Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi bilindi - Rəsmi

menzilde-meyiti-tapilan-4-neferin-olum-sebebi-bilindi
Oxunma sayı: 11826

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, yanvarın 5-də Bakıda bir mənzildən 4 nəfərin - 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayevin meyiti tapılmışdı. Onların bir neçə gün öncə vəfat etdiyi bildirilirdi.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi hadisədən sonra KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirmişdi. Qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, “Azəriqaz” əməkdaşları həmin mənzildə ilkin araşdırma aparmış və smart tipli sayğaca baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğunu, yəni qurğudan qaz keçmədiyini müəyyən etmişdi.

Amin Nəzərli