XOCALI FACİƏSİ
1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi. Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməksiz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qəlbində yalnız bir "istək" alovlanırdı: Türk qanı içmək! Bacardıqca çox içmək türk qanını! Onun ulu babaları da həmişə belə etmişdi - türk qanı içmək həsrətiylə yaşamışdılar. İndi o məkrli babaların kinli övladları bu istəyi həyata keçirirdilər. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Körpə naləsindən, ağbirçək ana yalvarışlarından xoşhallanırdı bu kafirlər - ermənilər! Ermənilər doğrudanmı kafirlik edirdi həmin o günü? Ermənilər Allah xofundan ehtiyat etmirdilərmi? Bir də kafirdə hansı insani hiss, düşüncə olur ki, Allah adından da ehtiyatlansın?
O qanlı soyqırımdan az bir müddət keçsə də, indi çox acı həqiqətlər aşkarlanıb. Onlar könül açmır, ürək sevindirmir. Təəssüfün, peşmançılığın qanlı zəncirində boğur adamı. Ağrı içində qovrula-qovrula bir acı həqiqətin hökmü ilə razılaşırsan: O dəhşətli qırğın olmaya bilərdi!
Bəs günahkarı kimdir bu soyqırımın? Faciə kimin laqeydliyi, biganəliyi ucbatından baş verdi? Bu xalqın taleyi ilə oynayan kimlər idi? Hansı çirkin məqsədə qurban verdilər bu xalqı? O "niyyət", o "məqsəd" məgər işgəncə ilə ölən analardan, bacılardan, qardaşlardan uca idimi bu adamlar üçün? Niyə vaxtında tədbir görüb xalqı xilas etmədilər? Axı, bunu vaxtında etmək olardı! Kafir erməninin acgözlüklə, türk qanına hərisliklə pusquda dayandığını "o adamlar" - yəni özümüzkülər məgər bilmirdimi? Axı niyə bu qəti addımı atıb xalqı tələdən çıxarmadılar?
Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kimliyi bilinir. Və qatil özünü gizlətmir də. Amma səbəbkar hələ ki, tapılmır. Qatil ermənidir. Bəs səbəbkar kimdir?
İndi çoxları bu sözü təkrarlayır: Xocalı siyasətin qurbanı oldu. Doğrudanmı belədir? Doğrudanmı kimlərsə hakimiyyət ehtirasına bürünüb Xocalı camaatını qırğına verdi? Əlbəttə ki, həqiqət nə zamansa üzə çıxacaq, qaranlıq suallar aşkarlanacaq.
Amma bir həqiqət də məlumdur: əgər cəhd göstərilsəydi, qeyrət və ürəyiyananlıq edilsəydi xocalıları xilas etmək olardı. O zaman XX əsrin ən böyük və dəhşətli qırğınlarından biri baş verməzdi.
Faktlar göstərir ki, Xocalı çoxdan düşmən mühasirəsində idi. Ətraf mühitlə, doğma Azərbaycanla əlaqə demək olar ki, kəsilmişdi. Xocalı camaatının taleyi nazik bir teldən asılmış kimiydi. Adamlar da, Azərbaycan hökümətinin rəhbərləri də bu nazik telin tezliklə qırılacağını bilirdilər. Vaxtilə böyük həvəslə Xocalıda geniş yaşayış evləri tikib, yüzlərlə qaçqını orda yerləşdirən başçılarımız qısa bir zamanda buraya xərclənən milyonlarla pulun havaya sovrulacağını hiss etmişdilər.
Sonradan görüşüb söhbət etdiyim bəzi Xocalı sakinləri ürək ağrısı ilə deyirdilər: "Əslində Xocalının düşmənə verilməyində hökümət başçılarımız maraqlı idi. Çünki yalan işlər adı ilə milyonlarla pul yeyilmişdi. Axı, o milyonları ört-basdır etmək lazım idi”.
Belə çıxır ki, həm də pul ehtirasının, var-dövlət aludəçiliyinin qurbanı olmuşdu yazıq xocalılar!
Xocalı mühasirə əzabının qanlı tikanları ilə hörülmüşdü. Baş verən son hadisədən sonra ümid yolu yalnız hava nəqliyyatına idi.
Xocalı şəhərinin Baş prokuroru Atakişi Atakişiyevin ifadəsi:
- 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayonunun içərisində bizim UAZ markalı maşında 3 nəfər öldükdən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən sonra ermənilər Əsgəran qalasını böyük panellərlə hördülər. Yol kəsildi. Xocalıların kənara çıxması ancaq hava xəttindən asılı qaldı. Vetolyotlarla sursat, ərzaq və digər təchizat vaxtında təmin olunmadı. Hətta çörək də çox vaxt vetolyotla daşınırdı. Xankəndində silah düzəldən zavodun dayandırılması ilə əlaqədar biz öz təşəbbüsümüzlə elektrik xəttini kəsdirmişdik. Son üç ay idi ki, işığımız da yanmırdı...
Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiyəsiz, kimsəsiz, başsız halda təhlükə pəncəsində qorxu çəkirdi. 1992-ci il yanvarın 28-də isə Xocalı şəhərini böyüdüb rayon etmişdilər. Təəssüflər olsun ki, həmin fərmanı imzalayanlar çoxdan o rayonu da, orada yaşayanları da unutmuşdular. Bəs o fərman imzalayanlara real məlumat çatdırılırdımı?
Rayonun Baş prokuroru Atakişi Atakişiyevin hadisədən iki ay əvvəl - 1991-ci il dekabrın 27-də respublika rəhbərliyinə göndərdiyi xəbərdarlıq teleqramı:
Təcili teleqrafla, Bakı, Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov yoldaşa:
Surəti Respublika prokuroru Murad Babayev yoldaşa:
Sizə müraciət edərək bildirirəm ki, DQMV-nin Cəmilli və Tuğ kəndlərindən azərbaycanlıları erməni quldurları çıxartmışlar. Malıbəylidə vəziyyət olduqca ağırdır. Dağlıq Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xocalıdır. Çünki Xocalı Əsgəranın və Stepanakertin ortasında yerləşir. Burada dəmir yolu və aeroport vardır. Xocalı şəhərinə Əsgəran ilə Stepanakert arasında olan yol 25-30 gündür ki, kəsilmişdir. Gediş-gəliş yoxdur. Bu günə kimi belə çətin vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə yerli milis şöbəsi, aeroport milisi, öz yaratdığımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Buna baxmayaraq vəziyyət getdikcə çətinləşir. Ona görə ki, 25 - 30 gündür yol işləmir. Vertolyot işləmir. Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə qərargah indiyə kimi bizə heç bir kömək edə bilməmişdir. 10 gündür ki, maşın, heç bir şey işləmir. Ərzaq malımız yoxdur. Müharibə vəziyyətində bütün bunlara dözmək olar. Lakin bir şeyə dözmək mümkün deyil - hər şeyimiz qurtarmışdır. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üzrədir.
Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etdikdə Əsgəranla Stepanakert (Xankəndi) arası açılacaq. Azərbaycanın bu işlərdə çəkdiyi əziyyət hədər olacaq. Sonra DQMV-də vəziyyət daha da ağırlaşacaq. Onu bilirəm ki, hələ Xocalı şəhərini bu günə kimi heç kim gözüylə görüb müşahidə edib məlumat çatdırmayıb. Sizdən artıq xahiş edirik ki, bizə lazım olan şeyləri çatdırasınız. Köməklik edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb və kolxoz, sovxoz işləmir, fəaliyyəti dayanmışdır. Əziz rəhbərlərim, yaralıları aparmağa təcili yardım maşını yoxdur. Yaralıları heç bir yerə aparmaq mümkün deyil. Adi sarğı materialı da yoxdur. Açıq müharibə şəraitində yaşamaq çətindir. Biz sizdən təxirə salınmadan kömək və ümid gözləyirik. Əziz rəhbərlərim, sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bizə təcili yardım edin.
Xocalı şəhər prokuroru A.Atakişiyev.
Beləcə, ulularımızın qədim yaşayış yeri olan Xocalı göz görə-görə məhvə gedirdi. Neçə yüzilliyin nəfəsini özündə yaşadan, Assuriya padşahlığı dövrünə aid məzarlar tapılan, təkgöz adamın meyidi uyuyan, bir qədim top lüləsindən 48 kiloqram qızıl çıxarılan, 30 metrə kimi torpağa batmağı ehtimal olunan bu qədim və sirli-sehirli diyar biganəliyin, laqeydliyin ucbatından dağılıb gedirdi. Xocalı camaatı ulu babaları uyuyan bu torpağa öz sədaqətlərini, hər istəyin fövqündə dayanan məhəbbətlərini bildirirdilər. Aclıq və ehtiyac içində əzab çəksələr də, dözüb dayanır, müqəddəs ana yurddan, ulu torpaqdan ayrılmaq istəmirdilər.
Yaxınlıqda, cəmi iki addımlıqda dayanmış xain düşmən isə hər şeyi görür, ehtiyatla, düşünülmüş planla köməksiz xocalıların üstünə gəlirdi.
Lənətlənmiş rəhbərlərimiz isə susur, düşmənin bu asta addımlarını ögeyliklə izləyirdilər.
Ağdam qərargahında isə qəribə oyunlar gedirdi. Dövlət nümayəndələri əsassız məlumat verirdilər mətbuatda: Xocalı bizimdir! Xocalını heç kim bizdən ala bilməz! Heç kimin bizə gücü çatmaz və s. Bunlar hamısı gülünc və boğazdan yuxarı deyilən ibarələr idi. Əslində isə Xocalı sarsılır, məhvə aparılırdı.
Ağdamda isə oyunlar davam edirdi. Xocalıya yol açmaqdan ötrü dəfələrlə əməliyyat planı hazırlandı. Amma hər dəfə bu plan kimlər tərəfindənsə pozuldu. Əməliyyat planlarından biri belə idi: "Bir zirehli teplovoz, zirehli vaqon, dəmir yolunu söküb tikən aqreqat, vaqonlarda qum, çınqıl, vaqonların qabağında isə yolun təhlükəsizliyi üçün boş vaqonlar qoyulmalı idi. Həmin zirehli qatarda 2 tank vardı. Saat 6-da Əsgərana girib Xocalı yolunu açmaq lazım idi".
Lakin əməliyyat keçirilmədi, kimlər tərəfindənsə pozuldu.
Növbəti "əməliyyatlar" belə idi: "Zabratdan iki "krokodil" hərbi vertolyot göndərilmişdi. O, iki gün Dağlıq Qarabağ ətrafında fırlandı, guya ki, Əsgəranda, Naxçıvanikdə, Xanabad və Noraguhdakı erməni silahlı dəstələrini "bombaladı". Lakin sonradan məlum oldu ki, bu əməliyyat da uğurla başa çatdırılmayıb.
Yanvarın 29-da Xocalıdan sonuncu vertolyot uçub. Fevralın 12-də Gəncədən daha bir hərbi vertolyot Xocalıya gəlib. Amma bu "gəlişlər" Xocalı camaatını təhlükədən xilas etmirdi. Qarşıdan dəhşətli bir faciənin qara tufanı gəlirdi. Yerli camaat təhlükəni duyurdu. Xocalının qeyrətli igidləri isə mərdliklə, vətənpərvərliklə şəhidlik camı içib yurdun keşiyini çəkirdilər. Düşmənin tankının, topunun qabağında bu igidlər boş əllə dayanmışdılar. Avtomatla zirehli tanka, BTR-ə nə etmək olardı ki?
Fəlakət yaxınlaşırdı. Fevralın 25-i günü hamının unudub yaddan çıxardığı Xocalı camaatı doğma yurdda son saatlarını yaşayırdı.
Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov qəribəliklə deyir:
" - Fevralın 25-də axşam saat 9-a işləmiş mənə zəng vurdular ki, Xocalının fin evləri yerləşən tərəfindən bir BMP keçdi. Sonra dedilər ki, Ağdamdan xəbər verilib ki, 4 tank gələcək, atmayın. Bu yalan məlumatın mənbəyini hələ də müəyyənləşdirə bilməmişəm". Məhz həmin BMP-nin keçməsindən sonra Xocalının altı tərəfdən mühasirəsi başladı. İki saata kimi mühasirə davam etdi.
Mühasirə halqası daraldıqca Xocalıdan hər yana - yəni bizimkilərə "14", "90" gizli çağırışları ilə həyəcan dolu xəbərlər göndirilirdi: Bizi qırırlar, kömək edin! Bizi qırırlar, kömək edin!
Təxminən axşam saat 22.00-23.00 radələrində dəhşətli atışma başlandı. Amansız ermənilər rus hərbçilərinin köməyi ilə altı tərəfdən Xocalıya hücum etdilər. Əslində bu hücumda əsas məqsəd yalnız Xocalını almaq deyildi. Bu hücumda vəhşi ermənilər qatil rus hərbçilərinin köməyi ilə həm də nifrət etdikləri Azəri türklərini qırır, ürəklərindəki nifrət alovunu söndürürdülər. Xocalı faciəsi içərimizi didib parçalasa da, bir acı həqiqəti üzə çıxardı: Ermənilər bizə düşməndir! Fürsət düşən kimi xalqımızı qırır. Onlara heç zaman inanmaq olmaz!
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı oldu. Yüzlərlə günahsızın nahaqdan qanı axıdıldı. Bu nahaq qanı axıdan kafir ürəkli, kafir düşüncəli erməni idi. Kafirlik insan xislətinə uyuşmayan bir alçaqlıqdır. Kafir geci-tezi cəzasına çatacaq.
Müqəddəs "Quran" kafirlərin cəzası haqda: "Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək [qaralacaq] və onlara: "Sizin dünyada istədiyiniz əzab budur!" deyiləcəkdir". Əl-mülk ["hakimiyyət"] surəsi.
Kafir ermənilər fevralın 25-dən 26-na keçən gecə kimsəsiz xocalılara divan tutdu. Adamlar gecənin qaranlığında, güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq baş götürüb dağlara, meşələrə qaçırdı. Şəhər alovlanıb yanırdı. Hamı qaçırdı. Dəhşət və qorxu içində baş götürüb artıq xarabalığa çevrilən doğma yurdlarından üz döndərib gedirdilər. Vətən dedikləri o müqəddəs torpaq erməni kafirlərin əlinə keçirdi. Yazıq xocalılar hələ bilmirdilər ki, onların əsil faciəsi qabaqdadır. Qaçmaq hələ faciə deyildi. Qaçmaq əslində xoşbəxtlik idi ki, düşmən gülləsindən sağ çıxırdılar. Dolu evlərini, var-dövlətlərini qoyub gedirdi xocalılar. Kiminin qoca və xəstə anası qalırdı yanan evlərdə, kiminin də varı, dövləti, pulu. Kimi də həsrətlə, ürəkacısı ilə dayanıb ani olaraq güllə mərmisindən od tutub alovlanan gəlinlik cehizinə baxırdı. Bu qaçaqaç alovunda ana baladan ayrı düşürdü, qardaş bacıdan. Qocalar, qarılar bu qaçaqaç cəhənnəminin əzabına dözə bilməyib soyuq torpağa döşənib deyirdi: "Gəl, gəl öldür məni kafir erməni! Gəl, məni öldürüb rahatlıq tap! O mənim evim, eşiyim, varım, dövlətim, apar nə istəyirsən! Amma cəzanı alacaqsan! Allah qisasımızı yerdə qoymayacaq! Sevinmə erməni, sevinmə! Gün gələr ki, haqqın qapısı açılar, Allah sənin də cəzanı verər! Tökdüyün nahaq qanların rəngi gözünü tutar! Sevinmə erməni, sevinmə! Bu torpaq. Bu yurd sənə qalmayacaq! İgid oğullarımız sənin murdar nəfəsini bu torpaqda boğub məhv edəcək! Cəhənnəm alovunda haqqın hökmü ilə diri-diri yandırılacaqsan! Köməksiz qocaların torpaqda çırpınmağına baxıb sevinmə! Körpələrin göylərə yüksələn nalələrini dinləyib könül xoşluğu tapma! Ağbirçəkləri əzabla öldürüb ləzzət aparma! Övladın gözü qarşısında atanı ağaca sarıyıb, əl-ayağını kəsməyinlə öyünmə! Çiçək qızlarımızın pak namusunu ləkələyib, heysiyyatına toxunmaqla qürrələnmə! Yox erməni, sevinmə! Sən bu vəhşiliyinə və zalımlığına görə cəzalanacaqsan!".
...Qocalar, qarılar soyuq torpaqda can verir, yanan yurdlarına baxıb hıçqırırdılar.
Xocalının mərd və qeyrətli oğulları bu qeyri-bərabər vuruşda amansız düşmənlə döyüşür, layiqli müqavimət göstərirdilər. Düşmən olduqca qüvvətli idi. Muzdlu rus hərbçiləri də qatil ermənilərə hər cür kömək göstərirdilər.
Yazıq və kimsəsiz Xocalı camaatı isə qaçıb qalın meşələrə, soyuq, qarlı dağlara pənah aparırdı.
Həmin günü Xocalıya möhkəm qar yağırdı. Buzlu, şaxtalı çöllərdə Xocalı camaatı inildəyir, əzab çəkirdi.
Xocalının igid oğulları döyüşür, doğma yurdlarını düşmənə asanlıqla təslim etmirdilər. Ən yaraşıqlı binalarından biri olan Beşmərtəbədə çoxlu Xocalı camaatı toplaşmışdı. Onlar mərdliklə düşmənin həmlələrini dəf edirdilər. Hətta fevralın 26-sı günündə də Beşmərtəbədəki camaat düşmənə müqavimət göstərmiş, doğma yurdlarındakı son sığınacağı ermənilərə təslim etmək istəməmişdilər. Lakin düşmən güclü və çox idi. Bir də köməyə gələn qüvvə də yox idi.
Beləcə, Beşmərtəbə də süquta uğradı
Xocalının igid oğulları son sığınacağı da tərk etdilər.
Fevralın 25-dən 26-na keçən gecə elə adamlar oldu ki, evinə od vurulduğundan qaça da bilmədi, diri-diri yandı.
Qaçanların taleyi isə acınacaqlı oldu. Zülmün, işgəncənin hansı üzünü görmədi bu xocalılar? Çoxunu qatil ermənilər mühasirəyə alıb qırdı, çoxunu girov götürüb başına min bir müsibət gətirdi. Çoxu da qarın, şaxtanın soyuğuna dözə bilməyib dondu. Canını qurtaranların ilk pənah gətirdiyi yer Ağdam idi. Ağdam həmin o çətin günlərdə xocalıların ümid qapısına çevrilmişdi.
Sağ qalan xocalıları, başı müsibətlər çəkmiş xocalıları soraqlaya- soraqlaya Ağdama gedirəm.
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciələrindən biri baş verdi: Azərbaycanın Xocalı şəhərində erməni faşistləri ilə rus hərbçiləri dinc əhalini vəhşicəsinə qətlə yetirdilər. Yeddi minə yaxın sakinə divan tutuldu.
Ağdamda bir ölgünlük hiss olunur. Küçələrdə az-az gözə görünən adamlar qaşqabaqlı və qanıqaradırlar. Qapıların çoxundan qıfıl asılıb. Şəhər sanki matəm içindədir. Hərbi libaslı adamlar isə daha tez-tez gözə dəyir.
Səhər erkən yazıq xocalılar Xalq Cəbhəsi binasının qarşısına toplaşırlar. Qocalı, cavanlı, hamısının beli bükülüb. Onlar bura zəif bir ümid işığıyla gəlirlər: bəlkə qırılanlarımızdan, itənlərimizdən bir soraq verildi. İtən, qırılan da ki, bir deyil, beş deyil... Xocalılara baxıram. Kimi quru torpağın üstə oturub, kimi də ümidsiz, hissiz halda gözünü bir nöqtəyə dikib. Xocalılara baxıram və dərdin böyüklüyündən içərim alışıb yanır. Qəfildən dəhşətli bir fikir silkələyir məni: deyəsən, bu xocalıların yalnız gözləri baxır, yaşamaq üçün gərəkli olan bütün istəkləri boğulub, məhv edilib. Yurdu zəbt olunan, evi, eşiyi dağıdılan, qohumu-qardaşı qətlə yetirilən adamın əhvalı bəs necə olsun?
AXC Ağdam şöbəsinin sədri Allahverdi bəyi[1] xocalılar hər yandan dövrəyə alıblar. Bu gün o, Xocalıdan meyidləri gətirməlidir. Ermənilərlə bu haqda razılıq əldə olunub. Xocalılar əli qoynunda dayanıb meyidlərin nə vaxt gətiriləcəyini gözləyirlər. İyirmi günə yaxındır ki, onlar belə işgəncəli ömür yaşayır, meyid gözləyirlər!
Allahverdi bəyin başı bərk qarışıq olsa da, ara-sıra söhbət edə bilirəm. O, Xocalı qırğınının "açılmayan düyünündən" ilk məlumat verir: "Qırğının qarşısını ala bilərdik. Onları xilas etmək üçün əməliyyat planımız da vardı. Amma...".
Ağdamda bu "amma"ları hələ çox eşidəcəyəm. Və çoxları bu sözü təkrar edib deyəcək: "Xocalıları qırğından qurtarmaq üçün əməliyyat planı hazırlanmışdı. Amma...".
Əməliyyat planını pozan, adamları qırğından qurtarmağa maneçilik törədən kim idi axı?
Ağdam rayon xəstəxanasının baş həkimi Tariyel Eyvazovla söhbətdən daha acı faktlar öyrəndim. Baş həkimin dedikləri: - Həmin gün tapşırıq verilmişdi ki, xəstəxananı, operasiya stollarını hazır vəziyyətdə saxlayaq. Ağır vəziyyətdə olanları Bakıya çatdırmaq üçün iki vertolyot da ayrılmışdı...
Qəribədir! Qırğın hələ başlanmayıb. Amma onu qarşılamağa hazırlıq görülür.
BİR HAŞİYƏ: Ermənilərin Xocalıda tutub iyirmi günə qədər girov saxladıqları Yaqub Məmmədovun ifadəsi: - Ermənilər bizə dedilər ki, iki gün əvvəldən bütün xocalılara və "sizinkilərə" (yəni rəhbərlərinizə) çatdırmışdıq ki, ora hücum olacaq. Hətta gününü də demişdik.
Qəribə məntiqdir. Ermənilər hücumun vaxtını, gününü də çatdırır "bizimkilərə", xəstəxana hazırlıq vəziyyətinə gətirilir...
Düyünlər hələ də dolaşıqdır.
"UAZ" maşınında dördümüzük: Allahverdi bəy, köməkçisi, sürücü və mən. Arxadakı "Kamaz"da isə 16 nəfər əyləşib, meyidləri yığmaq üçün. Meyid yığmaq üçün adam tapmaq da çətindir. Çoxunun ürəyi gəlmir getməyə.
Allahverdi bəy əvvəlcədən ermənilərlə danışıb. Razılığa gəliblər ki, iki girov erməninin əvəzinə meyidləri və bir azərbaycanlı girovu dəyişsinlər. Saat 12- də ermənilərlə müəyyənləşdirilmiş yerdə görüşməliyik.
BİR ƏLAVƏ. Ağdam rayon Xalq Cəbhəsinin sədri Allahverdi bəy haqqında çoxları razılıq və minnətdarlıqla danışır. Məhz onun bacarığı, səyi nəticəsində çoxları əsirlikdən buraxılıb, yüzlərlə meyidi gətirib basdırmaq mümkün olub.
Ağdamın qurtaracağında post qoyulub. Bura "Qatır Məmməd" adı ilə məşhur olan Yaqubun dəstəsinin nəzarətindədir. Postun kənarında isə üstündə Yaqubun həlak olan oğlu Canpoladın adı yazılmış tank dayanıb. Öyrənirəm ki, Yaqub bəy qəhrəmanlıqla həlak olan oğlunun meyidini dünən ermənilərdən alıb basdırıb. Neçə müddət idi ki, ermənilər meyidi vermirdilər.
Əsgəran yoluna çatırıq. Qarşıda ermənilərin postu qoyulub. Ratsiya ilə xəbər verməyimizə baxmayaraq sürücü maşının işığını yandırıb-söndürərək işarə verməyə başladı. Allahverdinin köməkçisi maşından düşüb onlara tərəf getdi. Allahverdi bəy qazılmış yolu göstərib dedi: - Bax buranı ermənilər qazıb. Axıra kimi yolu qazmaq istəyirdilər ki, tank keçməsin. Mən onlarla danışıb qoymadım. Amma belə getsə axıra kimi qazacaqlar. Belə olmaz axı! Silahımız azdır, texnika çatışmır. Bax, gedib çətinliklə Əsgəranı almışdıq. Yağışın altında gecə saat 12-yə kimi ermənilərlə döyüşdük. Kömək olmadığından geri çəkilməyə məcbur olduq, o Qaraqayanı görürsünüzmü? Ora da əlimizdə idi. Amma saxlaya bilmədik.
Allahverdi bəy narazı halda danışır. Qaraqayadan isə ermənilər Ağdama güllə atırlar.
...Ermənilərin sarı rəngli "UAZ"ı on metrliyimizdə dayanır. Allahverdi bəy düşüb, maşına sarı gedir. Mənə isə düşməməyi, maşında oturmağı tapşırır. Kənardan görüşü müşahidə edirəm. Ermənilərin komandiri Vladik maşından düşüb Allahverdi ilə görüşür. Özü də mehribanlıqla, heç nə olmamış kimi səmimi görüşür.
KİÇİK HAŞİYƏ. Allahverdi bəyin Vladiklə çoxdankı tanışlığının nəticəsində belə görüşürlər mümkün olur: Ermənilər öz girovlarını qəbul edir, bizimkiləri isə verirlər.
Maşından beş nəfər əlavə silahlı quldur düşür və düşmən hesab etdikləri azərbaycanlılarla görüşürlər. Kənardan baxanda ermənilərin bu davranış və hərəkətindən "quldurluq, vəhşilik" əlaməti yağmır. Amma bu xain xəstələrin içərisində bizi hər zaman sancmağa hazır olan zəhərli bir ilan yatır.
Bu vaxt maşından qara paltarlı heysiz-halsız bir kişi düşürülür. Qısa danışıqdan sonra qara paltarlı kişi əyləşdiyim maşına tərəf gəlir. Gözlərində kədər qarışıq sevinc ifadəsi var. Maşına əyləşən kimi sorğu-suala tuturam:
- Ermənilər nə vaxt tutmuşdu sizi?
- Xocalıdan bizi qovub çıxaran günün sabahısı Dəhraz kəndində girov götürdülər.
- Harda saxlayırdılar sizi?
- İyirmi gün idi ki, Stepanakertdə saxlayırdılar. Başımıza olmazın oyununu açdılar. Gündə əl boyda çörək, yarım stəkan su verirdilər. Heç bilmirəm ki, oğul- uşağımdan kimlər qaldı, kimlər qırıldı.
Əlli iki yaşlı Yaqub kişi bu sözləri deyib acı-acı hönkürdü. Yazıq görkəmli, başı min bir faciələr çəkmiş bu adamın halına baxdıqca içərim alışıb yanırdı.
Az aralıda isə ermənilər dayanmışdı. Allahverdi bəyin dediyinə əməl etməyib maşından düşüb onlara sarı gedirəm. İstəyirəm ki, onlarla azacıq da olsa söhbət edib bu vəhşiliklərini heç olmasa üzlərinə deyim.
Komandir Vladik: - Ara, hər şeyi sakitcə, "po çeloveçeski"(yəni insancasına-red) eləmək olar də...
- Axı Xocalı faciəsində hər şey bu dediklərinizdən uzaq oldu.
Quldurlardan biri: - Oradakıları ruslar öldürdü. Qalanları da gecə görməyib bir-birlərinə atıblar.
- Bəs başları kəsilən, əlləri, qulaqları kəsilənlər necə?
Quldurlardan biri: - Biz belə şey etməmişik. Amma sizinkiləri görürsənmi, danışmışıq güllə atmayaq, lakin atırsınız.
- Bayaq rusları dediniz, vuruşmaq üçün sizdən çoxmu pul alırlar?
Quldurlardan biri: - Sizdən necə alırlarsa, bizdən də o qədər alırlar. Bizdən də alırlar, sizdən də alırlar bu ruslar.
Başqa bir quldur: - Amma biz də bezmişik. Bəzən yeməyə çörək də tapmırıq.
Görüş qurtarır. Erməni Vladik zarafatla deyir:
- Allahverdi, maşındakıların sayını dəqiq deyin ha, yoxsa artıq adamı Stepanakertə aparacağıq.
Vladikin ironiya ilə dediyi sözlər içərimi kəsib doğrayır: Vətənimdə, torpağımda at oynadana bir bax!
"Kamaz"dakı azərbaycanlılar ermənilərin müşayiəti ilə Xocalı meyidlərini gətirməyə gedirlər. Biz isə Ağdama qayıdırıq.
Bayaqdan sıxıntı içərisindəyəm. Meyid gözləyənlərə yaxınlaşıb sorğu-sual etməkdə çətinlik çəkirəm. Nəhayət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışıb yanan zavallılara yaxınlaşıram.
Əliyeva Zoya: - Oğlumdan xəbər-ətər yoxdur. Anamı meşədə girov götürmüşdülər. Bir erməni girovu ilə dəyişdirildi. Oğlum, görən, salamatdımı, ay Allah...
Əliyeva Afət: - Bacımın oğlu Ülfəti gözləyirəm. Rus dili institutunda oxuyurdu...
Fərzəliyeva Hürü: - Oğlanlarım beş gün aeroporta keşik çəkdilər, indi heç birindən xəbərim yoxdur.
Bəsti Bəndəliyeva: - Qoca nənəmdən, babamdan heç bir xəbər yoxdur.
Vidadi Əliyev: - Qaynatam altı nəfər ailə üzvü ilə birlikdə gəlməyib. Haradadırlar, başlarına nə oyun gəldi?...
Çaxalov Vəhdi (mesxeti türkü): - Qardaşım uşaqlarının beşi də yoxdur. Heç bir xəbər öyrənə bilməmişik.
Hamı Yaqubu qucaqlayıb bağrına basır. Hönkür-hönkür ağlayır. Neçə gündür ermənilərin əsir saxladığı Yaqub onlar üçün qardaş kimi doğmadır, əzizdir. Dağılan yurdlarından daha bir adamı sağ görmək xocalıları necə olsa da, dərddən alışıb yansalar da sevindirir. Yox, təbəssümlə deyil, ağlaya-ağlaya, göz yaşı içərisində sevinirlər. Yazıq xocalılar, zavallı, biçarə millətim!
Sorğu-sual başlayır:
- Ay Yaqub, mənim Halayımı görmədin?
- Halay orda, yanımdeydi, Niftalı da, qardaşı da ordaydılar.
- Ay Yaqub, Anarı görmədin?
- Anar da ordeydi.
- Ay Yaqub, Muradı görmədin bəs?
- Yox, Muradı görmədim. [Sual verən qadın doluxsunmuş halda yana çəkilir.]
- Ay Yaqub, Mobili görmədin, çörək bişirən Mobili?
- Hə, Mobil ordadı.
- Ay Yaqub, Məşədi müəllimin olğunu görmədin?
- Yox, onu görmədim, vallah.
Yaqubu üzük qaşı kimi dövrəyə alıblar. Kiminə ümidli xəbər verir, kiminə də yox. Yaqub yalnız bir yerdə saxlandığı 70 xocalının taleyindən xəbərdardır. Bəs qalanı! Yüzlərlə, minlərlə günahsızın taleyi necə olacaq?
Yaqubun söhbətindən məlum olur ki, Xankəndinin həbsxana və zirzəmilərində çoxlu azərbaycanlı işgəncə çəkir. Onları bəs necə xilas etməli? Öz torpağımızın havasını əsirlikdə udan yurddaşlarımıza kömək əlimizi necə uzadaq?
Ağdam məscidinin qabağı adamla doludur. İndicə maşınla gəlib xəbər verdilər ki, meyidləri gətirirlər. Hamı səbirsizliklə və həyəcanla gözləyir. Meyid gözləmək nə böyük dərd imiş!..
Maşın məscidin həyətində dayanır. Camaatı maşından uzaqlaşdırırlar. Arvadları isə yaxına buraxmırlar. Birinci meyidi düşürəndə qadınlardan biri nalə çəkir: Ay Allah, yandım! Yandım!
Nalə, ağlaşma, ah-fəryad göyə yüksəlir. Meyidləri xərəklərlə düşürüb maşına yığırlar. Meyidlərə baxdıqca dəhşət bürüyür məni: yazıq xocalıları nə günə salıblar! Kiminin ayağı kəsilib, kiminin burnu, qulağı, çoxlarının dişi [yəqin qızıldişli olanları] kəlbətinlə qoparılıb. Balaca bir qız uşağının meyidinə isə sakit baxmaq olmur. Yazıq uşağın üzünü vəhşi quşlar dimdikləyib deşik-deşik edib. Yaşlı bir qadının ayağının biri kəsilib, o biri ayağında isə yamaqlı corab var. Bir cavan oğlanın meyidi lap dəhşətlidir: başının yarısı paralanıb, yoxdur.
Meyidləri maşından düşürüb məscidə yığırlar. Meyidlər aparıldıqca kənarda dayanan bir Xocalı ağsaqqalı dərdli-dərdli deyir:
- Bax, o, Bahadırın meyididir. Səlimov Bahadırın. O Zərifin meyididir. O da Xəlilin meyididir. Baxan kimi tanıdım.
...Xocalılar ağır dərd içində otaqlara girib meyidlərə baxır. Kimi doğmasını axtarır, kimi oğlunu, kimi qızını... Qəfildən bir nalə eşidilir: - Ay Rza, mən səni belə saxlamamışam, ay Rza! Səni nə hala salıblar, ay Rza!
Qadının ürəkparçalayan səsi bütün Ağdama yayılır...
Meyidləri gətirənlərə yaxınlaşıram. Hamısının üst-başı toz-torpaqdır. Ağır da olsa, çətin də gəlsə onları söhbətə tuturam: - Meyidlərin hamısını gətirə bildiniz, yoxsa qalanı oldu?
Baxış kişi: - Yox, ay bala, meyid doludu, dolu. Hara baxırsan meyid görünür.
Vəliyəddin kişi: - Biz yalnız donuz fermasının üstündəkiləri yığa bildik. Qalanı qaldı. Ermənilər deyir hələ meşənin içində o qədər meyid var ki...
AÇILMAYAN DÜYÜNLƏR
Xocalılar haqlı olaraq ittiham edirlər:
- Əgər bizi qorumayacaqdılarsa, niyə başımızın altına balış qoyub arxayın salırdılar: deyirdilər ki, qorxmayın, sizi qoruyuruq?
Təşkil edib arvad-uşağı niyə çıxartmadılar?
- Xocalıda sonuncu vertolyot yanvarın 28-də gəlib. Bu xəbərdarlıq deyildimi böyüklərimizə.
- Həmin günü ermənilərin hücum edəcəyini bizim rəhbərlər bilirmiş, niyə tədbir görməyiblər?
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciələrindən biri - Xocalı qırğını oldu. Minlərlə adamın günahsız qanı töküldü. Hamı bilə-bilə, hamı görə-görə.
Ağdamda gördüklərim məni dəhşətə gətirir. Sıxıntı və əzab içində Ağdamdan ayrılıram. O meyidləri isə unuda bilmirəm. Gözümü yuman kimi məzhun və yazıq sifətli insanlar gözüm özünə gəlir. O əli kəsilmiş ağsaqqal qocanı necə yadımdan çıxarım? Bir ayağı kəsilmiş ananı, burnu qoparılmış balaca qız uşağını yaddan çıxara bilərəmmi? Bədəni deşik-deşik edilmiş milli ordu əsgərinin o halını necə unudum?
Ağdamdan ağır dərd içində ayrılıram. Qulaqlarımda isə bayaq Ağdam məscidində eşitdiyim o dəhşətli fəryadlar təkrarlanır: "Ay Rza, mən səni belə saxlamamışdım. Səni kim bu hala saldı, ay Rza!"
Ağdamda gördüyüm o dəhşətlərdən sonra hələ uzun müddət özümə gələ bilməyəcəyəm.
İndi sənə nifrət edirəm. Əlimə düşsən səni parçalayaram, təəssüf də etmərəm! Sən zalımsan, sən qəddarsan! Sən insanlıq adına ləkəsən! Kafir erməni! Sənin hər görünüşün təhlükədir, ölüm təhlükəsi! İnsan qanı içən, kafir erməni! Ağsaqqal, ağbirçək bilməyən erməni! Sən o kafirliyinin, zülmkarlığının cəzasını mütləq alacaqsan!
Müqəddəs "Quran" kitabındaıı: "Kafirlər cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: "Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq dünyada törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz". Ət- Təhrin ["Qadağan"] surəsi.
MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİ
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni quldurları tərəfindən qətlə yetirilən şəxslərin xəsarətinin təhlili:
"Xocalı hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi müayinədən 181 meyid keçirilmişdir. Həmin meyidlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyidlərdən 13 nəfəri azyaşlı olmuşdur. Xəsarətlərin əmələ gəlmə mexanizminə görə bölünməsi aşağıdakı qaydada olmuşdur:
a) Qəlpə təsirindən - 20
b) Güllə təsirindən - 151
c) Küt alət təsirindən - 10
Xəsarətlər yerləşdiyi nahiyələrə görə aşağıdakı kimi olmuşdur:
a) Baş nahiyəsi - 40
b) Döş qəfəsi - 74
c) Qarın nahiyəsi - 17