Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - şair Mikayıl Müşfiq və dramaturq Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik tərəfindən muzeylərin cari və əsaslı təmiri, ekspozisiyalarının bədii tərtibatı, maddi texniki bazasının gücləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır: “Mədəniyyət Nazirliyinin tabeliyində 43 memorial-xatirə və ev muzeyləri fəaliyyət göstərir. Onlardan 17-si Bakı şəhərində, 26-sı regionlarda yerləşir. Xızı rayonu Mikayıl Müşfiq Muzeyinin 2025-2028-ci illər ərzində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısında yenilənməsi nəzərdə tutulub.
Xızı rayonunda yerləşən Cəfər Cabbarlının ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq”.
Qeyd edək ki, Bakı şəhərindəki Qara Qarayevin ev-muzeyi, Bülbülün Memorial muzeyi, Səməd Vurğunun ev-muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, R. Rzanın ev-muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Əzim Əzimzadənin Mənzil Muzeyi son illərdə təmir olunaraq ekspozisiyası yenilənən muzeylərdəndir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Şuşa şəhərində 2021-ci ildə Bülbülün ev-muzeyi, 2024-cü ildə isə Üzeyir Hacıbəylinin ev-muzeyinin təmir-bərpa işlərindən sonra açılışı baş tutub.
Lamiyə Məmmədova





Son xəbərlər
Son Xəbərlər