Məşhur ifaçılar “Prize Giving” Bakı şousunda çıxış edəcək

meshur-ifacilar-prize-giving-baki-sousunda-cixis-edecek
Oxunma sayı: 2100

Dekabrın 8-də Bakıda ilk dəfə keçiriləcək Beynəlxalq Avtomobil Federasiyasının Mükafatlandırma mərasiminin  (FIA Prize Giving Ceremony) bədii proqramı qonaqlara və yayım izləyicilərinə möhtəşəm anlar yaşadacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə keçiriləcək  Mükafatlandırma mərasimi maraqlı səhnə təqdimatı ilə yadda qalacaq.

2011-ci ildən keçirilən Prize Giving mərasiminin unudulmaz 3 hissəli Bakı şousu FIA Odlar Yurdunda (FIA in the Land of Fire) təqdimatı ilə başlayacaq. Təqdimat inteqrasiya və əməkdaşlığın dünyanın bütün xalqları tərəfindən eyni dərəcədə, tərcüməsiz anladığı yeganə dil – musiqi vasitəsilə mümkünlüyünü nümayiş etdirəcək.

Mükafatlandırma mərasimində hər bir azərbaycanlının ən incə hisslərinə toxunan, eyni zamanda bütün dünyada ölkəmizin mədəni irsinin təcəssümü kimi qəbul edilən “Sarı gəlin” xalq mahnısının doğma sədaları da səslənəcək.

Tamaşaçılarla interaktiv dialoq formatında qurulacaq proqram mədəniyyətlərarası dialoqun vacibliyi ilə bağlı bir mesaj da olacaq. Belə ki, təqdimatda səslənəcək müxtəlif janrlara aid musiqinin sintezi ilə bir daha müxtəlifliyin, Şərqlə Qərb arasındakı harmoniyanın önəmi ismarıcı ötürüləcək.

Mərasimə xalq artistləri Alim Qasımov, Əlixan Səmədov, əməkdar artistlər Aleksey Miltıx, Emil Əfrasiyab, Fərqanə Qasımova, İsfar Sarabski, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri, “Mirvari” rəqs ansamblı, “Natiq” ritm qrupunun çıxışları rəng və təsirli anlar qatacaq.

İdman sahəsində ilin ən möhtəşəm hadisələrindən sayılan FIA Mükakatlandırma mərasimi FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nöminasiyalarda mükafatlar təqdim edilir.