Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Şirin Yaşar qızı Məlikova əyinat alıb.
Şirin Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999–2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008–2019-cu illərdə ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.