Mərkəzi Bank ipoteka krediti şərtləri ilə bağlı məlumatlara aydınlıq gətirdi

merkezi-bank-ipoteka-krediti-sertleri-ile-bagli-melumatlara-aydinliq-getirdi
Oxunma sayı: 1693

Son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın Mərkəzi Bankı tərəfindən mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer alıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bank bu haqda məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməyib, əksinə yumşaldılıb.

Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən 85%-ə qaldırılıb (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə salınıb). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılıb. Bununla yanaşı qeyd edilib ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir.