının qrup mərhələsindəki “Qarabağ” “Gent”lə matçın taleyini elə Bakıda həll edərdi. Əminəm ki, İbrahim Vadji, Kadi Borxesin yer aldığı komanda əlində düşən fürsətləri istifadə edib Tofiq Bəhramov adına Respublika stadionunda bu rəqibin qapısından 3-4 top keçirərdi. “Nant”ı, “Olimpiakos”u darmadağın edən “köhlən atlar” gentlilələrə də şans verməzdi.
.jpg)
Qış “transfer pəncərəsi” vacib turnirin ən önəmli oyunundan öncə “Qarabağ” üçün uğursuz oldu. Kadi Borxes 5 milyon avro qarşılığında “Krasnodar”a, Kvabena Ovusu isə 400 min avro transfer məbləği ilə “Ferençvaroş”a keçdi. Belə də Qurban Qurbanov onların yerini doldurmalı idi. Adətən yanvar ayında istənilən transferi etmək çətin olur və ya heyətə gətirilən oyunçular uğursuz alınır. “Qarabağ” göndərdiklərinin yerini doldura bilmədi. Lakin bu dəfə klub fərqli strategiya seçdi. Adama Diakabi və Yassin Benzia kimi uzun müddət meydana çıxmamış, oyun təcrübəsindən əziyyət çəkən oyunçuları heyətə qatdı. Bəlli idi ki, bu oyunçular istəniləni verə bilməyəcək.
Redon Cica isə Azərbaycan Premyer Liqasından səviyyəcə aşağı olan Albaniya Superliqasından gətirildi. “Tirana” klubunda heç də pis çıxış etməyən futbolçu “sirli bomba” idi. Çıxdığı ilk önəmli oyunda da ən pis tərəfdən özünü “göstərə bildi”.
.jpg)
Diakabiyə gəlincə, potensialı böyük olsa da, hələ ki, özünə gəlməkdə çətinlik çəkir. Elə Qurban Qurbanov özü də bildirmişdi ki, ona zaman lazımdır. Görünən odur ki, Adamanın uzun zamana ehtiyacı var.
Yassin Benziyaya gəlincə, “Qarabağ”ı növbəti mərhələdən edən penaltinin müəllifi olaraq yəqin ki, uzun müddət yaddaşlarda qalacaq. Bir vaxtlar Avropada ulduzu parlayan oyunçu hazırda texniki və fiziki olaraq imkanlarının çox cüzi hissəsindən istifadə edə bilir. Əslində, Qurban Qurbanovun yerində olsaydım, mən də penalti vurmaq üçün Adama Diakabi və Yassin Benziaya imkan yaradardım. Fiziki və texniki imkanları özündə olmasa da, təcrübəsi buna məcbur edərdi. Bu dəfə lotoreya Benzianın bəxtinə uğurlu çıxmadı...
“Qarabağ”ın digər bəxtsizliyi isə zədələrlə bağlı idi. Mərkəz xətdə yer alan futbolçuların yoxluğu Qurban Qurbanov üçün ciddi problem idi. Daha çox oyunu mərkəz “3-lüy”ü üzərində quran təcrübəli mütəxəssis ciddi çətinliklərlə üz-üzə idi.
.jpg)
Filip Ozobiç uzunmüddətli zədədən sonra yeni heyətə dönmüşdü, Qara Qarayevin oyun təcrübəsizliyi bir tərəfə, həm də xəstələnmişdi. Marko Yankoviç isə əla formada olsa da, Bakıdakı matçda rəqib onu “sıradan çıxardı”. Zədə 1 monteneqrolu oyunçunu 1 aylıq yaşıl meydan üzünə həsrət qoydu.
Yoxluqları ciddi hiss olunacaq oyunçuların yerini Qurban Qurbanov əlində olan daha aşağı keyfiyyətli futbolçularla doldurmalı idi. Açığı, Riçard Almeydaya keyfiyyətsiz futbolçu demək olmaz, ancaq di gəl ki, 34 yaşlı yarımmüdafiəçi üçün 90 dəqiqə eyni tempdə meydanda top qovmaq çox çətin idi.
.jpg)
Mərkəz xətti üçün “Qarabağ”da cəmi bir əvəzetmə şansı var idi – Qara Qarayev. Xəstə olan futbolçu isə Riçini deyil Julio Ramonun əvəzinə meydana daxil oldu. Qurban Qurbanov Almeydanı məcbur olaraq 120 dəqiqə meydanda saxladı ki, son dəqiqələrdə onun yorğunluğu kifayət qədər ciddi problemlər yaradırdı.
Amma bütün bu məsələlər Avropada kifayət qədər artıq tanınan komandanın heyətinə lazım olan futbolçuları qata bilməməsinə haqq qazandırmır. Daha yüksək maliyyə qarşılığında boşluqları doldurmaq olardı. Görünən odur ki, rəhbərliyin “xəsisliyi” əvəllər olduğu kimi davam edir, baxmayaraq ki, xərclədiklərinin daha artığını klub sayəsində qazanırlar.
.jpg)
Beləliklə, səriştəsizlik, bəxtsizlik sayəsində “Qarabağ” üçün qitə meydanlarında daha bir mövsüm bitdi. Ümid edək ki, gələn mövsüm üçün heyətə daha yaxşı futbolçular cəlb edilər və daha çox diqqət ayrılar...
Elsevər Məmmədov
Həmçinin oxuyun: Будут ли введены ограничения на “Trendyol” в Азербайджане?